PDF Oxu

Siyasət

  • 6

“Azərbaycan doğru yoldadır”

“Azərbaycan doğru yoldadır”
Dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı öz axarı ilə davam edir, həyatın bütün sahələrində yüksək tərəqqi qeydə alınır. Cari ilin 9 aylıq göstəriciləri də ölkəmizin sürətli inkişaf yolunda olduğunu göstərir. Başqa sözlə, özünün daxili imkanlarına, zəngin neft-qaz sərvətlərinə əsaslanan Azərbaycan Respublikası artıq 15 ildən çoxdur ki, müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda başlıca nüfuz sahibinə çevrilir.
Artıq Azərbaycan özünə güvənən iqtisadi siyasət yeridir. Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu mühüm amilə toxunaraq deyib: "... Biz öz iqtisadi siyasətimizi apararkən, ancaq daxili resurslarımıza əsaslanırıq və bununla bərabər, heç vaxt heç bir müqayisə aparmamışıq. Biz öz səylərimizi daxili məsələlər ətrafında qoyuruq. Belə olan halda, Azərbaycan iqtisadiyyatı istənilən iqtisadi şəraitdə öz imkanlarını ortaya qoyur".
Azərbaycanın sosial-iqtisadi inkişafının davamlı və sabit olması heç də təsadüfi deyil. Çünki təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm iqtisadi baza, ölkəmizin malik olduğu zəngin potensial Azərbaycanın dönməz tərəqqisinə əlverişli şərait yaradıb, ölkə iqtisadiyyatını hər cür böhrana qarşı dayanıqlı edib.
İndi müstəqil iqtisadi siyasətə, beynəlxalq nüfuza malik Azərbaycan Respublikası dünyanın ən yaxşı inkişaf perspektivi olan ölkələrindən birinə çevrilib. Əgər belə olmasaydı, beynəlxalq təşkilatlar Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qəbul etməz, rəqabət qabiliyyətli dünya dövləti kimi tanımazdılar.
Son illər Prezident İlham Əliyev tərəfindən ölkəmizin gələcək davamlı inkişafına yönəldilmiş ümummilli proqramların qəbul edilməsi, ölkə iqtisadiyyatının şaxələndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın makroiqtisadi göstəriciləri bir qədər də yaxşılaşıb, ölkəmizin strateji valyuta ehtiyatları 19 milyard dolları ötüb keçib.
Bütün bu inkişaf və tərəqqi meyilləri cari ilin ötən doqquz ayında da davam edib, sosial-iqtisadi həyatın güzgüsü sayılan ümumi daxili məhsul istehsalı ilə yanaşı, iqtisadiyyatın vacib sahələri olan sənayedə və kənd təsərrüfatında da yüksək artım tempi qeydə alınıb. Ölkənin doqquz aylıq sosial-iqtisadi mənzərəsini əks etdirən statistik rəqəmlər də bunu açıq-aydın təsdiqləyir.
Belə ki, hesabat dövründə Azərbaycanda ümumi daxili məhsul 6,1 faiz, sənaye istehsalı 5 faiz, kənd təsərrüfatı məhsulları isə 3 faiz artıb. Hökumətin iclasında ölkə sənayesi üzrə əldə olunmuş göstəricini yüksək dəyərləndirən dövlət başçısı son illər Azərbaycanda aparılan sənayeləşdirmə siyasətinin uğurlu nəticələr verdiyini söylədi. Bununla belə, Prezident İlham Əliyev bu siyasətin bundan sonra da davam etdiriləcəyini, xarici və yerli investisiyaları cəlb etməklə sənaye sektorunda müxtəlif yeni müəssisələrin yaradılacağını bəyan etdi.
Artıq bir neçə ildir ki, ölkəmizin ayrı-ayrı bölgələrində həyata keçirilən mühüm infrastruktur layihələri, eləcə də dövlət tərəfindən özəl sektora verilən güzəştli kreditlər də sənaye istehsalının artırılmasına təkan verir.
Cari ilin ötən doqquz ayında Azərbaycanın yeni neft strategiyasının uğurları bir qədər də artıb, bu mühüm sahə ölkəmizin inkişafında əvəzedilməz rol oynayıb. Belə ki, hesabat dövründə ölkə üzrə 37 milyon 876 min ton neft hasil edilib ki, bu da nəzərdə tutulduğundan 5 milyon 372 min ton, ötən ilin müvafiq dövründəkindən isə 2 miloyn 964 min ton çoxdur.
Bundan əlavə, yanvar-sentyabr aylarında Azərbaycanda 17 milyard 416 milyon kubmetr qaz hasil edilib. Hasil edilmiş qazın 12 milyard kubmetrdən artığı "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının payına düşür.
2009-cu ilin ötən dövrü iqtisadiyyatın mühüm sahəsi sayılan kənd təsərrüfatı üçün də son dərəcə uğurlu olub. Aqrar sahədə aparılan məqsədyönlü islahatlar kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün münbit şərait yaradır.
Təkcə onu demək kifayətdir ki, dövlət tərəfindən adıçəkilən sahənin inkişafına verilən dəstək, maliyyə yardımı, fermerlərə yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, aqrolizinq xidməti və s. tədbirlər cari ilin doqquz ayında aqrar bölmədə 3 faizlik artımın əldə olunması ilə nəticələnib. Bu da qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atan, iqtisadiyyatın şaxələndirilməsi xəttini götürən bir ölkə üçün yüksək göstəricidir.
Prezident İlham Əliyevin, qeyd etdiyi kimi, böhranlı ildə, qeyri-neft sektorunun inkişafda olduğu bir şəraitdə kənd təsərrüfatı ölkəmiz üçün həm iqtisadi, həm də sosial cəhətdən çox böyük əhəmiyyətə malik bir sahədir.
Sənaye və kənd təsərrüfatı ilə yanaşı, rabitədə 10,4 faiz, nəqliyyatda 5,4 faiz artım baş vermiş, xarici ticarətdə 4,8 milyard dollarlıq müsbət saldo əldə edilib. İlin əvvəlindən ölkədə sabit makroiqtisadi vəziyyət hökm sürüb, istehlak qiymətlərində ciddi artım baş verməyib.
Bütövlükdə isə, ötən doqquz ayda Azərbaycanda cəmi 2,1 faizlik inflyasiya qeydə alınıb ki, bu da qlobal maliyyə böhranının ölkəmizə təsirinin minimum səviyyədə olmasından xəbər verir. 2009-cu ilin ötən dövründə ölkə iqtisadiyyatında əldə olunmuş davamlı inkişaf əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, gəlirlərin və əmək haqqının artırılmasına da müsbət təsir göstərib. Belə ki, hesabat dövründə ölkə üzrə orta aylıq əmək haqqı 15,5 faiz, əhalinin gəlirləri 9,8 faiz, adambaşına düşən gəlirlər 8,4 faiz, pullu xidmətlər isə 12,5 faiz artıb.
Ötən doqquz ayda ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 5,2 milyard manat vəsait yönəldilib ki, bunun da 4,3 milyard manatını daxili investisiyalar təşkil eddir. Yerli investisiyaların isə 2,3 milyard manatı dövlət büdcəsinin vəsaitlərindən ibarət olub.
Prezident İlham Əliyev hökumətin iclasında ilin doqquz ayı ərzində əldə olunmuş uğurların başlıca səbəbini ölkədə yeridilən düzgün siyasətin, aparılan islahatların, sosial siyasətin, infrastruktur layihələrinin məntiqi nəticəsi ilə əlaqələndirdi. Qeyd etdi ki, doqquz ayın sosial-iqtisadi yekunları onu göstərir ki, bizim siyasətimiz Azərbaycan xalqının mənafeyinə xidmət edir.
Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı qazanılmış uğurlarla yanaşı, qarşıda duran vəzifələr, həlli vacib məsələlər haqqında da geniş danışdı. İlin sonunadək nəzərdə tutulmuş məsələlərin təxirə salınmadan həllinin vacibliyini önə çəkən ölkə Prezidenti bütün sosial və infrastruktur layihələrinin icrasının davam etdirilməsinin zəruriliyini vurğuladı.
Xüsusən də, ölkədə özəl sektorun dəstəklənməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunda nəzərdə tutulmuş kreditlərin verilməsi tamamlanmalı, hətta gələn il bu kreditlərin paylanması ilin birinci yarısında başa çatdırılmalıdır. Dövlət başçısı xüsusi olaraq tövsiyə etdi ki, kreditlər düşünülmüş şəkildə, ölkəmiz üçün lazım olan sahələrə verilməlidir ki, iqtisadiyyat çoxşaxəli inkişaf etsin.
Dövlət başçısı bildirdi ki, 2010-cu ildə müxtəlif sahələrdə davam etdirilməsi nəzərdə tutulan islahatlar ölkəmizin iqtisadi vəziyyətini yaxşılaşdırmaqla bərabər, əhalinin sosial məsələlərinin həllinə də imkan yaradacaq. Son illər Azərbaycanın sosial-iqtisadi inkişafına təkan verən infrastruktur layihələrinə gəldikdə isə, ölkə Prezidenti bu cür layihələrin icrasının gələn il də davam etdiriləcəyini bəyan etdi.
Xüsusən də, hazırda icra mərhələsində olan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatdırılmalı, Taxtakörpü su anbarının, Samur-Abşeron su kanalının, Şəmkirçay su anbarının tikintisi sürətləndirilməlidir.
Qeyd etmək lazımdır ki, iqtisadi və sosial baxımdan son dərəcə böyük əhəmiyyətə malik olan bu layihələrin tamamlanması Azərbaycanı daha da gücləndirəcək, suvarılan torpaqlar çoxalacaq, içməli su problemi həll olunacaqdır.
Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərin uğurla həll edildiyini vurğulayan dövlət başçısı qeyd etdi ki, indi ölkəmiz xaricə neft və qazla yanaşı, elektrik enerjisi də ixrac etməyə başlamışdır. Artıq Azərbaycan dünyada getdikcə aktuallıq kəsb edən alternativ enerji mənbələrinə üstünlük verməyi qarşısına məqsəd qoymuşdur.
Son illər ölkəmizdə ekoloji tarazlığın, ətraf mühitin qorunmasına da xüsusi diqqət yetirilir, bu sahədə vacib proqramlar yerinə yetirilir. Gələn il də ölkədə ekoloji tədbirlərin gücləndirilməsi nəzərdə tutulur. Hökumətin məlum iclasında bu vacib məsələyə xüsusi diqqət yetirən Prezident İlham Əliyev bildirdi ki, ilk növbədə, neftlə çirklənmiş ərazilər təmizlənməli, avtomobillər tərəfindən havaya buraxılan zəhərli qazların təsirini minimuma endirmək üçün yanacağın keyfiyyəti müasir standartlara uyğunlaşdırılmalıdır. Bundan əlavə, ölkədə ağacəkmə kampaniyası davam etdirilməli, bu işə hamı cəlb olunmalıdır.
Ekoloji tədbirlərin görülməsinin prioritet xarakter daşıdığını nəzərə alan dövlət başçısı 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan edilməsi təşəbbüsünü irəli sürdü. Hətta "Ekologiya ili"ni yüksək səviyyədə keçirmək üçün tezliklə tədbirlər planı hazırlamağı, xarici maliyyə qurumları ilə əməkdaşlıqda bu amilin nəzərə alınmasını tövsiyə etdi.
Şübhə yoxdur ki, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında qarşıya qoyulmuş vəzifələrin icrası isə, heç şübhəsiz, növbəti illərdə Azərbaycanın sosial-iqtisadi tərəqqisini daha da sürətləndirəcək, ölkə əhalisinin həyat səviyyəsinin bir qədər də yaxşılaşmasına səbəb olacaq.

Digər xəbərlər