İsveçrə Prezidenti bu ölkədəki Azərbaycan diasporunun rəhbərinə məktub göndərib
İsveçrə Prezidenti Hans-Rudolf Merts bu ölkədə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovun adına rəsmi məktub göndərib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, məktubda dövlət başçısı bu mərkəzin İsveçrə və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələri genişləndirdiyi, dərinləşdirdiyi üçün, eləcə də, isveçrəlilərə Azərbaycan mədəniyyətini yaxından tanıtdığına, yüksək səviyyədə təbliğ etdiyinə görə təşəkkürünü bildirib və quruma gələcək işlərində uğurlar arzu edib. İsveçrədə Azərbaycan mədəniyyəti günlərinin açılışında səslənən musiqiyə böyük maraq göstərdiyini vurğulayan cənab Hans-Rudolf Merts öz məktubunda əlavə edib ki, bu musiqini eşidən hər kəsdə Azərbaycan mədəniyyətini daha dərindən öyrənmək istəyi oyadır.
Xatırladaq ki, İsveçrənin paytaxtı Berndə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı bu ilin oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı olub. Mərasimdə dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı iştirak ediblər.