PDF Oxu

Siyasət

  • 9

9 AYDA ÜDM 6,1 FAİZ ARTIB

9 AYDA ÜDM 6,1 FAİZ ARTIB
Dünyada hökm sürən maliyyə və iqtisadi böhran bir çox ölkələri çətin duruma salıb. Dünyanın inkişaf etmiş dövlətlərinin əksəriyyətində iqtisadi tənəzzül müşahidə edilir. Azərbaycan iqtisadiyyatı isə bu müddətdə öz inkişafını davam etdirmişdir. Cari ilin doqquz ayında ümumi daxili məhsul istehsalı 6,1 faiz artmışdır. Bu fakt onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir, hansısa bir sektorun inkişafından asılı deyil.
Ən önəmlisi də odur ki, iqtisadiyyat inkişaf etdirilməklə yanaşı, əhalinin sosial problemləri də sürətlə aradan qaldırılır. Sevindirici haldır ki, Azərbaycanda makroiqtisadi durum sabitdir. Doqquz ayda inflyasiya cəmi 2,1 faiz təşkil edib. Bu, onu göstərir ki, ölkədə istehlak qiymətləri sabitdir və belə olan halda, böhranın insanların həyatına təsiri minimum səviyyədədir.
Böhranlı dünyada yaşadığımıza görə, müqayisə aparılanda görürük ki, bölgədə yerləşən ölkələrdə həm iqtisadiyyat, həm milli valyutanın məzənnəsi aşağı düşür, milli valyuta dəyərini itirir, eyni zamanda, inflyasiya qalxır. Azərbaycanda isə tam əksinədir- iqtisadiyyat artır, manat sabitdir, inflyasiya isə çox aşağı səviyyədədir.
Dövlət başçısı Nazirlər Kabinetinin iclasında qeyd etdi ki, bu siyasət ölkə üçün lazımdır, onu da edirik. "Biz əlbəttə ki, beynəlxalq maliyyə qurumları ilə də yaxşı əməkdaşlıq edirik və məsləhətləşmələr aparılır, ancaq öz bildiyimizi edirik. Çünki tam əminik ki, bizim siyasətimiz Azərbaycan xalqının mənafeyinə xidmət edir və bunun ən gözəl göstəriciləri də doqquz ayın sosial-iqtisadi yekunlarıdır".
Azərbaycanın böyük təbii resursları- neft-qaz resurslarımız var. Ancaq son bir il ərzində neftin qiyməti 140 dollardan 37 dollara düşmüşdü. Dövlət büdcəsində bu il neftin qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulmuşdu. Ancaq indi neftin qiyməti 80 dollara yaxınlaşıb, onun ətrafındadır.
Hökumət neftdən gələn gəlirləri vaxtlı-vaxtında insan kapitalına, infrastruktur layihələrinə yönəldir. Bu vəsaitlər sahibkarlığın inkişafına, kreditlərin verilməsinə, infrastruktura və texnikanın alınmasına yönəldilir. Ona görə də, ölkə iqtisadiyyatının neft amilindən asılılığı artıq böyük dərəcədə aşağı enib.
Bu gün Azərbaycanın valyuta ehtiyatları 19 milyard dollar səviyyəsindədir və bu sahədə də gözəl inkişaf, artım var. Bu da ölkə üçün çox böyük bir maliyyə qarantıdır.
Ölkədə bütün sosial proqramlar icra edilir. Bu ilin doqquz ayında orta əmək haqqı 15 faiz artıb. Bu gün Azərbaycanda orta əmək haqqı 370 dollar səviyyəsindədir. Pensiyalar artır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir və hazırda 150 min ailəyə ünvanlı sosial yardım göstərilir.
Ümumiyyətlə, bu proqram 700 min nəfəri əhatə edir və hər bir ailəyə verilən yardım orta hesabla, haradasa, 140 dollar səviyyəsindədir. Bu da ən imkansız insanlara Azərbaycan dövləti tərəfindən praktiki dəstəkdir. Azərbaycan reallıqları onu göstərir ki, yoxsulların sayı getdikcə aşağı düşür.
Bölgələrdə infrastruktur layihələri uğurla davam etdirilir. 2003-cü ildən bu günə qədər Azərbaycanda 800 min yeni iş yerləri açılıb. Bu da bölgələrin inkişafı və regionlarda iş yerlərinin, yeni müəssisələrin yaradılması üçün də çox vacib amildir. Prezident İlham Əliyev qeyd edir ki, gələn il və ondan sonrakı illərdə də bölgələrdəki mövcud problemlərin həlli üçün böyük işlər görüləcək. Gələn ilin dövlət büdcəsində bütün bu məsələlər öz əksini tapıb.
Doqquz ayın yekunları ilə bağlı maraqlı məqamlardan biri odur ki, əhalinin gəlirlərinin, həyat səviyyəsinin, istehlakın strukturunun və keyfiyyətinin artması ilə əlaqədar minimum istehlak səbətinin tərkibinə yenidən baxılıb və ona daxil olan ərzaq məhsullarının tərkibinin adambaşına enerji miqdarı 2420 kilokaloriyə çatdırılıb ki, bu da MDB məkanında ən yüksək göstəricilərdən biridir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə yaranmış siyasi sabitlik və dinamik iqtisadi yüksəliş təhsil sahəsinə əlverişli şərait yaradıb. Bu sahəyə ayrılan vəsait 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 1,3 milyard manata çatıb, investisiya qoyuluşları isə 5,8 milyon manatdan 220 milyon manata yüksəlib.
Artıq gələn ilin dövlət büdcəsi hazırlanıb, bu yaxınlarda Milli Məclis tərəfindən müzakirə olunacaq. Ekspertlərə görə, dövlət büdcəsi balanslaşdırılmış əsasda tərtib edilib. Neftin bir barrelinin qiyməti 45 dollar hesablanıb. Hətta neftin barreli 45 dollar olmaqla belə, Azərbaycanın qarşısında duran bütün sosial, iqtisadi və infrastruktur layihələrini icra etmək üçün imkanlar vardır.
Əgər neftin qiyməti bundan artıq olsa, əlbəttə ki, Azərbaycan bundan ancaq fayda götürəcək, valyuta resursları daha da çoxalacaq. Azərbaycanın valyuta ehtiyatlarının gələn il daha çox artacağı gözlənilir.
Prezident bildirir ki, "biz elə etməliyik ki, həm Dövlət Neft Fondunda cəmləşən vəsait, Mərkəzi Bankın ehtiyatları və Maliyyə Nazirliyinin resursları artsın. Bu gün əgər bizim valyuta ehtiyatlarımız 19 milyarddırsa, gələcəkdə bu, daha da artmalıdır. Biz bunu 50 milyarda da, ondan böyük rəqəmə də çatdırmalıyıq ki, gələcəkdə bu vəsaitin idarə olunmasından əldə ediləcək gəlirlər sosial məsələlərin həllinə xidmət göstərsin. Böyük məbləğ yaradılmalıdır ki, idarəolunmadan əldə olunacaq faizdən biz dövlət büdcəsinin yükünü daha da azaltmaq üçün istifadə edək".
Beləliklə, gələn il müxtəlif sahələrdə islahatların davam etdirilməsi gözlənilir. Bu islahatlar həm ölkənin iqtisadi durumunu yaxşılaşdıracaq, eyni zamanda, əhalinin sosial məsələlərinin həllinə də xidmət göstərəcək. Azərbaycanda aparılan iqtisadi siyasətin xüsusiyyəti ondan ibarətdir ki, insanlar bu islahatlardan əziyyət çəkməsinlər.
Sirr deyil ki, keçid dövrünü yaşayan ölkələrdə, adətən, ciddi islahatlar insanların müflisləşməsinə gətirib çıxarır. Ancaq Azərbaycanda ciddi sosial siyasət aparılır, bazar iqtisadiyyatı prinsipləri tam tətbiq edilir və Azərbaycan büdcəsi də, bax, bu siyasətin təzahürüdür.
Qeyd edək ki, gələnilki büdcə həm sosial yönümlüdür, həm investisiya yönümlüdür, həm də vacib infrastruktur layihələrinin icrası nəzərdə tutulur. İnvestisiya xərcləri, haradasa, 5 milyard dollar ətrafında olacaq, eyni zamanda, bütün sosial proqramlar, ünvanlı sosial yardım, əmək haqları, pensiyalar, digər müavinətlər nəzərdə tutulur və o yardımların səviyyəsi tədricən artırılır.

Digər xəbərlər