Prezident Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında göstərilir ki, külək, günəş, biokütlə və geotermal enerjisinin istehsalı imkanlarının öyrənilməsi və tətbiqi üçün lazımi tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Sənaye və Energetika Nazirliyinə 1 (bir) milyon manat məbləğində vəsait ayrılsın. Bundan başqa, külək enerji ehtiyatlarının, eyni zamanda dağ çaylarının enerji potensialının öyrənilməsi və kiçik su elektrik stansiyalarının geniş tətbiqinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə 1 (bir) milyon manat məbləğində vəsait ayrılsın. Sərəncama əsasən, Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci və 2-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Ölkə Prezidenti eyni zamanda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında, Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında, Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar Müəllim" fəxri adının verilməsi barəsində, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında və Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi barəsində Sərəncamlar imzalayıb.