Regionların inkişafı sürətlənir
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)" və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Bu, eyni zamanda, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda infrastruktur təminatının yüksəlməsinə təkan verdi, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərdi. Regional Dövlət Proqramı iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynadı.
Regional Dövlət Proqramının icrası, həmçinin ölkə iqtisadiyyatının prioritet sahələrinə investisiyaların yönəldilməsi nəticəsində istehsal və emal müəssisələrinin fəaliyyəti bərpa edilmiş, iqtisadiyyatın balanslaşdırılmış inkişafının sürətləndirilməsi, sahibkarlara verilmiş güzəştli kreditlər yeni müəssisələrin açılmasına şərait yaradıb.
Bu ilin birinci yarısında 2977 yeni yaradılmış müəssisədən 13,3 faizi Aran iqtisadi rayonunda, 5,7 faizi Abşeron iqtisadi rayonunda, 5,2 faizi Gəncə-Qazax, 3,8 faizi Şəki-Zaqatala, 3,3 faizi Lənkəran və digər iqtisadi rayonlarda fəaliyyətə başlayıb. Hesabat dövründə ölkənin vergi orqanlarında qeydiyyatdan keçmiş hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 281 mindən çox fiziki şəxsin 64,7 faizi regionların payına düşüb.
Dövlət Statistika Komitəsi tərəfindən fəaliyyətdə olan idarə, müəssisə və təşkilatlardan, eləcə də fərdi sahibkarlardan toplanmış məlumatlara əsasən 2009-cu ilin yanvar-iyun ayları ərzində ölkədə 36565 yeni, o cümlədən 27887 daimi iş yeri açılıb.
Ötən dövr ərzində yeni açılmış daimi iş yerlərinin 13,3 faizi yeni yaradılmış, 15,2 faizi mövcud, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 70,6 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb.
Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq yeni iş yerlərinin 94 faizi qeyri-dövlət, mütləq əksəriyyəti isə qeyri-neft sektorlarında yaradılmış daimi iş yerlərinin 5,6 faizi tikinti, 4,7 faizi topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, 3,8 faizi emal sənayesi, 1,8 faizi kənd təsərrüfatı, 1,7 faizi nəqliyyat və digər sahələr üzrə açılıb.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi ilə daha möhtəşəm vəzifələrin əldə olunacağına əminliyini bildirən dövlət başçısı İlham Əliyev bu ilin 6 ayının yekunlarına aid müşavirədə ölkə iqtisadiyyatının ümumi vəziyyətini müsbət qiymətləndirib.
Qeyd olunub ki, qlobal iqtisadi böhran şəraitinin davam etməsinə baxmayaraq milli iqtisadiyyat tarazlığını qoruyub. Bu ilin birinci yarısında ÜDM 3,6 faiz artıb, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil edib. Altı ayda 19 faiz təşkil edən əhalinin pul gəlirləri ilə müqayisədə inflyasiyanın 3,7 faiz təşkil etməsi müsbət göstəricidir.
Cari ilin birinci yarısında orta əmək haqqı 15 faiz artmış, ölkə miqyasında 25 mini daimi olmaqla 35 min iş yeri açılıb. Sənaye və kənd təsərrüfatı məhsulları istehsalında artımlar müşahidə olunur. Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatı üçün qəbul olunmuş yeni Dövlət Proqramına uyğun həyata keçirilmiş dövlət siyasəti əhali tərəfindən rəğbətlə qarşılanır. Bu il 3 milyon ton taxıl istehsal olunması, ölkəyə gətirilən ərzaq məhsullarının ixrac səviyyəsinin aşağı salınması iqtisadiyyatın ümumi inkişafı barədə aydın təsəvvür yaradır.
Regionlarda yeni iş yerlərinin yaradılmasında köhnə müəssisələrin yenidən qurulmasının mühüm əhəmiyyəti var. Ümumiyyətlə, ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasəti mühüm adətlərdən biridir. Bu sahədə əsas vəzifə iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi və daha əlverişli investisiya mühitinin təminatı məqsədilə bütün investorlar üçün azad rəqabət mühitinin yaradılmasından və sahədə mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsindən ibarət olacaq.
Qarşıdakı illərdə özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdiriləcək. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü işlər həyata keçiriləcək, müasir istehsal avadanlıqlarının idxalı təşviq ediləcək.
Dövlət investisiya siyasəti regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastruktur obyektlərinin etibarlı istismarının təmin edilməsinə, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin həyata keçirilməsinə yönəldiləcək.