Rəsmi qarşılanma mərasimi
Noyabrın 9-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan Sloveniya Respublikasının Prezidenti Danilo Türkün rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sloveniya Prezidenti Danilo Türkü və xanımı Barbara Mikliç Türkü səmimiyyətlə qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Sloveniya Prezidentinə raport verdi. Sloveniyanın və Azərbaycanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Sloveniya Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Danilo Türkə, Sloveniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.
Prezidentlərin təkbətək görüşü
Noyabrın 9-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Sloveniya Respublikasının Prezidenti Danilo Türk və xanımı Barbara Mikliç Türk ilə birgə görüşü olub.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün təkbətək görüşü keçirilib.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulandı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinin qeyd edildiyi görüşdə Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfərinin də ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminlik bildirildi. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı
Prezidentlərin geniş tərkibdə danışıqları olub
Noyabrın 9-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Cənab Prezident!
Mən Sizi Azərbaycanda bir daha salamlayıram. Sizi görməyimə çox şadam. Bu, Sloveniya Prezidentinin ölkəmizə ilk rəsmi səfəridir. Əminəm ki, bu səfər uğurlu olacaqdır. Biz ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəyik və onların daha da inkişaf etdirilməsi yollarını araşdıracağıq. Potensial çox böyükdür və əminəm ki, Azərbaycana səfərinizin praktiki nəticələrini gələcəkdə görəcəyik.
Bu gün bizim ikitərəfli münasibətlər və regional inkişafla bağlı artıq müəyyən müzakirələrimiz oldu. Sabah işgüzar dairələr görüşəcək. Bir sözlə, hesab edirəm ki, səfərinizin əməkdaşlığımızda praktiki nəticələrini görəcəyik. Apardığımız fəal siyasi dialoq gələcəkdə də davam edəcəkdir. Azərbaycanda Sizi bir daha salamlayıram və uğurlu səfər arzulayıram.
Sloveniya Prezidenti Danilo TÜRK səmimi qəbul üçün təşəkkür edərək dedi:
- Çox sağ olun, cənab Prezident. Burada olmağımızdan çox şadam. Şəxsən mən Azərbaycanda olmağımdan çox məmnunam. Hətta, Sloveniya Prezidenti seçildiyim ilk günlərdən Azərbaycana səfər etmək istəyirdim. Nəhayət, çox şadam ki, bu səfər artıq baş tutub.
Cənab Prezident, bildiyiniz kimi, Sloveniya ilə Azərbaycanın yaxın keçmişdəki tarixi oxşar olub. Hər iki ölkə gənc müstəqil dövlətdir. Xalqlarımız çətin siyasi sınaqlardan keçib. Hər iki ölkə daha geniş Avropanın formalaşmasına çalışır. Budəfəki səfərimiz Berlin divarının yıxılması tarixinə təsadüf edir. Həmin tarixi hadisə Avropada böyük dəyişikliklərə səbəb oldu və qarşımızda geniş imkanlar açdı. Təbii ki, bizim münasibətlərimiz müstəqillik dövrü ilə məhdudlaşmır. Biz yaxşı bilirik ki, Azərbaycanın qəhrəman oğulları İkinci Dünya müharibəsi dövründə Sloveniya torpağında faşizmə qarşı mübarizə aparıblar. Biz həmin faktları ölkələrimizin ictimaiyyətinin diqqətinə geniş çatdırmalıyıq. Çünki bu, ortaq tariximizin ən mühüm hissələrindən biridir. Bu cür hadisələr tədqiq edilməli və daimi olaraq öyrənilməlidir. Hesab edirəm ki, biz belə bir bünövrə əsasında münasibətlərimizi daha da inkişaf etdirə bilərik.
Azərbaycan-Sloveniya sənədlərinin imzalanması
Noyabrın 9-da geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün iştirakı ilə Azərbaycan-Sloveniya sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk "Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat"ı imzaladılar. "Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) və Sloveniya Respublikası Minatəmizləmə və Minalardan Zərər Çəkmiş İnsanlara Yardım üzrə Beynəlxalq Etimad Fondu arasında Əməkdaşlıq Memorandumu"nu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin direktoru Nazim İsmayılov və Sloveniya Respublikası Minatəmizləmə və Minalardan Zərər Çəkmiş İnsanlara Yardım üzrə Beynəlxalq Etimad Fondunun direktoru Qoran Qaçnik imzaladılar. "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Sloveniyanın inkişaf və Avropa işləri üzrə naziri Mitya Qaspari imzaladılar.
"Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Sloveniyanın inkişaf və Avropa işləri üzrə naziri Mitya Qaspari imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın inkişaf və Avropa işləri üzrə naziri Mitya Qaspari imzaladılar.
Dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış ediblər
Noyabrın 9-da sənədlərin imzalanması mərasimi başa çatandan sonra prezidentlər İlham Əliyev və Danilo Türk mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:
-Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Xanımlar və cənablar!
Cənab Prezident, Sizi ölkəmizdə bir daha salamlayıram. Sizi görməyimə çox şadam. Bu gün bizim ikitərəfli münasibətlərimizdə çox mühüm bir gündür. Bu, Sloveniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu gün ikitərəfli münasibətlərimizin gələcək inkişafı, regional və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı çox yaxşı müzakirələrimiz baş tutdu. Mən Sizə deyə bilərəm ki, ölkələrimiz arasında əlaqələrin perspektivlərinə dair yaxşı qarşılıqlı anlaşmamız vardır. Bizim çox yaxşı siyasi münasibətlərimiz mövcuddur. Əminəm ki, Sizin, cənab Prezident, ölkəmizə səfəriniz nəticəsində iqtisadi əlaqələrimizi genişləndirəcəyik. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün yaxşı potensial vardır və Sloveniyadan Sizi müşayiət etmək məqsədi ilə gəlmiş iş adamlarının burada olması bizim ikitərəfli iqtisadi münasibətlərə göstərdikləri maraqdan irəli gəlir. Bu, eyni zamanda bizim birgə iqtisadi fəaliyyətimizin potensialını göstərir. Bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, onlar bir-birini dəstəkləyən iqtisadiyyatlardır. İqtisadi sahədə nə qədər çox təmaslarımız olarsa, biz özümüzü bir o qədər yaxşı tanıyacağıq və bu əməkdaşlığın praktiki nəticələrinin şahidi olacağıq. İqtisadi fəaliyyət çərçivəsində bir çox sahələr mövcuddur ki, onlar bizim sərmayələr üçün cəlbedici ola bilər. Eyni zamanda, biz turizm, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, sənaye, energetika və digər sahələrdə sərmayə imkanlarını araşdırdıq. Biz bütün sahələrdə əməkdaşlıq edə bilərik və əminəm ki, bunun yaxşı nəticələrini görəcəyik. Əməkdaşlığımızın mühüm sahələrindən biri, həmçinin energetika sahəsidir və hesab edirik ki, bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər mühüm əhəmiyyət kəsb edir. Çünki biz artıq bir neçə ildir ki, enerji təhlükəsizliyi məsələləri, enerji nəqlinin şaxələndirilməsi sahəsində avropalı tərəfdaşlarımızla işləyirik. Azərbaycan nəhəng neft və qaz yataqlarına və çox müasir nəqletmə infrastrukturuna malik olan ölkə kimi enerji təchizatının şaxələndirilməsində artıq mühüm rol oynayır. Ümidvaram ki, biz gələcək illərdə bu istiqamətdə daha mühüm addımlar atacağıq. Bu həm Avropanın, həm də Azərbaycanın marağındadır. Ona görə enerji amili bizim münasibətlərimizdə çox mühüm önəm daşıyır.
Eyni zamanda, bu gün biz humanitar sahədəki əlaqələrimizi çox geniş şəkildə müzakirə etdik. Xüsusən də, biz mədəni dialoqa toxunduq və ötən cümə günü Lyublyanada mühüm bir beynəlxalq konfransın keçirilməsini bilmək çox maraqlı oldu. Eyni vaxtda, Bakıda da elə bir tədbir keçirilmişdir. Bu tədbir mədəni dialoqa, mədəni mübadiləyə aid olan dini dialoqa və sivilizasiyaların dialoquna həsr olunmuş tədbir idi. Hesab edirik ki, biz belə bir formatda ölkələrimiz arasında bu baxımdan çox möhkəm əlaqələr qura bilərik. Siz Balkan, biz isə Qafqaz regionunda yerləşirik. Bunu nəzərə alaraq, biz xalqların bir-birini yaxşı tanıması və sivilizasiyalararası dialoqun və dinlərarası münasibətlərin praktiki nəticələrini görmək üçün daha yaxşı mühit yarada bilərik. Bu gün müzakirə etdiyimiz məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Ümumiyyətlə, regional hadisələr nəzərdən keçirildi. Təbii ki, dondurulmuş münaqişələr bu proseslərə təsir göstərir. Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. 1994-cü ildən etibarən biz atəşkəs rejimində yaşayırıq. Nə hərb, nə sülh vəziyyətidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub. Ölkəmiz Ermənistanın təcavüzü və işğalından əziyyət çəkir. Bunun nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması nəticəsində ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün vardır. BMT-nin Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Eyni zamanda, BMT-nin Baş Məclisində və digər beynəlxalq təşkilatlarının iclaslarında bu cür qətnamələr qəbul olunub. Lakin bunlara baxmayaraq, əfsuslar olsun ki, münaqişə hələ də həll olunmayıb və işğal davam edir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli regiona sülh gətirə bilər, əməkdaşlıq və təhlükəsizliyi təmin edər. Bu əsas maneə aradan qaldırılmalıdır. Ümidvarıq ki, gələn aylar ərzində biz bu sahədə daha çox irəliləyişin şahidi olacağıq. Ümumiyyətlə, regional vəziyyət də müzakirə olunmuşdur. Regionun inkişafı ilə bağlı bizim baxışlarımız üst-üstə düşür. Avropa İttifaqı ilə region dövlətləri arasında əməkdaşlıq və bu yaxınlarda başlanmış "Şərq tərəfdaşlığı" Proqramı əməkdaşlıq üçün yeni imkanlar açır. Mən, yekun olaraq onu bildirmək istəyirəm ki, biz münasibətlərimizdən və onların inkişafından çox məmnunuq. Ümidvaram ki, cənab Prezidentin səfəri qarşılıqlı əməkdaşlıq üçün çox imkanlar açacaqdır.
X X X
Sloveniya Prezidenti Danilo TÜRK bəyanatla çıxış edərək dedi:
- Çox sağ olun, cənab Prezident! Siz müzakirələrimizi o qədər dəqiq və düzgün şəkildə təsvir etdiniz ki, mən hesab edirəm, bunun üçün heç bir əlavəyə ehtiyac qalmadı. Hesab edirəm ki, münasibətlərimiz keyfiyyəti və potensialı haqqında söylədiyiniz fikirlər tam yerinə düşür. Biz bundan sonra da çalışmalıyıq ki, əlaqələrimiz daha geniş şəkildə inkişaf etsin. Mən sadəcə onu deməliyəm ki, siyasi əlaqələrimiz sayəsində biz bir-birimizi daha yaxşı anlayırıq. Biz bir-birinə oxşar ölkələrik. Bizim mədəniyyətimizdə, adət-ənənələrimizdə də oxşarlıqlar vardır. Təbii ki, eyni zamanda, suverenlik və müstəqillik uğrunda siyasi tariximizdə də oxşarlıqlar mövcuddur və bu da tariximizin vacib hissələridir. Biz bir-birimizi yaxşı tanıyırıq, anlayırıq və çox şadam ki, bu anlaşma əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı çərçivəni təmin edir.
Bu gün məlumat aldıq ki, ötən həftə mədəniyyət sahəsində, ölkələrimizin mədəni həyatında mühüm tədbirlər keçirilib. Sloveniya mədəni irsin qorunmasına xüsusi diqqət yetirir. Bizim kimi ölkələrdə və yerləşdiyimiz regionlarda bu addımları atmalıyıq ki, Avropa Şurasının və Avropa İttifaqının amalları daha lazımi şəkildə tətbiq edilsin. Biz bu regiondakı mədəni irsdən xəbərdar olmalıyıq. Fəaliyyətimizi təkcə bununla məhdudlaşdırmalı deyilik. Biz mədəni irsin qorunması və inkişaf etdirilməsində iştirak etməliyik. Bu, eyni zamanda, sülhün möhkəmləndirilməsinə də xidmət edə bilər. Əminik ki, gələcəkdə bu münasibətlər daha geniş şəkildə inkişaf edəcəkdir.
Avropa İttifaqına gəldikdə, Siz bildiyiniz kimi, Avropa İttifaqı nəinki iqtisadi bir klubdur, iqtisadi məkan və ya sırf iqtisadi sistemdir. Bu təşkilat, eyni zamanda, yeni mədəniyyətin formalaşmasına və mədəni adət-ənənələrinin bu tərzdə təşviq edilməsinə xidmət edən bir təşkilatdır. Ona görə də, bu baxımdan biz qarşımızda duran həmin məqsədlərə doğru getməliyik. Bir çox iqtisadi və praktiki məsələlər var ki, biz bugünkü görüşlərimizdə onları nəzərdən keçirdik və gələcəkdə də bu cür müzakirələr davam edə bilər. Ümid edirik ki, biz artıq vacib əməkdaşlığımızın çərçivəsi üzərində razılığa gəldik. Biz, cənab Prezident, Sizinlə Birgə Bəyanatı imzaladıq. Mən bunu xüsusilə qeyd edirəm ki, bu bəyanat bizim gələcək əməkdaşlığa dair gündəliyimizin konkret mexanizmlərini əks etdirir. Bu gün biz digər mühüm sənədləri imzaladıq. Burada energetika sahəsində, iqtisadi nazirliklərimiz arasında əməkdaşlıq nəzərdə tutulur. Hesab edirik ki, bu, bizim gələcəkdə işlərimizə kifayət dərəcədə yardım edəcəkdir. Siz qeyd etdiyiniz kimi, mən Bakıya böyük biznes nümayəndə heyəti ilə gəlmişəm. Burada, eyni zamanda, biz həm hökumət rəsmiləri, həm də iş adamları ilə təmaslarımızın genişləndirilməsində maraqlıyıq. Əminəm ki, onlar nəinki yeni təmaslar quracaq, o cümlədən gələcək üçün konkret addımlar atacaqlar. Siz burada bir sıra sahələri xatırlatdınız. Fikrimcə, biz həmin sahələrdə çalışa bilərik. Energetika və enerji nəqlinin şaxələndirilməsi sahələri gələcəkdə nəzərə alına bilər. Biz bilirik ki, Azərbaycanda su elektrik stansiyalarının inkişafı gündəlikdədir və bizim bu sahədə yaxşı təcrübəmiz vardır. Bu sahədə işləyən şirkətlərimizin əməkdaşları nümayəndə heyətində təmsil olunub və mənimlə buraya gəliblər. Əminəm ki, onlar faydalı təmaslar quracaqlar və bu istiqamətdə əməkdaşlığı genişləndirəcəklər. Eyni zamanda, telekommunikasiya, informasiya texnologiyaları, əczaçılıq və digər sahələrdə də işbirliyi qurula bilər.
Çıxışımı yekunlaşdırmazdan əvvəl mən, həmçinin onu qeyd etməliyəm ki, Sloveniya Qafqaz regionunu xarakterizə edən həssas məsələləri yaxşı bilir. Qafqaz regionunda təhlükəsizlik məsələləri, eyni zamanda, Avropada təhlükəsizlik və əməkdaşlığa təsir göstərən məsələlərdir. Biz heç də məmnun deyilik ki, dondurulmuş münaqişələr bu cür uzun müddətdə davam edir. Dağlıq Qarabağ demək olar ki, ən uzun çəkən münaqişələrdən biridir və bu illər ərzində biz həll olunma sahəsində istənilən irəliləyişi görmədik. Münaqişənin həlli prinsipləri artıq keçmişdə müəyyən olunub və onlar çox aydındır. Bu prinsiplər ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişənin sülh yolu ilə həll olunma prinsipləridir. Hesab edirik ki, keçmişdə müəyyən irəliləyiş əldə olunub, yəni həll variantının konkret məsələləri müəyyən edilib. İndi bilirik ki, sülh yolu ilə nizamlanma üçün hansı addımların atılması zəruridir. Hazırda güclü siyasi iradəyə ehtiyac duyulur. Mən Bakıda bu tribunadan çıxış edərək demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artıq müəyyən edilmiş prinsiplər əsasında problemin yekun və birmənalı həlli məqsədi ilə ATƏT-in Minsk qrupu və digər iştirakçıların daha güclü səylər göstərməsinə dəstək veririk. Hesab edirəm ki, biz hamımız, Avropa bu nizamlamada maraqlıyıq və bizim hamımız çoxdan gözlənilən daha güclü səylərin olmasını dəstəkləyirik. Cənab Prezident, Siz burada əməkdaşlığımızın bütün sahələrinə toxundunuz. Mən onların bir neçəsinə toxunmaq istərdim. Hesab edirəm ki, bu bizim münasibətlərimizdə yeni mərhələnin başlanğıcıdır. Bu fürsətdən istifadə edərək ictimaiyyət qarşısında bəyan edirəm ki, biz də çox istərdik, Siz yaxın zamanda vaxt tapıb Sloveniyaya səfər edəsiniz. Biz dialoqumuzu davam etdirək və müzakirə etdiyimiz bütün əməkdaşlıq sahələrini inkişaf etdirək.