PDF Oxu

Siyasət

  • 15

“Azərbaycan 2009-cu ili uğurla başa vuracaq”

“Azərbaycan 2009-cu ili uğurla başa vuracaq”
"9 ayın yekunları göstərir ki, 2009-cu ildə Azərbaycan çox uğurla inkişaf etmişdir, 2008-ci ilin sonlarında qarşıya qoyulan bütün vəzifələr icra edilir. Bu, bir daha onu göstərir ki, istənilən şəraitdə Azərbaycan öz planlarını icra etməyə qadirdir. Əminəm ki, 2009-cu ilin yekunları da çox müsbət olacaqdır. Makroiqtisadi sabitlik qorunub saxlanılacaqdır. Çalışmalıyıq ki, 2010-cu ildə də makroiqtisadi sabitliyin qorunması üçün praktiki işləri davam etdirək"- cari ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı bildirib ki, 2003-2008-ci illərdə ölkənin uğurlu inkişafı gözəl bir zəmin yaratdı. Prezidentin sözlərinə görə, o illərdə iqtisadiyyat 2,6 dəfə artıb və bu artım həyatımızın bütün sahələrində özünü göstərib: "2009-cu il böhranlı il olduğuna görə, əlbəttə ki, ümumi daxili məhsulun 6,1 faiz səviyyəsində artımı bizi çox sevindirir. Bu barədə mən öz fikirlərimi bildirdim və hesab edirəm ki, ilin sonuna qədər indiyədək həll olunmamış məsələlər də həll olunmalıdır, bütün sosial və infrastruktur layhələrinin icrası davam etdirilməlidir. İnflyasiyanın aşağı səviyyədə olması çox gözəl göstəricidir. Nəzərə alsaq ki, əvvəlki illərdə Azərbaycanda inflyasiyanın həcmi bizi müəyyən dərəcədə narahat edirdi, bu, çox sürətlə artırdı. Amma bu il inflyasiya çox yaxşı səviyyədədir".
 Ölkə rəhbəri bildirib ki, Sahibkarlığa Kömək Milli Fondunda nəzərdə tutulmuş kreditlərin verilməsi ilin sonuna qədər davam etdirilməlidir: "Mən hesab edirəm ki, 2010-cu ildə bu kreditlərin verilməsi ilin birinci yarısında baş tutmalıdır. Biz onu ilin sonuna saxlamamalıyıq. Çünki artıq ilin sonuna az vaxt qalıb. Ancaq o da həqiqətdir ki, bu kreditlər çox düşünülmüş şəkildə verilməlidir. Bu kreditlər ölkəmiz üçün lazım olan sahələrə verilməlidir ki, iqtisadiyyat çoxşaxəli şəkildə inkişaf etsin. Mən çox şadam ki, göstərişlərim İqtisadi İnkişaf Nazirliyi tərəfindən çox operativ qaydada icra olunur".
Keçən müşavirədə qarşıya qoyulan vəzifələrə toxunan Prezident deyib ki, tezliklə elevatorların, taxıl anbarlarının, soyuducu kameraların tikintisi üçün lazımi tədbirlər görülməlidir: "Bu məsələlər qısa müddət ərzində öz həllini tapdı. Bu infrastruktur layihələri müxtəlif bölgələrdə  uğurla icra edilir. Tam əminəm ki, gələn il və ondan sonrakı illərdə biz, bax, bu il görülən işlərin bəhrəsini görəcəyik. Çünki bu, fermerlərin məhsulunun saxlanması üçün çox yaxşı şərait yaradır, eyni zamanda, istehlak qiymətlərinin qalxmasına imkan vermir. Çalışmalıyıq ki, 2010-cu ildə də bu istiqamətə diqqətimizi yönəldək. Əlbəttə ki, kreditlər başqa sahələrə də veriləcəkdir". 
Prezident qeyd edib ki, artıq gələn il bu kreditlərin böyük hissəsi əvvəllər verilmiş kreditlərin hesabına başa gələcəkdir. "Bu, onu göstərir ki, sahibkarlar kreditlərə çox böyük məsuliyyətlə yanaşırlar. Digər tərəfdən, onu göstərir ki, bu kreditlərin verilməsi prosesi də çox düzgün aparılmışdır. Yəni, bu sahədə batmış kreditlər yoxdur və bu, çox sevindiricidir. Yəni bu onu göstərir ki, seçmə prosesi düzgün aparılmışdır və bu kreditlər çox məsuliyyətli iş adamlarına verildi. Artıq qaytarılan və qaytarılacaq məbləğin hesabına gələn il sahibkarların fəaliyyəti üçün çox gözəl şərait yaradılacaqdır. Nəzərə alsaq ki, bu kreditlər artıq uzun illərdir ki, verilir, hər il əvvəlki illərdə verilən kreditlərin qaytarılması hesabına biz əlavə vəsait əldə edəcəyik. Beləliklə, dövlət büdcəsinə olan yük daha da azalacaqdır"- İlham Əliyev bildirib.
 Beləliklə, iqtisadi islahatların bu istiqaməti özünü təsdiq edib. Bu onu göstərir ki, bu istiqamətdə verilmiş qərarlar düzgün olub. Bu kreditləşmə, güzəştli şərtlərlə kreditlərin verilməsi sahibkarlığın inkişafına çox böyük imkanlar yaradıb. Bu gün Azərbaycanın ümumi daxili məhsulunda özəl sektorun payı 85 faiz təşkil edir. Bu, onu göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə tətbiq olunur və güclənir. Aparılan islahatlar təkcə kreditlərin verilməsi, yaxud da ki, kənd təsərrüfatı texnikasının alınması ilə məhdudlaşmır, eyni zamanda, institusional xarakter daşıyır.
İlham Əliyev qeyd edib ki, hazırda təşkilatlarla məsləhətləşmələr aparılır, bunda məqsəd odur ki, Azərbaycanda bizneslə məşğul olmaq üçün ən gözəl şərait yaradılsın: "Bizim apardığımız işlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir və belə olmasaydı, 2008-ci ilin yekunlarına görə Dünya Bankı Azərbaycanı "Doing Business" proqramında bir nömrəli islahatçı ölkə kimi tanımazdı".
Qeyd edilməlidir ki, Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci yerdədir, MDB məkanında isə 1-cidir. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bu uğurların əsas səbəbi aparılan islahatlar, düşünülmüş siyasət və atılan düzgün addımlar olub. Bu gün Azərbaycan öz imkanlarından istifadə edib çox güclü və dayanıqlı iqtisadiyyat qurur. Nəzərə almalıyıq ki, bizdə islahatlar cəmi 10-15 il bundan öncə aparılmağa başlanıb.
Müşavirədə vurğulanıb ki, gələn il sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görülməlidir, islahatlar davam etdirilməlidir. Azərbaycanda Dövlət İnvestisiya Şirkətinin fəaliyyətinə böyük əhəmiyyət verilir. Nəinki Azərbaycanda, başqa ölkələrdə də Dövlət İnvestisiya Şirkətinə marağın artdığı müşahidə olunur. Bu şirkət artıq özünü dünyaya təqdim edə bilib və əsas funksiyalarını yerinə yetirir.
Prezidentin fikrincə, Azərbaycana daha çox lazım olan investisiyalar qeyri-neft sektoruna olan investisiyalardır. Ölkə rəhbərinin sözlərinə görə, neftin qiyməti yüksək olsa, Azərbaycan bundan ancaq fayda götürəcək, ölkənin valyuta resursları daha da çoxalacaq. "Amma hətta bir barreli 45 dollar olmaqla biz hesab edirik ki, Azərbaycanın valyuta ehtiyatları gələn il artmalıdır. Elə etməliyik ki, həm Dövlət Neft Fondunda cəmləşən vəsait, Mərkəzi Bankın ehtiyatları və Maliyyə Nazirliyinin resursları artsın. Bu gün əgər bizim valyuta ehtiyatlarımız 19 milyarddırsa, gələcəkdə daha da artmalıdır. Biz bunu 50 milyarda da, ondan böyük rəqəmə də çatdırmalıyıq ki, gələcəkdə bu vəsaitin idarə olunmasından əldə ediləcək gəlirlər sosial məsələlərin həllinə xidmət göstərsin. Böyük məbləğ yaradılmalıdır ki, idarəolunmadan əldə olunacaq faizdən biz dövlət büdcəsinin yükünü daha da azaltmaq üçün istifadə edək".
Gələn il müxtəlif sahələrdə islahatların davam etdirilməsi gözlənilir. Bu islahatlar isə təbii olaraq bizim iqtisadi durumumuzu yaxşılaşdıracaq, eyni zamanda, əhalinin sosial məsələlərinin həllinə də xidmət göstərəcək. "Apardığımız iqtisadi siyasətin xüsusiyyəti ondan ibarətdir ki, hətta ən ciddi islahatları biz elə aparırıq ki, insanlar bu islahatlardan əziyyət çəkməsinlər. Çünki sirr deyil ki, keçid dövrünü yaşayan ölkələrdə, adətən, ciddi islahatlar insanların müflisləşməsinə gətirib çıxarır. Ancaq Azərbaycanda ciddi sosial siyasət aparılır, bazar iqtisadiyyatı prinsipləri tam tətbiq edilir və Azərbaycan büdcəsi də, bax, bu siyasətin təzahürüdür. Büdcə həm sosial yönümlüdür, həm investisiya yönümlüdür, həm də vacib infrastruktur layihələrinin icrası nəzərdə tutulur. İnvestisiya xərclərimiz haradasa 5 milyard dollar ətrafında nəzərdə tutulur".
Prezident qeyd edib ki, bütün sosial proqramlar, ünvanlı sosial yardım, əmək haqları, pensiyalar, digər müavinətlər nəzərdə tutulur və o yardımların səviyyəsi tədricən artırılır.  "İnfrastruktur layihələrinə gəldikdə, deyə bilərəm ki, son illər ərzində bu sahəyə qoyulan vəsait özünü doğrultdu. Mən artıq bu barədə öz fikirlərimi bildirdim. Əgər bu infrastruktur layihələrini biz icra etməsəydik, bu gün regional inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. Bu infrastruktur sosial obyektlərin tikintisinə yönəldilibdir, son illər ərzində 1800-ə qədər məktəb tikilibdir, yüzlərlə tibb məntəqələri, tibb ocaqları, xəstəxanalar tikilibdir. Bu proses davam etdirilməlidir və gələn ilin büdcəsində bu məsələlər üçün vəsait nəzərdə tutulur".
Azərbaycanın ancaq özünə arxalandığını qeyd edən dövlət başçısı vurğulayıb ki, Azərbaycan yeganə ölkələrdən biridir ki, bu böhranlı müddətdə nə hansısa başqa ölkəyə, nə də beynəlxalq maliyyə qurumuna müraciət etməyib. "Əgər biz ətrafa baxsaq, görərik ki, bəziləri gedib başqa ölkələrdən maliyyə resursları əldə etməyə çalışırlar və bəzi hallarda buna nail olurlar. Bəziləri isə beynəlxalq maliyyə qurumlarından veriləcək kreditlərin hesabına böhranlı vəziyyətdən çıxmaq istəyirlər. Azərbaycan nadir ölkələrdəndir ki, heç kimə maliyyə yardımı üçün müraciət etməmişdir".
Bununla belə İlham Əliyev bildirib ki, ucuz kreditlərin Azərbaycan iqtisadiyyatına gətirilməsi də, əlbəttə ki, bizim marağımızdadır. Ancaq o da, həqiqətdir ki, biz öz hesabımıza yaşayırıq. Ona görə, Azərbaycan dövləti və Azərbaycan rəhbərliyi öz siyasətini çox normal şəraitdə aparır. Ona görə, Azərbaycan beynəlxalq müstəvidə öz mövqeyini müdafiə edə bilir. Ona görə, Azərbaycan müstəqil siyasət aparır. Ona görə, Azərbaycan xalqı bu siyasətdən fayda götürür.
Ölkənin energetika sisteminin hərtərəfli inkişafının vacibliyini qeyd edən dövlət başçısı bildirib ki, alternativ enerji mənbələrindən çox səmərəli şəkildə istifadə edilməlidir. "Biz enerji təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll etdik. Neft hasilatı, qaz hasilatı artıq bizim tələbatımızı ödəyir. Biz xaricə də qaz ixrac edirik. Son illər ərzində tikilən elektrik stansiyaları, modul tipli elektrik stansiyaları və mövcud stansiyalarda yenidənqurma işləri Azərbaycanı elektrik enerjisi ilə tam şəkildə təmin edir. Burada qeyd olunduğu kimi, Azərbaycan hətta müxtəlif ölkələrə - həm Rusiyaya, həm İrana, həm də Türkiyəyə elektrik enerjisini ixrac edir. Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac edilir. Bundan sonra biz alternativ enerji mənbələrinə daha çox üstünlük verməliyik".
"Mən əminəm ki, Azərbaycan 2009-cu ili uğurla başa vuracaqdır.  Bu gün səslənən məruzələr və rəqəmlər bir daha onu göstərir ki, 2009-cu ildə Azərbaycan çox uğurla inkişaf etmişdir, 2008-ci ilin sonlarında qarşıya qoyulan bütün vəzifələr icra edilir. Bu, çox vacibdir. Bu, bir daha onu göstərir ki, istənilən şəraitdə Azərbaycan öz planlarını icra etməyə qadirdir"-deyən Prezident vurğulayıb ki, cari ilin uğurla başa vurulmasına şübhə yoxdur.

Digər xəbərlər