Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə Bin Zaid Al Nəhəyana təbrik məktubu göndərib. Prezidentin təbrikində deyilir: "Əlahəzrət, Ölkənizin milli bayramı - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərini möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, münasibətlərimizin qorunub saxlanması və hərtərəfli inkişafı üçün bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına sülh və rifah arzulayıram."
* * *
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd Bin Rəşid Al Məktuma təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Əlahəzrət, Milli bayramınız - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, qardaş xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm."
* * *
Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Çummali Saynasona da təbrik məktubu göndərib. Ölkə Prezidentinin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Laos Xalq Demokratik Respublikasının elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və rifah arzulayıram."
* * *
Ölkə Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Trayan Beseskuya təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan ilə Rumıniya arasındakı ikitərəfli münasibətlər müvəffəqiyyətlə inkişaf etməkdədir. Bu yaxınlarda ölkənizə səfərim zamanı imzaladığımız Strateji tərəfdaşlıq haqqında bəyannamə, eləcə də digər mühüm sənədlər əməkdaşlığımız üçün geniş perspektivlər açır. Əminəm ki, həyata keçirmək niyyətində olduğumuz yeni iqtisadi layihələr, xüsusən də neft-qaz sahəsində nəzərdə tutduğumuz birgə işlər ölkələrimizin və xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cancağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm."