Prezident təbrik məktubları göndərib
Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Zeynulabidin Ben Əliyə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: Hörmətli cənab Prezident, Tunis Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tunis xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm."
* * *
Prezident İlham Əliyev həmçinin Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə də bu ölkənin Milli bayramı - Respublika günü münasibəti ilə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: Hörmətli cənab Prezident, Əziz qardaşım, Milli bayramınız - Respublika günü münasibətilə Sizə və qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Xalqlarımızın iradə və məramının ifadəsi olan dostluq və qardaşlığımız bu gün dövlətlərarası münasibətlərimizin ruhunda bilavasitə öz təcəssümünü tapmışdır. Əminəm ki, tarixin sınaqlarından çıxmış bu böyük sərvətimizi qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq yolunda səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və firavanlıq diləyirəm."