PDF Oxu

Siyasət

  • 13

Azərbaycanla İsveçrə dost və iqtisadi tərəfdaş ölkələrdir

Azərbaycanla İsveçrə dost və iqtisadi tərəfdaş ölkələrdir

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin enerji, nəqliyyat, kommunikasiya və ətraf mühit üzrə federal müşaviri Morits leuenberger ilə görüşüb

İsveçrə Konfederasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də İsveçrənin enerji, nəqliyyat, kommunikasiya və ətraf mühit üzrə federal müşaviri Morits Leuenberger ilə görüşüb. Görüşdə Azərbaycan ilə İsveçrə arasında energetika sahəsində əməkdaşlığın hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıldı. Bu sahədə gələcək əlaqələrin daha da genişlənməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.
Görüşdə, eyni zamanda, bərpa olunan və alternativ enerji mənbələri sahəsində əməkdaşlıqla bağlı imkanların öyrənilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına rəsmi səfəri

Azərbaycan və İsveçrə Prezidentlərinin mətbuat konfransı
Oktyabrın 19-da Berndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Mertsin mətbuat konfransı olub. Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış ediblər.

İsveçrə Prezidenti Hans-Rudolf Mertsin bəyanatı

-Xanımlar və cənablar sizi salamlayıram. Mən böyük məmnuniyyətlə və şərəf hissi ilə İsveçrəyə rəsmi səfərə gəlmiş Zati-aliləri Azərbaycan Prezidentinə, onu müşayiət edən üç nazirə və digər mühüm iştirakçılara "Xoş gəlmisiniz" deyirəm. İki ölkə arasında bir çox oxşarlıqlar vardır. Birincisi, onlar Şərq ilə Qərbin kəsişməsində, müxtəlif mentalitetlərin və dillərin qovuşduğu məkanda yerləşir. Hər iki ölkə siyasi və iqtisadi sahələrdə müstəqillik və sabitlik uğrunda mübarizə aparır. Bunları nəzərə alaraq, biz sıx təmaslar qurmuşuq. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həmin əlaqələri möhkəmləndirməyə başlamışıq. Azərbaycan da İsveçrə kimi, heç bir hərbi təşkilat və ya ittifaqda iştirak etmir. Digər tərəfdən, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən də Beynəlxalq Valyuta Fondunda əməkdaşlıq edir. Azərbaycan İsveçrənin bu təşkilatda sədrlik etdiyi mühüm qrupun üzvüdür. Bu gün biz bir sıra məsələləri müzakirə etdik. Nəzərə alsaq ki, əlaqələrimiz artıq təşəkkül tapmışdır, münasibətlərimizi bundan sonra da möhkəmləndirməli və dərinləşdirməliyik. Mədəniyyət sahəsinə gəldikdə, bu axşam Berndə rəsmən açılışı olacaq İsveçrədə Azərbaycan Mədəniyyət Günlərini səbirsizliklə gözləyirik. İqtisadiyyatlarımızın, iqtisadi münasibətlərimizin inkişafı bizim üçün vacibdir. Məsələn, enerji sahəsində iş birliyimiz vardır. Miqrasiya sahəsində də danışıqlar davam edir. Başqa sözlə desək, ölkələrimiz arasında problem yoxdur. Bizim aramızda dostluq vardır. Biz bu gün səhər görüşlərimizi bu ruhda keçirdik və ölkələrimiz arasında əlaqələrimizi eyni tərzdə inkişaf etdirmək əzmindəyik. Bu sözləri söyləyərək, cənab Prezident, mən Sizi ölkəmizdə bir daha səmimi qəlbdən salamlayıram.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Çox sağ olun, cənab Prezident. Hörmətli cənab Prezident,
Hörmətli xanımlar və cənablar,  Əvvəlcə, cənab Prezident, gözəl ölkənizə səfər etmək üçün mənə göndərdiyiniz dəvətə, mənə, o cümlədən nümayəndə heyətimin üzvlərinə göstərilmiş qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən Azərbaycan Prezidentinin İsveçrəyə ilk rəsmi səfərini ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində atılmış mühüm addım hesab edirəm. Münasibətlərimiz çox uğurla inkişaf edir. Bu ilin əvvəlində biz Sizinlə Davosda görüşdük və maraqlı müzakirələrimiz oldu. Bu gün isə, biz dialoqumuzu davam etdiririk.

Bu dialoq bir çox sahələri əhatə edir. Artıq bir çox yaxşı nəticələr vardır və bu, gələcəkdə də belə ola bilər. Münasibətlərimizin gələcəyi çox perspektivlidir. Qeyd etmək istərdim ki, son bir neçə il ərzində əlaqələrimiz dinamik şəkildə inkişaf etmişdir. Prezidentlərin səfərləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, İsveçrə və Azərbaycan parlamentlərində dostluq qruplarının yaradılması, İsveçrədə Azərbaycanın Mədəniyyət Günləri ikitərəfli əlaqələrin çox mühüm elementləridir.
İsveçrə bizim üçün yaxın tərəfdaş, dost ölkədir. Bu gün, cənab Prezident, yaratdığınız mühit əsl dostluq mühitidir. Biz ikitərəfli əlaqələrə aid bir çox mühüm məsələləri müzakirə etdik. Onların inkişaf yollarını araşdırdıq. İsveçrə və Azərbaycanda qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi apardıq. Ticarət dövriyyəmiz sürətlə artır. Beynəlxalq maliyyə böhranına baxmayaraq, iqtisadi münasibətlərimiz uğurla inkişaf edir.
Bu gün biz regional inkişafın mühüm məsələlərini, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdik. Mən cənab Prezidentə danışıqlar prosesində baş verən son hadisələr haqqında məlumat verdim. Enerji əməkdaşlığımıza aid məsələləri cari ilin əvvəlində müzakirə etmişdik. Bu mövzu bu gün və sabah da nəzərdən keçiriləcəkdir. Bu sahədəki əlaqələrimizin böyük potensialı vardır. Avropada enerji təhlükəsizliyi ilə bağlı ümumi baxışlarımız mövcuddur. Nəhəng neft və qaz ehtiyatlarına malik olan Azərbaycan öz enerji daşıyıcılarını Avropadakı tərəfdaşlarına tezliklə çatdırmağa hazırdır. Bu məsələdə ölkələrimizin qarşılıqlı maraqları "Cənub dəhlizi" adlanacaq yeni nəql marşrutunun formalaşmasına yardım edə bilər.
Əminəm ki, gələn illər ərzində münasibətlərimiz uğurla inkişaf edəcəkdir. Onlar bir çox sahələrdə öz əksini tapacaqdır. Çünki bunun üçün hər bir şərait vardır. Siyasi iradə, güclü siyasi təmaslar, iqtisadiyyatlarımızın bir-birinə cəlbedici olması və münbit sərmayə şəraiti mövcuddur. Müstəqil siyasətə qəti sadiqliyimiz, müstəqil siyasəti aparmaq bacarığı, coğrafi mövqeyimiz, xalqlarımızın və ölkələrimizin rifahı naminə daha sıx əlaqələri qurmaq arzusu vardır.
Mən aparılmış müzakirələrdən çox məmnunam. Bir neçə saatlıq söhbətimiz oldu. Görüşümüz olduqca faydalı idi. Bu görüş danışıqların ənənəvi mövzusu olan məsələlərə diqqət yönəltməyə və gələcəkdə həll edəcəyimiz yeni vəzifələrə nəzər salmağa imkan verdi.
Cənab Prezident, dəvətinizə və qonaqpərvərliyinizə görə bir daha minnətdaram.

* * *
Şahin Cəfərov (AzərTAc-ın müxbiri): Sualım hər iki Prezidentədir. İki ölkə arasında hansı qeyri-enerji layihələri həyata keçirilə bilər?
Hans-Rudolf MERTS:  Əvvəlcə, qeyd etmək lazımdır ki, Azərbaycan bizim üçün mühüm enerji mənbəyidir. Bu, ən mühüm mənbələrdən biridir. Demək olar ki, təchiz edilən həcm o qədər çox deyildir. Lakin bu, sabit təchizat mənbəyidir. Çünki bu sahədə əlaqə qurulan ölkə sabit və addımları gözlənilən ölkə olmalıdır. Azərbaycan həmin ölkələrdən biridir. Azərbaycan İsveçrə üçün enerji təchizatçısı ola bilər. Təbii ki, biz enerjinin nəqli yolları məsələsini həll etməliyik. Bəzi məsələlər vardır ki, onlar hələ də həll olunmayıb. Məsələn, Azərbaycandan Aralıq dənizinə gedən boru kəməri. Bu sahədə Türkiyə ilə də razılıq olmalıdır ki, layihə davam etdirilsin. Bununla belə, biz əminik ki, çıxış yolu tapılacaqdır. Digər tərəfdən, İsveçrə alternativ enerji texnologiyalarını ixrac edə bilər. Bu sahə İsveçrədə yüksək səviyyədə inkişaf etmişdir. Belə texnologiya Azərbaycan tərəfindən istifadə edilə bilər. Hesab edirəm ki, Azərbaycan böhrandan sonrakı vəziyyət haqqında düşünməlidir, çünki neft ilə qaz vaxt keçdikcə tükənəcəkdir. Ölkəmiz bu sahədə Azərbaycanı dəstəkləyə bilər. Öz növbəmizdə isə, biz enerji daşıyıcılarına çıxış əldə etməkdə çox maraqlıyıq. Hesab edirəm ki, bu cür mübadilə istənilən vaxt çox cəlbedici ola bilər.
İlham ƏLİYEV:  Gələcəkdə enerji sektorunda qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu vacib məsələ üzərində işləmək üçün imkan vardır. Azərbaycan artıq bir neçə müddətdir ki, öz enerji resurslarını müxtəlif boru kəmərləri şəbəkəsi ilə ixrac edir. Dünya və Avropa bazarlarına çıxış bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki biz bunun sayəsində böyük enerji potensialımızdan istifadə edə biləcəyik. İsveçrə ilə ikitərəfli əsaslarla müzakirə etdiyimiz enerji əməkdaşlığının xüsusi yeri vardır. Bu cür məsələləri biz hər zaman görüşəndə nəzərdən keçiririk. Hesab edirəm ki, qonşu ölkələrlə bütün tranzit məsələlərinin həlli Azərbaycana böyük həcmdə enerji resurslarını Avropa bazarlarına çıxarmaq imkanı yaradacaqdır və bunu etməklə biz ixrac marşrutlarımızı, Avropa isə, təchizat yollarını müxtəlifləşdirəcəkdir. Bu, birmənalı şəkildə xeyir gətirən haldır və qarşılıqlı surətdə faydalıdır. Planlaşdırdığımız bütün işləri yerinə yetirmək məqsədi ilə biz öz tərəfdaşlarımızla həm ikitərəfli, həm də çoxtərəfli əsaslarla işimizi davam etdirəcəyik.
Qeyri-neft sektoruna gəldikdə, ölkələrimizin şirkətləri maraq göstərir ki, sərmayələr qoysun və birgə biznes yaratsın. Biz İsveçrənin "Holsim" qrupunun Azərbaycanın qeyri-enerji sektoruna böyük yatırımlarında maraqlıyıq. Hazırda, bu şirkət ölkəmizdə yeni sement zavodunu tikməkdədir. Bu məsələ yanvar ayında cənab Prezidentlə görüşümüz zamanı müzakirə olunmuşdur. Mən Bakıda tikiləcək yeni sement zavodunun təməlqoyma mərasimində iştirak etməkdən məmnun oldum. Zavodun tikintisi artıq başlanıb. Çox vacibdir ki, sərmayələr yaxşı nüfuza malik olan və beynəlxalq səviyyədə tanınan şirkət tərəfindən qoyulur. Bu, beynəlxalq maliyyə böhranı ili sayılan 2009-cu ildə qeyri-enerji sektoruna qoyulan sərmayədir. Bu, onu göstərir ki, Azərbaycan nəinki enerji sektorunda, o cümlədən qeyri-enerji sahəsində fəaliyyət göstərən şirkətlər üçün cəlbedici ölkə olaraq qalır. Azərbaycan sərmayədarları müxtəlif sahələrə dəvət etmək və onlar üçün mümkün qədər ən yaxşı şərait yaratmaqda maraqlıdır. Hesab edirəm ki, bu nümunə şirkətlərimizin müxtəlif sahələrə marağına müsbət təsir göstərəcək və gələn illər ərzində biz bir neçə oxşar layihənin şahidi olacağıq.

İsveçrədə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı

Oktyabrın 19-da İsveçrənin paytaxtı Berndə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı olub. İsveçrə paytaxtının Konsert Zalında keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı iştirak ediblər.
Mərasimdən əvvəl iştirakçılara ölkəmiz və onun mədəniyyəti, incəsənəti haqqında məlumat verilərək bildirildi ki, Odlar yurdu kimi tanınmış Azərbaycan həm də mədəniyyətinin qədimliyi ilə fəxr edə bilər. Dünyada geniş şöhrət qazanmış muğamlarımızı xüsusi qeyd edən natiq məşhur xanəndə Alim Qasımovun bu ölkədə verdiyi konsertlərin böyük əks-səda doğurduğunu xatırladı. Qeyd olundu ki, Azərbaycan təkcə musiqidə deyil, incəsənətin digər sahələrində də gözəl ənənələrə malikdir. XX əsrin 30-cu illərində Hollivudla yanaşı Bakı tammetrajlı ağ-qara filmlərlə dünya arenasına çıxmış ilk şəhərlərdən biridir. Bu filmlərdən biri azərbaycanlı caz ustası Salman Qənbərovun müşayiəti ilə Mədəniyyət Günlərində nümayiş etdiriləcək. Tamaşaçılara Mədəniyyət Günlərinin proqramı barədə də məlumat verildi. Bildirildi ki, altı həftə ərzində İsveçrədə Azərbaycanın 200-dən çox incəsənət ustası 80 tədbirdə iştirak edəcək və musiqinin klassik, ənənəvi və caz janrlarında bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin Dövlət Pantamim və Kukla teatrlarının çıxışları, Azərbaycan filmlərinin nümayişi, sərgilərin təşkili də Mədəniyyət Günlərinin proqramına daxildir. İsveçrədə keçiriləcək Azərbaycan Mədəniyyət Günləri mədəniyyətlər arasında körpü yaratmaq və ümumiyyətlə ölkəmizin mədəniyyəti ilə yaxından tanış olmaq baxımından çox mühüm hadisə kimi dəyərləndirildi.
  Sonra dövlət başçıları mərasimdə çıxış etdilər.

İSVEÇRƏ PREZİDENTİ HANS-RUDOLF MERTSİN ÇIXIŞI

-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Hörmətli xanım Əliyeva, Zati-aliləri, Xanımlar və cənablar, İlk baxışda İsveçrə ilə Azərbaycan arasında çox xırda oxşarlıqlar müşahidə oluna bilər. Lakin əgər siz təfərrüatlara varsanız və daha dərin nəzər yetirsəniz, iki ölkə arasında paralel olan bir çox xətləri görə bilərsiniz. Onların hər ikisi sivilizasiyaların qovuşduğu yerdə yerləşən ölkələrdir. Azərbaycan Şərq ilə Qərbin, dinlərin və mədəniyyətlərin qovuşuğunda yerləşir. İsveçrə isə Avropanın mərkəzində, bir çox yolların kəsişdiyi yerdə yerləşir. Burada bir çox dillər, mentalitetlər və dinlər bir-biri ilə qovuşur. Hər iki ölkədə dağlar vardır. Hər iki ölkənin düzənlikləri vardır. Hər iki ölkədə siyasi vəziyyət sabitdir. Hər iki ölkə müstəqillik uğrunda mübarizə aparıb və onu hazırda möhkəmləndirir. Buna görə, ölkələrimiz arasında münasibətlərin dərinləşməsi faydalı olardı. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur. İsveçrə Azərbaycanda öz diplomatik nümayəndələyini açmışdır. İqtisadi sahəyə gəldikdə, bilirik ki, son bir neçə il ərzində Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. Münasibətlərimiz bir çox sahələrdə inkişaf edib və bu günlərdə dərinləşməkdədir. Lakin burada çatışmayan bir element vardır. O, mədəniyyət sahəsidir. Buna görə, bu axşam burada olmağımdan və münasibətlərimizə yeni sahəni əlavə etməkdən olduqca məmnunam. Mədəniyyət sahəsindəki əlaqələrimiz uzun tarixi olan zəngin mədəniyyətə, adət-ənənələrə əsaslanır. Biz Azərbaycan mədəniyyəti ilə İsveçrədə növbəti həftələr ərzində geniş tanış olacağıq. Mən bu tədbir münasibətilə bütün təşkilatçıları səmimi qəlbdən təbrik etmək istəyirəm. Sizin hamınıza xoş axşam arzulayıram. Bu tədbirə gəlmiş şəxslərə, xüsusən də Sizə, cənab Prezident, İsveçrəyə etdiyiniz səfərə görə dərin minnətdarlığımı bildirirəm.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli cənab Prezident! Hörmətli birinci xanım! Xanımlar və cənablar! Əvvəlcə, mən cənab Prezidentə İsveçrəyə rəsmi səfərə dəvətə və göstərilmiş səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən Sizin gözəl ölkənizdə bir neçə dəfə olmuşam. Lakin bu səfər xüsusi əhəmiyyət daşıyan səfərdir. Çünki o, diplomatik münasibətlərin qurulmasından sonra Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir. Bu, aydın şəkildə onu göstərir ki, ölkələrimiz arasında münasibətlər çox uğurla və sürətlə inkişaf edir. Deyərdim ki, biz son illər ərzində bir çox sahələrdə münasibətlərimizi intensivləşdirməyə nail olmuşuq. Ötən il İsveçrə Prezidenti Azərbaycanda səfərdə oldu. Ölkələrimiz arasında nümayəndə heyətləri geniş şəkildə qarşılıqlı səfərlərdə olur. Hər iki ölkənin parlamentlərində İsveçrə-Azərbaycan dostluq qrupları fəaliyyət göstərir. Hazırda biz regionumuzun bir çox digər ölkələrini də əhatə edəcək qarşılıqlı maraq doğuran məsələləri müzakirə edirik.
Ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələr çox yüksək səviyyədədir. Bu gün bütün həmin məsələlər müzakirə olundu. Biz mövcud irəliləyişi qarşılıqlı məmnunluq hissi ilə görürük və perspektivləri müəyyən edirik. Əminəm ki, gələcək əlaqələrimiz daha gözəl olacaqdır. Çünki biz bir-birimizin imkanlarını yalnız indi kəşf etməyə başlamışıq. Biz bir-birimizə real tərəfdaş kimi baxmağa başlamışıq. Son iki-üç il ərzində əlaqələrimizin intensiv xarakter alması qarşılıqlı ticarət dövriyyəsinin artmasına, yeni birgə layihələrin həyata keçirilməsinə aparır. İsveçrə şirkətləri Azərbaycanı sərmayələr üçün etibarlı ölkə hesab edirlər. Hətta beynəlxalq maliyyə və iqtisadi böhran ili olan 2009-cu ildə İsveçrə şirkətləri Azərbaycan iqtisadiyyatına yüz milyonlarla vəsaitləri sərmayə kimi yatırırlar. Ən vacibi isə budur ki, sərmayələr iqtisadiyyatın qeyri-enerji sektoruna qoyulur. Bu, bizim bir-birimiz üçün nə dərəcədə vacib olduğunu göstərir. Əminəm ki, Azərbaycan şirkətləri də İsveçrədə sərmayə qoyacaqlar, birgə layihələrlə məşğul olacaqlar və bu, bizi daha da birləşdirəcəkdir. Möhkəm siyasi əlaqələrin, qarşılıqlı iqtisadi maraqların olmasını və iqtisadiyyatlarımızın bir-biri ilə rəqabət aparmayan, əksinə bir-birini dəstəkləyən iqtisadiyyatlar kimi mövcudluğunu nəzərə alaraq, biz böyük uğurları əldə edə bilərik.
Azərbaycan müstəqil ölkə kimi nisbətən gəncdir. Müstəqil ölkə kimi biz yalnız 18 ildir ki, yaşayırıq. Cənab Prezidentin qeyd etdiyi kimi, ölkələrimiz arasında bir çox oxşarlıqlar vardır. Ölkələrimizdə dövlətçiliyin tarixi və təkamül yolu eyni olmuşdur. Fikrimcə, ən mühüm oxşarlıqlardan biri isə, müstəqillikdir. Biz ölkələrimiz üçün müstəqillik kimi ən böyük nailiyyəti yüksək qiymətləndiririk. Müstəqil olmaq, özünü dərk etmək, getdiyin yolu qavramaq və müstəqil siyasət aparmaq qabiliyyəti çiçəklənmə və uğurlara aparan yoldur. İqtisadi və sosial inkişaf, yaşayış standartları baxımından Sizin ölkə dünyada aparıcı ölkələrdən biridir. Müstəqillik, ləyaqət, neytrallıq, daxili məsələlərə diqqət və insanların həyatının yaxşılaşdırılması baxımından Sizin ölkəniz nümunə ola bilər.
Biz müstəqil ölkə kimi gəncik. Müstəqilliyimizi on səkkiz il bundan əvvəl bərpa etmişik. Lakin böyük keçid mərhələsini qət etmişik. Tam mənada planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, birpartiyalı sistemdən demokratik inkişafa, yoxsulluq və xaos vəziyyətindən iqtisadi və siyasi sabitliyə doğru getmişik. Bu gün Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, böhrana baxmayaraq iqtisadiyyatı artır.
Lakin biz bir-birimizi daha yaxşı tanımalıyıq. Daha çox təmaslar və səfərlər olmalıdır. Təbii ki, bir-birimizi daha yaxşı tanımaq mədəniyyətdən keçir. Hər bir ölkə öz mədəni və tarixi irsi ilə fəxr edir. Biz müstəqil ölkə və beynəlxalq ictimaiyyətin üzvü kimi gənc dövlətik. Lakin bizim böyük tariximiz, ənənələrimiz, mədəniyyətimiz vardır. Biz özünəməxsusluğumuzu bunların sayəsində qoruyub saxlamışıq. Əsrlər boyu xalqımız digər dövlətlərin və imperiyaların tərkibində yaşamışdır. Lakin biz özünəməxsusluğumuzu, milli qürurumuzu və mədəniyyətimizi itirmədik. Musiqimizi, poeziyamızı, dilimizi və ənənələrimizi qoruyub saxladıq. Bu, hər hansı ölkənin inkişafı üçün ən mühüm əsasdır. Hazırda biz inkişaf etmiş ölkəyə çevrilməliyik və dünyanın inkişaf etmiş ölkələri sırasında olmalıyıq. Əminəm ki, bu məqsədə nail olacağıq. Biz tam dağılmış iqtisadiyyatdan yalnız on səkkiz il ərzində iqtisadi rəqabət qabiliyyətinə görə bu gün dünya reytinqində 51-ci yerə çıxmışıq. Gələcəkdə görəcəyimiz işlər daha çoxdur. Bəli, bizim təbii sərvətlərimiz vardır. Lakin müasirləşmə də gedir. Biz Avropaya inteqrasiya xəttinə sadiqik və gələcəkdə inkişafı mümkün edəcək bütün mütərəqqi qayda və qanunları Azərbaycanda tətbiq edirik.
Bu gün çox vacib gündür: mənim İsveçrəyə rəsmi səfərim və Azərbaycan Mədəniyyət Günlərinin açılışıdır. Bu tədbir İsveçrədə yaşayanlara Azərbaycanı və onun mədəniyyətini, ənənələrimizi daha yaxşı tanımaq və bir-birimizə daha yaxın olmaq imkanını yaradacaqdır. Mən İsveçrədə bu cür mühüm mədəni tədbiri təşkil edən bütün şəxslərə minnətdaram. Cənab Prezident, mühüm tədbirdə iştirak etdiyinizə görə Sizə minnətdaram. Bu gün Azərbaycan mədəniyyətinin yalnız kiçik bir hissəsi ilə tanış olmaq üçün buraya gəlmiş şəxslərə təşəkkürümü bildirirəm. Çox sağ olun. Mən, həmçinin Sizin hamınızı Azərbaycana səfərə dəvət edirəm və istəyirəm ki, dostluğumuz davam etsin.

* * *
Sonra Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasiminin bədii hissəsi başladı. Azərbaycanın tanınmış incəsənət xadimlərinin, musiqiçilərinin ifasında bir-birindən rəngarəng musiqi çələngindən ibarət kompozisiya alqışlarla qarşılandı.
Konsertdə səslənən maraqlı musiqi nömrələri Azərbaycan mədəniyyətinin zənginliyini, dövlətimizin incəsənətin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğısını bir daha nümayiş etdirdi. Xüsusilə son illər dövlət səviyyəsində və Heydər Əliyev Fondu tərəfindən milli musiqimizə, bütövlükdə mədəniyyətimizə göstərilən dəstək Azərbaycan musiqi mədəniyyətinin dünyada daha yaxından tanınmasına geniş imkanlar açmışdır. Azərbaycan musiqiçilərinin ifasında Avropa tamaşaçısına təqdim olunan Qərb ilə Şərqin sintezindən doğan rəngarəng musiqi nömrələri maraqla qarşılandı.

SƏFƏR BAŞA ÇATDI

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına rəsmi səfəri başa çatıb.
Bern şəhərinin hava limanında Azərbaycan dövlətinin başçısını və xanımını İsveçrənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

* * *
Dövlətimizin başçısı həmin gün Bakıya qayıdıb.
Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Digər xəbərlər