İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət
Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna gəlib. 2003-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində İsmayıllı rayonunda geniş abadlıq və quruculuq işləri aparılıb. Rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2008-ci ildə 2,9 dəfə artaraq 90 milyon 164 min manata, sənaye məhsulunun həcmi 1,6 dəfə artaraq 20 milyon 306,7 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 2,1 dəfə artaraq 48 milyon 39 min manata çatmış, əsas kapitala yönəldilən investisiyalar 15,6 dəfə artaraq 17 milyon 754,3 min manat, tikinti-quraşdırma işlərinin həcmi 17,3 dəfə artaraq 16 milyon 148,8 min manat təşkil edib.
Əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində görülmüş işlər nəticəsində son 5 ildə rayonun 15 yaşayış məntəqəsinə təbii qaz verilməsi bərpa edilmiş, İsmayıllı şəhərində 680 abonentin qaz təminatı yaxşılaşdırılıb. Rayonda yeni təhsil və səhiyyə obyektləri tikilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzinin açılışı
Oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və mərkəzlə tanış oldu. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov bildirdi ki, mərkəzin tikintisinə 2007-ci ilin yanvarında başlanmış, inşaat işləri 2008-ci ilin mayında başa çatdırılıb. Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə 2009-cu ilin mayından isə bura Heydər Əliyev Mərkəzi adlandırılıb. Mərkəz hər biri 730 kvadratmetr olmaqla, iki mərtəbədən və zirzəmi qatından ibarətdir. Burada şahmat, aviamodelçilik, heykəltəraşlıq, rəssamlıq, "Bacarıqlı əllər" uşaq dərnəkləri fəaliyyət göstərir, xalq sənətinin nümunələrindən ibarət guşə yaradılıb. Birinci mərtəbədə daimi fəaliyyət göstərən sərgi-ekspozisiya zalı, ikinci mərtəbədə Heydər Əliyev irsini araşdırma mərkəzi, elektron kitabxana, kitabxana, kompyuter otaqları, konfrans zalı vardır. Mərkəzdə xarici dil və kompyuter kurslarının təşkili də nəzərdə tutulub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin həyatını, respublikamıza rəhbərlik etdiyi dövrləri, eləcə də İsmayıllı rayonuna səfərlərini əks etdirən sərgi-ekspozisiya zalına, Heydər Əliyev irsini araşdırma mərkəzinə, elektron kitabxanaya, kitabxanaya, kompyuter otaqlarına, konfrans zalına baxdılar.
Heydər Əliyev irsini araşdırma mərkəzində ulu öndərin həyatına dair filmlərin nümayişi üçün iki iri monitor quraşdırılıb. Elektron kitabxanada xüsusi sayt vasitəsilə ümummilli liderin irsi haqqında 29 dildə məlumat almaq mümkündür. Elektron kitabxananın Mirzə Fətəli Axundov adına Milli Kitabxana ilə internet vasitəsilə birbaşa əlaqəsi vardır. Mərkəzin kitabxanasında 5 minədək kitab toplanmışdır. Burada ulu öndərin həyatından bəhs edən ayrıca guşə də vardır. Dövlətimizin başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Mərkəzin ətrafında 4,4 hektar sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Burada ulu öndərin memarı görkəmli heykəltəraş Ömər Eldarov olan qranitdən hazırlanmış 3,2 metr hündürlüyündə abidəsi ucaldılıb. Abidənin postamentinin hündürlüyü 2,2 metrdir.
Ərazidə iki fəvvarə quraşdırılmış, 22 metr hündürlükdə dövlət bayrağı ucaldılmış, dairə seçki komissiyasının, maliyyə idarəsinin, prokurorluğun, əmək və əhalinin sosial müdafiə mərkəzinin yeni inzibati binaları tikilmiş, rayon mədəniyyət evi, mərkəzi kitabxana, uşaq kitabxanası əsaslı təmir edilmişdir. Mərkəzin ətrafındakı əraziyə 22 min 500 kvadratmetr daş plitə döşənmiş, müxtəlif ölçülü və orijinal dizayn ilə fərqlənən 500 fənərdən ibarət müasir işıqlandırma və suvarma sistemləri quraşdırılıb. Ərazidə yaşıllaşdırma işlərində 4 min ağac və gül kollarından, 3 min ədəd çiçəkdən, 12 min kvadratmetr döşəmə qazondan istifadə olunub.
Şəhərin mərkəzindən keçən yola cilalanmamış 4260 kvadratmetr qranit daş döşənib. Mərkəzin arxa tərəfində də müasir istirahət guşəsi yaradılıb. Burada müxtəlif iaşə obyektləri fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzinin ətrafında salınan istirahət kompleksi və buradakı inzibati binalar ümumi ansambl təskil edir və şəhərə xüsusi yarasıq verir.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanışlıq
Oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olublar.
Dövlətimizin başçısına məlumat verildi ki, bu istirahət ocağı ümummilli liderimizin anadan olmasının 75 illiyi ilə əlaqədar 1998-ci ildən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı adlandırılıb.
Parkın ümumi sahəsi 9 hektardır. Cari ilin may ayından parkda abadlıq və yenidənqurma işlərinə başlanılıb. Bu istirahət ocağında hündürlüyü 12,5 metr, eni 19,5 metr olan əzəmətli giriş portalı yaradılıb. Xüsusi kompozit materialdan hazırlanan həmin portalın üzərində "Heydər Əliyev adına park" sözləri həkk olunub. Portalın ətrafı qranit daşla üzlənib.
Parkın girişində - 2 min kvadratmetr sahədə Azərbaycanın milli ornamentlərinə uyğun xüsusi gül çələnglərindən ibarət guşə yaradılıb, 15 min kvadratmetr sahəyə müasir dizaynla daş, 45 min kvadratmetr sahəyə isə qazon döşənib. Parkın ərazisində olan tikililər müasir üslubda əsaslı təmir edilmiş, 500 nəfərlik yeni yay kinoteatrı tikilmiş, tarix-diyarşünaslıq muzeyi, uşaq yaradıcılıq mərkəzi, idman-əyləncə klubu yaradılmışdır. Parkda 16 min kvadratmetr əraziyə daş plitə döşənmiş, 5 hektar sahədə yaşıllıq salınmış, uzunluğu 132 metr, eni 7 metr olan müasir fəvvarə, işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır. Abadlıq və yaşıllaşdırma işlərində Almaniya, İtaliya və Türkiyədən gətirilmiş 10 min ağac və gül kolundan istifadə olunmuşdur.
Parkda 13 dekorativ fiqur, 5 istirahət köşkü quraşdırılıb.
Dövlətimizin başçısı və xanımı uşaq yaradıcılıq mərkəzi ilə tanış oldular. Üçmərtəbəli mərkəzin ümumi sahəsi 3.320 kvadratmetrdir. Uzun müddət fəaliyyətsiz qalan mərkəz tamamilə yenidən qurulub, mebel və digər lazımi avadanlıqla təchiz olunub. Uşaq yaradıcılıq mərkəzində 350 yerlik tamaşa salonu da vardır. Burada uşaqların bilik və bacarıqlarını artırmaları üçün müxtəlif dərnəklər fəaliyyət göstərir.
Parkın ərazisində Azərbaycanda ilk dəfə olaraq 1500 kvadratmetr sahədə yapon mütəxəssisləri tərəfindən "Yapon bağı" salınıb.
Prezident İlham Əliyev və xanımı "Yapon bağı"nı gəzdilər. Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki məlumat verərək dedi ki, "Yapon bağı" yaponiyalı mütəxəssislər tərəfindən salınıb.
Sonra dövlətimizin başçısı və xanımı ümumi sahəsi 360 kvadratmetr olan Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış oldular. Muzeyin tamamilə yenidən qurulmuş binasında iki ekspozisiya zalı və bir konfrans salonu vardır. Ekspozisiya zallarının birində İsmayıllı rayonunda aparılmış arxeoloji qazıntılar zamanı tapılmış məişət əşyaları, sikkələr, Lahıc misgərlərinin əl işləri və s. nümayiş olunur. İkinci ekspozisiya zalında isə xalça-kilim məmulatı saxlanılır. Eskponatların bir qismi bizim eradan əvvəlki dövrə aiddir.
Prezident İlham Əliyev parkda 1100 kvadratmetr sahəsi olan idman-əyləncə klubu ilə də tanış oldu. Burada bilyard və tennis stolları quraşdırılıb. Dövlətimizin başçısı bilyard oynadı.
Azərbaycan Prezidenti mədəniyyət və istirahət parkındakı uşaqlar üçün əyləncə qurğularına da baxdı. Burada müxtəlif tipli 16 əyləncə qurğusu quraşdırılıb. Ərazidə 240 kvadratmetr sahəsi olan diskoteka da inşa olunub. Bu obyektin inşası zamanı kompozit və şüşə materiallardan istifadə olunub. Dövlətimizin başçısı İsmayıllıda həyata keçirilən yenidənqurma işləri ilə bağlı tövsiyələrini verdi.
Akademik Zərifə Əliyeva adına park ismayıllılıların sevimli istirahət məkanlarından biridir
Oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına parkla tanış olublar. Məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən və 1,6 hektar sahəni əhatə edən parkda inşaat işləri yüksək səviyyədə həyata keçirilib. Müasir tələblərə uyğun qurulan və İsmayıllının görkəminə xüsusi yaraşıq verən Zərifə Əliyeva adına parkda sakinlərin mənalı istirahəti üçün hər cür şərait yaradılıb.
İstirahət məkanında milli üslubla müasirlik uzlaşdırılıb. Parkın girişində xüsusi kompozit materiallardan istifadə edilməklə hündürlüyü 12 metr, eni 31 metr olan portal inşa olunub. Portalın üstündə "Zərifə Əliyeva adına park" sözləri yazılıb.
Mərmər üzlüklü fəvvarənin, çarhovuzun inşa edildiyi parkın ərazisində kafe və uşaq meydançası fəaliyyət göstərir.
Əraziyə üzlük daşlar döşənmiş, istirahət ocağında geniş yaşıllaşdırma işləri aparılıb. Parkın mənzərəsi yaddaqalan və ifadəli elementlərdən ibarətdir. Uzunluğu 1,4 kilometr, eni 20 metr olan kanal çay daşı ilə doldurulub. Kanalın 980 metri qala divarı kimi hörülüb.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi.
Parkla üzbəüz milli üslubda Qala divarları inşa olunmuşdur. Qala divarlarının qarşısında 2 min kvadratmetr sahədə yaşıllıq salınmış, 8 min kvadratmetr sahəyə isə müxtəlif növ daşlar döşənmişdir.
Sonra dövlətimizin başçısı və xanımı Qala divarının önündə el sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxdılar. Burada papaqçıların, sərracların, misgərlərin, nalbəndlərin əl işləri nümayiş olunur, qızlar xalça toxuyur, XVIII əsrə aid sac üzərində yuxa bişirilirdi.
Prezident İlham Əliyev aşıqların, Lahıc və Molla İsaqlı, İvanovka kəndlərinin folklor qruplarının Azərbaycan, rus və alban dillərində çıxışlarını və rəqslərini izlədi. Folklor qrupları Azərbaycana, Vətənə, dövlətimizin başçısına aid mahnılar oxudular.
Prezident İlham Əliyev el sənətkarları ilə söhbət etdi. Lahıc kəndindən olan misgərlər dövlətimizin başçısına durna çırağı hədiyyə etdilər.
Dövlətimizin başçısı rayon ağsaqqalları ilə söhbət etdi. Yaşlı nəslin nümayəndələri qeyd etdilər ki, tolerantlıq Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı bir sərvətdir. Tarix boyu Azərbaycanda bütün xalqlar mehriban şəraitdə yaşayıblar. Ölkəmizdə heç vaxt milli, dini zəmində ayrı-seçkilik olmayıb. Azərbaycandakı tolerantlıq bütün dünyaya nümunədir.
Milli azlıqların nümayəndələri bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Talıstan kənd orta məktəbinin şagirdləri "Cavanşir" tamaşasından bir parça nümayiş etdirdilər. Sumağallı kənd orta məktəbinin ləzgi folklor qrupu, uşaq incəsənət məktəbinin şagirdləri də məharətlərini göstərdilər.
Prezident İlham Əliyev İsmayıllı rayonunda da bütün xalqların adət-ənənələrinə bu cür həssaslıqla yanaşmanın dövlət siyasətinin prioritet istiqaməti olduğunu və bu siyasətin davam etdiriləcəyini bildirdi.
Prezident İlham Əliyev İsmayıllıda "Cavanşir Qala" mehmanxanasının tikintisi ilə tanış olub
Oktyabrın 29-da Prezident İlham Əliyev İsmayıllı rayonunda "Cavanşir Qala" beşulduzlu mehmanxana kompleksinin tikintisi ilə tanış olub.
Dövlətimizin başçısını inşaatçılar hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə layihə əsasında məlumat verildi ki, Talıstan kəndi ərazisində yerləşən 40 hektar sahədə "Cavanşir Qala" mehmanxana kompleksinin tikintisinə 2008-ci ildə başlanılıb. Cavanşir qalasının qalıqlarının yaxınlığında yerləşən kompleks 11 mərtəbəli əsas korpusdan ibarətdir. Kompleks 180 adi və lyuks otaq, 500 nəfərlik konfrans mərkəzi, 2 əsas restoran, qapalı və açıq hovuz, idman zalı, vitamin-bar və digər məişət xidmətləri göstərən obyektlərdən ibarət olacaq.
Əsas binanın ümumi tikinti sahəsi 20 min kvadratmetr təşkil edir. Hazırda əsas korpusun 7-ci mərtəbəsi inşa edilir. Layihənin ikinci mərhələsində kotteclər kompleksi, üç və dördmərtəbəli istirahət kompleksləri, idman-sağlamlıq meydançaları, uşaq əyləncə mərkəzləri, açıq teatr, qolf klubu və digər istirahət-xidmət sahələrinin inşası nəzərdə tutulur. Prezident İlham Əliyev kompleksin maketina baxdı.
Dövlətimizin başçısı tikinti işləri ilə bağlı tövsiyələrini verdi, inşaatçılara uğurlar arzuladı.
Prezident İlham Əliyev İsmayıllının İvanovka kəndində olub
Oktyabrın 29-da Prezident İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində İvanovka kəndində olub. Kənd sakinləri dövlətimizin başçısını və xanımını böyük mehribanlıqla, duz-çörəklə qarşıladılar, onlara gül dəstələri təqdim etdilər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev küçəsində ulu öndərin abidəsini ziyarət edərək gül dəstələri qoydular. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İvanovkaya səfərlərini əks etdirən fotoguşə yaradılıb.
Məlumat verildi ki, İvanovka kəndində 2008-ci ildən abadlıq və quruculuq işlərinə başlanılıb. Nikitin adına kolxozun inzibati binası, mədəniyyət sarayının fasadı əsaslı təmir edilmiş, ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. İkinci Dünya müharibəsində İvanovka kəndindən cəbhədə həlak olanların xatirəsinə yaradılmış abidə kompleksi yenidən qurulub. Abidənin ətrafında və mərkəzi küçədə işıqlandırma sistemi quraşdırılıb.
Sonra dövlətimizin başçısı və xanımı kəndin mərkəzində məhsul bayramına toplaşmış sakinlərlə görüşüb söhbət etdilər. Burada İvanovka kəndində istehsal edilən məhsullar nümayiş olunurdu.
Prezident İlham Əliyev Heydər Əliyev adına orta məktəbin şagirdlərinin əl işləri ilə tanış oldu.
Təhsil ocağı kollektivinin üzvləri yeni binaya görə dövlətimizin başçısına minnətdarlıq etdilər. Bağça uşaqları və ibtidai sinif şagirdləri Azərbaycana, Vətənə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər, "Slavyanka" özfəaliyyət kollektivi isə rus xalq mahnılarını və Müslüm Maqomayevin "Azərbaycan" mahnısını oxudular.
Prezident İlham Əliyevə kənd sakini Anna Radayevanın yağlı boya ilə çəkdiyi "Kusok İvanovki" rəsm əsəri hədiyyə edildi.
Dövlətimizin başçısı kənd sakinlərinə uğurlar arzuladı.
Bununla da Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfəri başa çatdı.