PDF Oxu

Siyasət

  • 14

Prezident İlham Əliyev şahmat üzrə Avropa çempionatının qalibi olmuş kişilərdən ibarət Azərbaycan milli komandasının üzvlərini qəbul edib

Prezident İlham Əliyev şahmat üzrə Avropa çempionatının qalibi olmuş kişilərdən ibarət Azərbaycan milli komandasının üzvlərini qəbul edib
Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyada keçirilmiş şahmat üzrə Avropa çempionatının qalibi olan kişilərdən ibarət Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
Şahmatçıları qələbə münasibətilə təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Əziz dostlar, sizi böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan şahmatçıları Avropa çempionatının qalibləridir. Bu, böyük və tarixi qələbədir. Şahmatçılarımız çox istedadlıdırlar, müxtəlif beynəlxalq yarışlarda, turnirlərdə yaxşı nəticələr göstərirlər və FİDE-nin reytinqində də yüksək yerləri tuturlar. Ancaq ilk dəfədir ki, şahmatçılarımız komanda hesabında birinci olublar. Bu, böyük qələbədir, böyük sevincdir. Siz yaxşı bilirsiniz ki, ən güclü şahmat komandaları məhz Avropa ölkələrindədir. Avropada birinci olmaq, əslində, dünya miqyasında birinci olmaq deməkdir. Bu, doğrudan da böyük uğurdur. Sizi bütün bu gözəl hadisələr, qələbələr münasibətilə bir daha ürəkdən təbrik edirəm. Bu qələbə bir daha Azərbaycanın imkanlarını, Azərbaycan xalqının intellektual potensialını göstərir və Azərbaycanın idman sahəsində uğurlarını bir daha təsdiq edir. İdman növlərinin demək olar ki, əksəriyyətində intellektual potensial mühüm rol oynayır. Ancaq şahmat elə bir idman növüdür ki, burada sırf intellekt mübarizəsi gedir. İdmançılarımızın - şahmatçılarımızın belə gözəl çıxışları, belə yüksək nailiyyətləri hamımızı ürəkdən sevindirir. Bir də onu göstərir ki, Azərbaycanın idman potensialı və intellektual potensialı çox yüksək səviyyədədir.
Qadınlardan ibarət komandamız da yaxşı nəticə göstərmişdir, üçüncü-dördüncü yerləri tutmuşdur. Bu da çox yaxşı nəticədir və mən qadınları da bu nəticə münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
Onu da qeyd etmək istəyirəm ki, komandamızın üzvlərinin yaş həddi də çox aşağıdır, gənclərdən ibarətdir. Bu da çox sevindirici haldır. İdmançılarımızın hamısı müstəqillik dövründə böyümüşlər, müstəqillik dövründə oxumuşlar, tərbiyə almışlar. Bu, onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan belə gözəl idmançıları, belə ağıllı insanları yetişdirir. Azərbaycanda şahmat ənənələri həmişə güclü olubdur. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə bütün rayonlarda şahmat məktəbləri tikilmişdi. Bu da şahmatın inkişafına böyük təkan vermişdir. Düzdür, müstəqilliyimizin ilk illərində - 1990-cı, 1991-ci, 1992-ci illərdə o şahmat evlərinin böyük əksəriyyəti dağıldı, bağlandı, bəziləri özəlləşdirildi, satıldı. Yəni əslində, o illərdə Azərbaycanda hər yerdə olduğu kimi, bu sahədə də hərc-mərclik hökm sürürdü və şahmata, əslində, diqqət göstərilmirdi. Ancaq bu gün bütün bölgələrdə şahmat məktəbləri ya bərpa edilir, ya da ki, yenidən tikilir. Mən bölgələrdə tez-tez oluram və bir neçə şahmat evinin açılışında şəxsən iştirak etmişəm. Çox şadam ki, bu gözəl ənənələr bərpa edilir. Belə olan halda, xüsusilə idmançılarımızın belə yüksək nəticələr əldə etmələri ilə əlaqədar, əminəm ki, şahmat məktəblərinə axın daha da sürətlənəcək, uşaqlarımız idmanın bu gözəl növü ilə daha da kütləvi şəkildə məşğul olacaqlar.
Mən bir daha sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm - ilk növbədə idmançıları, şahmatçıları, onların məşqçilərini, federasiya rəhbərliyini. Bu, doğrudan da böyük və tarixi qələbədir, siz bu qələbəyə layiqsiniz. Siz uzun illər bu qələbəyə doğru addımlamısınız və bu qələbə sizin fəaliyyətinizin məntiqi nəticəsidir. Bir daha sizi təbrik edirəm, sizə gələcək uğurlar və qələbələr arzulayıram.
Daha sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman RÜSTƏMOV federasiya adından dövlətimizin başçısına minnətdarlığını bildirdi. O vurğuladı ki, son vaxtlar bütün idman növlərində əldə olunan böyük və mbhtəşəm qələbələrin, nailiyyətlərin əsasında ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu inkişaf strategiyası dayanır. Natiq Azərbaycan şahmatçılarının bu möhtəşəm uğurlarının da aparılan inkişaf siyasəti ilə bağlı olduğunu xatırlatdı.
Komandanın kapitanı Zurab Azmayparaşvili ,komandanın üzvü Vüqar Haşımov çıxış edərək onlara göstərilən qayğıya görə Prezidentə təşəkkürlərini bildirdilər.

Digər xəbərlər