PDF Oxu

Siyasət

  • 7

“Biz yalnız özümüzə arxalanırıq”

“Biz yalnız özümüzə arxalanırıq”
Bu ilin 9 ayının yekunlarına görə, ölkəmizdə iqtisadi artım tempi 6,1 faiz təşkil edib. Bu müddətdə qeyri-neft sektoru, eləcə də, aqrar sektorda fəallıq müşahidə olunub. Azərbaycan tarixində ilk dəfə olaraq rekord miqdarda taxıl istehsal olunub. Artım rabitədə 10,4, nəqliyyatda 5,4 faiz olub. Cari ilin doqquz ayında inflyasiya 2,1 faiz olub, strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1 milyard dollar artaraq 19,1 milyard dollara çatıb. Doqquz ay ərzində xarici ticarət dövriyyəsi 12,4 milyard, o cümlədən, ixrac 8,6 milyard, idxal 3,8 milyard dollar təşkil edib, 4,8 milyard dollar həcmində müsbət saldo yaranıb. İnfrastruktur layihələri isə ölkənin mənzərəsini tamamilə dəyişib.
Ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında qeyd olundu ki, ölkəmizdə həyata keçirilən uğurlu inkişaf nəticəsində əhalinin sosial rifah halı yüksəlib, iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun inkişafı uğurla həyata keçirilib.
Ölkə iqtisadiyyatında əldə olunmuş davamlı inkişaf, həm də əhalinin rifahının yaxşılaşmasına, o cümlədən, gəlirlərin və əmək haqqının artmasına öz müsbət təsirini göstərib. Belə ki, doqquz ay ərzində orta aylıq əmək haqqı 15,5 faiz, əhalinin gəlirləri 9,8, adambaşına düşən gəlirlər 8,4, pullu xidmətlər isə 12,5 faiz artıb.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda əldə olunan sosial-iqtisadi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir, belə olmasaydı, 2008-ci ilin yekunlarına görə Dünya Bankı Azərbaycanı "Doing Business" proqramında bir nömrəli islahatçı ölkə kimi tanımazdı. Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci yerdədir, MDB məkanında isə 1-cidir. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır.
Bununla bərabər, yolların, su, qaz və elektrik xətlərinin, elektrik stansiyalarının, su anbarlarının tikintisinə qoyulan bütün bu investisiyalar bir məqsədi güdür ki, Azərbaycan iqtisadiyyatı daha da güclü olsun.
"Biz onsuz da, ancaq özümüzə arxalanırıq. Azərbaycan yeganə ölkələrdən biridir ki, bu böhranlı müddətdə nə hansısa başqa ölkəyə, nə də beynəlxalq maliyyə qurumuna müraciət etməmişdir. Əgər biz ətrafa baxsaq, görərik ki, bəziləri gedib başqa ölkələrdən maliyyə resursları əldə etməyə çalışırlar və bəzi hallarda buna müvəffəq olurlar. Bəziləri isə beynəlxalq maliyyə qurumlarından veriləcək kreditlərin hesabına böhranlı vəziyyətdən çıxmaq istəyirlər. Azərbaycan nadir ölkələrdəndir ki, heç kimə maliyyə yardımı üçün müraciət etməmişdir"-Prezident İlham Əliyev bildirib.
Azərbaycan dövləti və Azərbaycan rəhbərliyi öz siyasətini çox normal şəraitdə aparır. Ona görə, Azərbaycan beynəlxalq müstəvidə öz mövqeyini müdafiə edə bilir. Bu gün Azərbaycan müstəqil siyasət aparır. Azərbaycan xalqı da bu siyasətdən fayda götürür.
Prezident bildirib ki, bu işlərin nəticəsində ucuz elektrik enerjisi istehsal olunacaq: "Biz alternativ enerji mənbələrindən çox səmərəli şəkildə istifadə etməliyik. Biz enerji təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll etdik. Neft hasilatı, qaz hasilatı artıq bizim tələbatımızı ödəyir. Biz xaricə də qaz ixrac edirik. Son illər ərzində tikilən elektrik stansiyaları, modul tipli elektrik stansiyaları və mövcud stansiyalarda yenidənqurma işləri Azərbaycanı elektrik enerjisi ilə tam şəkildə təmin edir.
Bizim su resurslarımızın xəritəsi tərtib edildi. Biz bilirik, enerji resurslarını yaratmaq üçün hansı çaylardan istifadə edəcəyik. Eyni zamanda, tikilməkdə olan su anbarlarından - həm Taxtakörpü, həm Şəmkirçay su anbarlarından da elektrik enerjisi istehsalı üçün istifadə olunacaqdır. Biz dağ çaylarının imkanlarından tam şəkildə istifadə etməliyik və hesab edirəm ki, gələn il praktiki işlər başlanmalıdır. Lap 2-3 meqavat da olsa, biz bunu etməliyik".
Prezident İlham Əliyev qeyd edir ki, bununla bərabər, külək və günəş enerjisinin istehsalı üçün indi əməli işlər görülür, bu istiqamətdə ilkin təcrübə var və bu təcrübə daha da genişləndirilməlidir. "Gələn il bu məqsədlər üçün xüsusi vəsait ayrılacaqdır. Bu yaxınlarda yaradılmış alternativ enerji üzrə agentlik də layihələrini hazırlayıb. Onlar bu yaxınlarda təhlil ediləcəkdir. Mən hesab edirəm ki, yubanmadan - gələn ilin əvvəlindən, bəlkə də bu il müəyyən işləri aparmaq mümkün olacaqdır. Biz bunu başlayaq və bunun böyük faydası olacaqdır. Çünki ilk növbədə, biz təbii resurslarımıza qənaət edəcəyik, az qaz işlədəcəyik. İndi, düzdür, mazut yandırmırıq. Amma əvvəllər mazut yandırırdıq. Az qaz işlətdikcə, onu daha çox ixrac edəcəyik, eyni zamanda, ucuz enerji resursları alacağıq"- ölkə rəhbəri qeyd edib.
Xatırladaq ki, hazırda ölkəmizin valyuta ehtiyatları 19 milyard dollar səviyyəsindədir. Bu ilin doqquz ayında orta əmək haqqı 15 faiz artıb. Bu gün Azərbaycanda orta əmək haqqı 370 dollar səviyyəsindədir. Pensiyalar artır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir və bu gün 150 min ailəyə ünvanlı sosial yardım göstərilir.
Ümumiyyətlə, bu proqram 700 min nəfəri əhatə edir və hər bir ailəyə verilən yardım orta hesabla haradasa, 140 dollar səviyyəsindədir. Bu da ən imkansız insanlara Azərbaycan dövləti tərəfindən praktiki dəstəkdir. Şübhəsiz ki, görülən bütün tədbirlər nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi daha da aşağı düşməlidir. Azərbaycan reallıqları onu göstərir ki, yoxsulların sayı getdikcə aşağı düşür. Bölgələrdə infrastruktur layihələri uğurla davam etdirilir. 2003-cü ildən bu günə qədər Azərbaycanda 824 min yeni iş yerləri açılıb.
"Mən əminəm ki, Azərbaycan 2009-cu ili uğurla başa vuracaqdır. Bu gün səslənən məruzələr və rəqəmlər bir daha onu göstərir ki, 2009-cu ildə Azərbaycan çox uğurla inkişaf etmişdir, 2008-ci ilin sonlarında qarşıya qoyulan bütün vəzifələr icra edilir. Bu, çox vacibdir. Bu, bir daha onu göstərir ki, istənilən şəraitdə Azərbaycan öz planlarını icra etməyə qadirdir"-deyən Prezident vurğulayıb ki, cari ilin uğurla başa vurulmasına şübhə yoxdur.

Digər xəbərlər