Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində (Tripoli şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında, Azərbaycan Respublikasının Livan Respublikasında (Beyrut şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında, Azərbaycan Respublikasının Estoniya Respublikasında (Tallin şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi barəsində, Azərbaycan Respublikasının Oman Sultanlığında (Maskat şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair, Azərbaycan Respublikasının Serbiya Respublikasında (Belqrad şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında, "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanununa, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının qanununa və "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında, həmçinin "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman və Sərəncamlar imzalayıb.
Ölkə Prezidenti bundan başqa, "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli 886-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Bundan başqa öz səlahiyyətləri daxilində "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin. Prezident İlham Əliyev eyni zamanda Abbasəli Kərəm oğlu Həsənovun Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barəsində, Cavanşir Əşrəf oğlu Axundova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinin verilməsi haqqında və Cavanşir Əşrəf oğlu Axundovun Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barəsində Sərəncamlar imzalayıb.