PDF Oxu

Siyasət

  • 8

“Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-biri ilə siyasi, iqtisadi və mədəni sahələrdə səmimi faydalı əməkdaşlıq edən ölkələr yoxdur”

“Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-biri ilə siyasi, iqtisadi və mədəni sahələrdə səmimi faydalı əməkdaşlıq edən ölkələr yoxdur”
Oktyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının üzvlərini qəbul edib.
Türkiyə parlamenti nümayəndə heyətinin Azərbaycana səfərinin mühüm əhəmiyyət daşıdığını bildirən dövlətimizin başçısı qeyd edib ki, qarşılıqlı səfərlər bölgədə gedən proseslər haqqında məlumatı ilkin mənbədən almaq və tərəfləri məlumatlandırmaq baxımından çox vacibdir. Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini birinci Türkiyənin tanıdığını xatırladaraq, o dövrdən hər iki dövlətin vahid mövqedən çıxış etdiyini vurğulayıb. "Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-biri ilə siyasi, iqtisadi və mədəni sahələrdə səmimi faydalı əməkdaşlıq edən ölkələr yoxdur", - deyən Prezident İlham Əliyev mədəniyyət sahəsində əlaqələrə toxunmuş, bu yaxınlarda türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşündə bununla bağlı çox mühüm qərarların qəbul edildiyini, o cümlədən TÜRKSOY Fondunun yaradılması barədə Azərbaycanın təşəbbüsünün bəyənildiyini diqqətə çatdırmışdır. Bölgədə Azərbaycanın və Türkiyənin iş birliyi olmadan heç bir təşəbbüsün və layihənin reallaşmadığını vurğulayan dövlətimizin başçısı bildirmişdir ki, bu müsbət meyillər gələcəkdə də davam etdirilməlidir. Çünki bunun həm ölkələrimiz, həm xalqlarımız, həm də bölgə üçün böyük faydası olacaqdır. Prezident İlham Əliyev dünyada hökm sürən böhranın və bölgədə yaşanan hadisələrin bizim daha çox təmasda olmağımız zərurətini ortaya qoyduğunu qeyd edərək deyib ki, biz ikitərəfli münasibətlərə təsir edə biləcək anlaşılmazlıqları bu yolla aradan qaldıra bilərik. Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara toxunan Prezident İlham Əliyev Azərbaycanın digər ölkələrin daxili işlərinə qarışmadığını bildirib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan torpaqlarının bir hissəsi 20 ilə yaxındır Ermənistanın işğalı altındadır. Ermənistan bu torpaqlarda soyqırımı və etnik təmizləmə siyasəti aparmışdır. Odur ki, Azərbaycan ictimaiyyətinin Ermənistanla münasibətlərə həssas yanaşması təbii dəyərləndirilməlidir. Azərbaycanda yaşanan narahatlığın əsas səbəbi isə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə Ermənistanın ağır iqtisadi böhrandan çıxması və danışıqlarda öz mövqelərini sərtləşdirməsi ehtimalıdır. Eyni zamanda, Prezident İlham Əliyev Türkiyənin dövlət və hökumət başçılarının, o cümlədən parlament sədrinin Qarabağ erməni işğalından azad olunmayınca Türkiyə ilə Ermənistan sərhədinin açılmayacağı haqqında verdikləri bəyanatları xatırladıb.
Bundan sonrakı proseslər barədə danışan dövlətimizin başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri xüsusi münasibətlərdir, bu münasibətləri həm Türkiyə, həm də Azərbaycanın hər bir vətəndaşı öz əməli işləri ilə gücləndirməlidir. Azərbaycan Prezidenti bu işdə iki ölkənin parlament nümayəndələrinin təmaslarının vacibliyini vurğulayıb. Təmaslar intensivləşdikcə Türkiyə-Azərbaycan münasibətləri həmişə olduğu kimi inkişaf edəcəkdir. Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Murad Mərcan Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə dayandığını, iki ölkə deputatlarının Avropa Şurası və digər beynəlxalq təşkilatlarda məhsuldar əməkdaşlıq qurduqlarını bildirib.
O, Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi vaxtları xatırladaraq bildirib ki, Türkiyə və Azərbaycan deputatlarının birgə fəaliyyəti həmin vaxtlar Ermənistanın Avropa Şurası tərəfindən işğalçı dövlət kimi tanınmasında mühüm rol oynayıb. Murad Mərcan Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara toxunaraq deyib ki, onun ölkəsi bu məsələdə Azərbaycanın həssaslığını anlayır və Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasından söhbət gedə bilməz. Murad Mərcan Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlığın bundan sonra da möhkəmlənməsinin vacib olduğunu vurğulayaraq, parlamentlərin xarici əlaqələr komissiyalarının ildə iki dəfə görüşməsi təklifini verib.
Türkiyə nümayəndə heyətinin rəhbəri bir müddət əvvəl Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının üzvü, Millətçi Hərəkat Partiyasından olan deputat Dəniz Bölükbaşı da Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə Böyük Millət Məclisinin gündəminə gəlməyəcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev şəxsi salamlarını Türkiyə Prezidentinə, Baş nazirinə, parlament sədrinə və Millətçi Hərəkat Partiyasının sədrinə çatdırmağı nümayəndə heyətinin üzvlərindən xahiş edib. Eyni zamanda, Prezident İlham Əliyev Millətçi Hərəkat Partiyasının tutduğu prinsipial mövqeyə görə, şəxsən minnətdarlığını bildirib.
Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətinə toxunub. Dövlətimizin başçısı bölgədə təhlükəsizlik məsələlərindən danışarkən qeyd edib ki, Ermənistan-Azərbaycan və Türkiyə-Ermənistan münasibətləri öz həllini eyni vaxtda tapmalıdır. Parlamentlərarası əlaqələrdən danışan Prezident İlham Əliyev Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasının əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, qədim Azərbaycan torpağı olan Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü, orada qəbul edilən qərarlar və imzalanan sənədlər türkdilli ölkələr arasında əməkdaşlığın daha da möhkəmlənməsi baxımından böyük önəm daşıyır. Dövlətimizin başçısı bildirib ki, bu zirvə görüşünün mənəvi əhəmiyyəti də vardır. Sammitin gedişində Naxçıvanda hökm sürən ab-havanın ölkələrimiz arasında dostluq və qardaşlığın təzahürü olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, bizi birləşdirən ortaq keçmişimiz, tariximiz, mənşəyimiz, kökümüz və dilimizdir. Azərbaycan Prezidenti parlament nümayəndə heyətlərinin ildə iki dəfə görüşməsi təklifini bəyəndiyini deyərək bildirib ki, bu görüşlər yalnız paytaxtlarda deyil, eyni zamanda, bölgələrdə də keçirilə bilər. Avropa Şurasında Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin əməkdaşlığına toxunan dövlətimizin başçısı həmin qurumun Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində və Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qətnamənin qəbul edilməsində iki ölkə deputatlarının birgə fəaliyyətinin önəmli rol oynadığını diqqətə çatdırıb. Digər beynəlxalq qurumlarda, o cümlədən İslam Konfransı Təşkilatında (İKT) ölkəmizin fəaliyyətinə toxunan Prezident İlham Əliyev bu təşkilatda Azərbaycanın mövqelərinin xeyli dərəcədə gücləndiyini deyib. Bildirib ki, Azərbaycanda İKT-nin mühüm tədbirləri keçirilib. Bu il Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmiş, 2018-ci ildə isə Naxçıvan İslam mədəniyyətinin paytaxtı olacaqdır. Bütün bunlar mühüm hadisələrdir. Prezident İlham Əliyev bir daha ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinin əhəmiyyətinə toxunaraq, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin gələcəkdə də davam etdirilməsinin zəruriliyini qeyd edib.

Digər xəbərlər