SOFİYA ŞƏHƏRİNİN BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Sofiya Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Bolqarıstan Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
AZƏRBAYCAN-BOLQARISTAN SƏNƏDLƏRİ İMZALANMIŞDIR
Dünən Sofiyada prezidentlər İlham Əliyevin və Georgi Pırvanovun iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olmuşdur.
"Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Bolqarıstanın iqtisadiyyat, enerji və turizm naziri Trayço Traykov imzaladılar.
"Bolqarıstanın "Bulqartransqaz" Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında təbii qazın nəqli sahəsində qarşılıqlı Anlaşma Memorandumu"nu "Bulqartransqaz"ın icraçı direktoru İvan Drenoviçki və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov imzaladılar.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOVUN GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Dünən Sofiyada, Prezident Administrasiyasında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun görüşü olmuşdur.
Əvvəlcə prezidentlər İlham Əliyev və Georgi Pırvanov rəsmi foto çəkdirdilər.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.
İqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə edildi. Dövlət başçıları Azərbaycan-Bolqarıstan münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirdilər.
Görüşdə, həmçinin regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
PREZİDENTLƏR BİRGƏ NAHAR ETMİŞLƏR
Dünən Sofiyada, Prezident Administrasiyasında mətbuat konfransından sonra Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Georgi Pırvanov birgə nahar etmişlər.
SƏFƏR BAŞA ÇATMIŞDIR
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Sofiya Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Bolqarıstan Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıtmışdır.
Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılamışlar.