PDF Oxu

Siyasət

  • 19

“Azərbaycan Ordusu regionda ən güclü ordudur”

“Azərbaycan Ordusu regionda ən güclü ordudur”
"Azərbaycan Ordusu bu regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da artırmalıyıq. Çünki dediyim kimi, biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və Ermənistan-Azərbaycan danışıqları əfsuslar olsun, hələ ki, heç bir nəticə vermir. Bunun da yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir"- bu sözləri Nazirlər Kabinetinin cari ilin 9 ayın yekunlarına həsr olunmuş iclasında çıxış edən dövlət başçısı deyib.
Ali Baş Komandanın sözlərinə görə, Ermənistan tərəfi danışıqlar prosesində indi vaxt uzatmaq taktikasını tətbiq edir. "Bu, yenilik deyildir. Danışıqların müxtəlif mərhələlərində biz bunu görmüşük. Müəyyən həlledici məqamlarda onlar daha əvvəl razılaşdırılmış məsələləri bir daha müzakirəyə çıxarmaq istəyirlər. Bu, əvvəllər də olub, əfsuslar ki, biz bunu bu mərhələdə də görürük.
Bəzi hallarda həm biz, həm də məsələ ilə məşğul olan vasitəçilər bunu çox böyük təəccüblə qarşılayırıq ki, 1 il, ya 3 il bundan öncə razılaşdırılmış məsələ yenidən, elə bil ki, yeni bir mövzu kimi ortalığa atılır. Bunun yeganə izahı ola bilər. O da qəsdən vaxtı uzatmaq. Çünki Ermənistan tərəfi praktiki addımlar atmalıdır".
Prezidentin sözlərinə görə, bu addımlar da ondan ibarətdir ki, Ermənistan bütün qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından, Dağlıq Qarabağın ətrafında yerləşən torpaqlardan çıxarmalıdır. "Bu, artıq uzun illərdir ki, razılaşdırılmış məsələdir. Bu məsələdə heç bir başqa fikir ola bilməz. Yenidən bu məsələyə qayıtmağın və razılaşdırılmış digər məsələlərə yenidən qayıtmağın yeganə izahını biz bunda görürük: həlledici məqamlarda vaxtı süni şəkildə uzatmaq və əslində, danışıqlar prosesinə zərbə vurmaq. Biz isə öz prinsipial mövqeyimizdən geri dönməyəcəyik".
Prezident bildirib ki, danışıqlar prosesində əldə edilmiş bütün nailiyyətlər, bir tərəfdən, gələcək proses üçün gözəl, yaxşı bir əsasdır. Digər tərəfdən, münaqişənin ərazi bütövlüyü prinsipləri çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsi danışıqlar prosesində və razılaşdırılmış məsələlərdə öz əksini tapıb.
"Danışıqlar prosesində və müzakirə olunan məsələlərdə Dağlıq Qarabağa nə vaxtsa, lap 100 ildən sonra müstəqilliyin verilməsi ümumiyyətlə müzakirə olunmur və bu, heç vaxt olmayacaqdır. Ona görə biz çalışırıq ki, məsələ beynəlxalq birlik tərəfindən tanınmış norma və prinsiplər əsasında tezliklə həll olunsun. O da ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Bu da danışıqlar prosesində öz əksini tapan bir məsələdir".
Bu prosesin sonrakı mərhələsinə toxunan İlham Əliyev deyib ki, sülhməramlı qüvvələr tərəfindən sülhməramlı missiya həyata keçiriləcəkdir. "Biz buna etiraz etmirik. Dağlıq Qarabağa müvəqqəti status verilə bilər. Ancaq bu, müstəqillik demək deyildir və gələcək danışıqlar prosesində iki tərəf- Ermənistan və Azərbaycan Dağlıq Qarabağın gələcək statusu haqqında müzakirələri davam etdirəcəklər. Bax, budur əsas prinsiplər. Onların ətrafında indi danışıqlar aparılır və ümid edirəm ki, Ermənistan tərəfi danışıqlarda konstruktivlik göstərib tezliklə məsələnin həlli üçün lazımi addımları atacaqdır"-dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan Televiziyasına müsahibəsində də bu məsələ ilə bağlı fikirlərini bildirmişdi. "Bölgədə status-kvonun dəyişməsini ən çox istəyən ölkə Azərbaycandır. Çünki bu status-kvo bizim torpaqlarımızı 20 ilə yaxındır ki, işğal altında saxlayır. Ancaq bu status-kvo mənfi tərəfə yox, müsbət tərəfə dəyişməlidir. Əgər status-kvo Azərbaycanın maraqları hesabına dəyişəcəksə, biz buna imkan verməyəcəyik. Birinci məsələ həll olunmalıdır- Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana bilər və Azərbaycan o təqdirdə bu işlərdə fəal iştirak edəcəkdir. Hələ ki, Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapmayıb. Əgər kimsə bunu dondurmaq istəyirsə, kimsə bu məsələni arxa plana qoyub başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq".
Prezident İlham Əliyev öz mövqeyini bir daha bəyan edib: "Bunu hamı bilsin: Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəkdir".

Digər xəbərlər