PDF Oxu

Siyasət

  • 10

İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı istənilən iqtisadi şəraitdə öz imkanlarını ortaya qoyur”

İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı istənilən iqtisadi şəraitdə öz imkanlarını ortaya qoyur”
Bu ilin 9 ayında Azərbaycanda ümumi daxili məhsul 6,1 faiz artıb. Həyata keçirilən uğurlu inkişaf nəticəsində əhalinin sosial rifah halı yüksəlib, iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun inkişafı uğurla həyata keçirilib. Doqquz ayda artım rabitədə 10,4, nəqliyyatda 5,4 faiz olub. Bu müddətdə inflyasiya 2,1 faiz təşkil edib, strateji valyuta ehtiyatları 19,1 milyard dollara çatıb. Səkkiz ay ərzində xarici ticarət dövriyyəsi 12,4 milyard təşkil edib, 4,8 milyard dollar həcmində müsbət saldo yaranıb. Doqquz ay ərzində orta aylıq əmək haqqı 15,5 faiz, əhalinin gəlirləri 9,8, adambaşına düşən gəlirlər 8,4, pullu xidmətlər isə 12,5 faiz artıb. "Bu il ərzində Azərbaycan iqtisadiyyatı çox uğurla inkişaf edib. Bu, çox sevindirici haldır. Xüsusilə, ona görə ki, bu il dünyada maliyyə və iqtisadi böhran hökm sürür. Demək olar ki, bütün ölkələrə bu böhranın çox mənfi təsiri olmuşdur və dünya miqyasında ölkələrin mütləq əksəriyyətində iqtisadi tənəzzül müşahidə edilir. Azərbaycan iqtisadiyyatı isə inkişaf edir. Əlbəttə, biz öz iqtisadi siyasətimizi apararkən, ancaq daxili resurslarımıza əsaslanırıq və bununla bərabər, heç vaxt heç bir müqayisə aparmamışıq. Biz öz səylərimizi daxili məsələlər ətrafında qoyuruq. Belə olan halda, Azərbaycan iqtisadiyyatı istənilən iqtisadi şəraitdə öz imkanlarını ortaya qoyur"-Prezident İlham Əliyev 9 ayın yekunları ilə bağlı iclasda deyib. Doqquz ayda ÜMD 6.1 faiz, sənaye 5 faiz artıb Hökumətin iclasında cari ilin 9 ayında ölkə iqtisadiyyatının vəziyyəti, sosial islahatların hansı səviyyədə aparılması və s məsələlər müzakirə edilib. Dövlət başçısı qeyd edib ki, bu ilin 9 ayında ümumi daxili məhsul 6,1 faiz artıb. "Bu, çox böyük nailiyyətdir, böyük uğurdur və onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır, iqtisadiyyatın hansısa bir sektorundan asılı deyildir. Son illər ərzində aparılan köklü islahatlar, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılan praktiki addımlar bugünkü iqtisadi artımı şərtləndirib. Böhranlı ildə iqtisadiyyatın 6,1 faiz səviyyəsində artması çox gözəl göstəricidir. Deyə bilərəm ki, bölgədə yerləşən ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 15 faiz, 18 faiz səviyyəsindədir. Azərbaycanda isə biz bütün imkanları səfərbər edib iqtisadiyyatımızı inkişaf etdiririk"-Prezident bildirib. 3 rübün nəticələri ölkəmizdə iqtisadi inkişafın artım tempi ilə davam etdiyini ortaya qoyub. Doqquz ayda sənaye istehsalı 5 faiz artıb. Bu, onu göstərir ki, Azərbaycanda aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir. Azərbaycanda aparılan çox böyük infrastruktur layihələri, xüsusilə, Azərbaycanın bölgələrində aparılan infrastruktur layihələri sənaye istehsalının artırılmasına gözəl şərait yaradır. Sənaye artımının təməlində, eyni zamanda, dövlət tərəfindən özəl sektora verilən güzəştli kreditlər də mühüm rol oynayır. Kənd təsərrüfatında artım 3 faiz səviyyəsindədir İlk dəfə olaraq, Azərbaycanda rekord səviyyədə- 3 milyon ton taxıl istehsal edilib. Dövlət başçısı bunu tarixi nailiyyət adlandırıb və Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların bariz nümunəsi kimi xarakterizə edib. "Həm dövlət tərəfindən verilən dəstək, həm maliyyə yardımı, fermerlərə yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, subsidiyaların verilməsi, aqrolizinqin yaradılması, dövlət tərəfindən kənd təsərrüfatı texnikasının alınması və kəndlilərə icarəyə verilməsi- yəni biz buna kompleks tədbirlər nəticəsində nail ola bilmişik"-dövlət başçısı bildirib. Əsas məqam isə, ondan ibarətdir ki, böhranlı ildə qeyri-neft sektoru inkişafdadır. Çünki kənd təsərrüfatı ölkəmiz üçün həm iqtisadi cəhətdən, həm sosial cəhətdən çox böyük əhəmiyyətə malik olan bir sahədir. Maliyyə bazarında sabit artım müşahidə olunur Doqquz ayın yekunlarına görə, Azərbaycanda makroiqtisadi durum çox sabitdir. Belə ki, 3 rübdə inflyasiya cəmi 2,1 faiz təşkil edib. Bu, onu göstərir ki, istehlak qiymətləri sabitdir və belə olan halda, böhranın insanların həyatına təsiri minimum səviyyədədir. İclasda Prezident İlham Əliyev bu sahədə mövcud durumu digər ölkələrlə qısa müqayisədə göstərib: "Bölgədə yerləşən ölkələrdə həm iqtisadiyyat, həm milli valyutanın məzənnəsi aşağı düşür, milli valyuta dəyərini itirir, eyni zamanda, inflyasiya qalxır. Azərbaycanda isə tam əksinədir- iqtisadiyyat artır, manat sabitdir, inflyasiya isə çox aşağı səviyyədədir". Qeyd edək ki, doqquz ayda əhalinin pul gəlirləri təxminən 10 faiz artıb. İnflyasiyasiyanın cəmi 2 fazi olduğunu nəzərə alsaq, real artım templərinin 8 faiz olduğunu görərik. Maliyyə böhranın hökm sürdüyü bir zamanda, bu, dünya miqyasında nadir bir göstəricidir. Ötən müddətdə əhalinin banklara qoyduğu əmanət 11 faiz artıb. Bu da, onu göstərir ki, əhalidə artıq pul kütləsi yaranır və banklara olan inam və etibar yüksək səviyyədədir. Bütün bunlar göstərir ki, Azərbaycan böhranlı ildə böhrandan ən az əziyyət çəkən ölkələrdən biridir. Hökumətin iclasında qeyd olunub ki, hazırda Azərbaycanın valyuta ehtiyatları 19 milyard dollar səviyyəsindədir və bu da çox böyük maliyyə qarantıdır. Ötən müddətdə bütün sosial proqramlar uğurla icra edilib Bu ilin doqquz ayında orta əmək haqqı 15 faiz artıb. Bu gün Azərbaycanda orta əmək haqqı 370 dollar səviyyəsindədir. Pensiyalar artır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Hazırda 150 min ailəyə ünvanlı sosial yardım göstərilir. Ümumiyyətlə, bu proqram 700 min nəfəri əhatə edir və hər bir ailəyə verilən yardım orta hesabla haradasa, 140 dollar səviyyəsindədir. Prezident bildirib ki, görülən bütün tədbirlər nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi daha da aşağı düşməlidir: "Azərbaycan reallıqları onu göstərir ki, yoxsulların sayı getdikcə aşağı düşür. Bölgələrdə infrastruktur layihələri uğurla davam etdirilir. 2003-cü ildən bu günə qədər Azərbaycanda 824 min yeni iş yerləri açılmışdır. Bu da bölgələrin inkişafı və yerlərdə iş yerlərinin, yeni müəssisələrin yaradılması üçün də çox vacib amildir. Bu il, gələn il və ondan sonrakı illərdə bölgələrdəki mövcud problemlərin həlli üçün daha da böyük işlər görüləcəkdir. Gələn ilin dövlət büdcəsində bütün bu məsələlər öz əksini tapıbdır". Prezident İlham Əliyev bildirib ki, gələn il müxtəlif sahələrdə islahatların davam etdirilməsi gözlənilir: "Bu islahatlar həm bizim iqtisadi vəziyyətimizi yaxşılaşdıracaq, eyni zamanda, əhalinin sosial məsələlərinin həllinə də xidmət göstərəcəkdir. Apardığımız iqtisadi siyasətin xüsusiyyəti ondan ibarətdir ki, hətta ən ciddi islahatları biz elə aparırıq ki, insanlar bu islahatlardan əziyyət çəkməsinlər". Gələnilki dövlət büdcəsi praqmatik xarakterlidir 2010-cu ilin dövlət büdcəsi haqda danışan dövlət başçısı bildirib ki, büdcə həm sosial yönümlüdür, həm investisiya yönümlüdür, həm də vacib infrastruktur layihələrinin icrası nəzərdə tutulur: "İnvestisiya xərclərimiz haradasa 5 milyard dollar ətrafında nəzərdə tutulur. Eyni zamanda, bütün sosial proqramlar, ünvanlı sosial yardım, əmək haqları, pensiyalar, digər müavinətlər nəzərdə tutulur və o yardımların səviyyəsi tədricən artırılır. İnfrastruktur layihələrinə gəldikdə, deyə bilərəm ki, son illər ərzində bu sahəyə qoyulan vəsait özünü doğrultdu. Mən artıq bu barədə öz fikirlərimi bildirdim. Əgər bu infrastruktur layihələrini biz icra etməsəydik, bu gün regional inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. Bu infrastruktur sosial obyektlərin tikintisinə yönəldilibdir, son illər ərzində 1800-ə qədər məktəb tikilibdir, yüzlərlə tibb məntəqələri, tibb ocaqları, xəstəxanalar tikilibdir. Bu proses davam etdirilməlidir və gələn ilin büdcəsində bu məsələlər üçün vəsait nəzərdə tutulur. Bununla bərabər, yolların, su, qaz və elektrik xətlərinin, elektrik stansiyalarının, su anbarlarının tikintisinə qoyulan bütün bu investisiyalar bir məqsədi güdür ki, Azərbaycan iqtisadiyyatı daha da güclü olsun və biz daxili imkanlardan maksimum dərəcədə səmərəli şəkildə istifadə edə bilək. Biz onsuz da ancaq özümüzə arxalanırıq. Azərbaycan yeganə ölkələrdən biridir ki, bu böhranlı müddətdə nə hansısa başqa ölkəyə, nə də beynəlxalq maliyyə qurumuna müraciət etməmişdir. Əgər biz ətrafa baxsaq, görərik ki, bəziləri gedib başqa ölkələrdən maliyyə resursları əldə etməyə çalışırlar və bəzi hallarda buna müvəffəq olurlar. Bəziləri isə beynəlxalq maliyyə qurumlarından veriləcək kreditlərin hesabına böhranlı vəziyyətdən çıxmaq istəyirlər. Azərbaycan nadir ölkələrdəndir ki, heç kimə maliyyə yardımı üçün müraciət etməmişdir. Bu, həqiqətdir ki, biz öz hesabımıza yaşayırıq. Ona görə, Azərbaycan dövləti və Azərbaycan rəhbərliyi öz siyasətini çox normal şəraitdə aparır. Ona görə, Azərbaycan beynəlxalq müstəvidə öz mövqeyini müdafiə edə bilir. Ona görə, Azərbaycan müstəqil siyasət aparır. Ona görə, Azərbaycan xalqı bu siyasətdən fayda götürür". İslahatlar gələn il daha böyük miqyasda davam etdiriləcək Dövlət başçısı qeyd edib ki, infrastruktur layihələrinin icrası növbəti ildə də davam etdiriləcəkdir: "Bu vaxta qədər icra olunmamış, icrada olan layihələr icra edilməlidir. İlk növbədə, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatdırılmalıdır. Bütün bu layihələr Azərbaycanı daha da gücləndirəcəkdir. Suvarılan torpaqlar çoxalacaq, içməli su problemləri daha da asanlıqla öz həllini tapacaqdır. Eyni zamanda, ucuz elektrik enerjisi istehsal olunacaqdır. Biz alternativ enerji mənbələrindən çox səmərəli şəkildə istifadə etməliyik. Biz enerji təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll etdik. Neft hasilatı, qaz hasilatı artıq bizim tələbatımızı ödəyir. Biz xaricə də qaz ixrac edirik. Son illər ərzində tikilən elektrik stansiyaları, modul tipli elektrik stansiyaları və mövcud stansiyalarda yenidənqurma işləri Azərbaycanı elektrik enerjisi ilə tam şəkildə təmin edir. Burada qeyd olunduğu kimi, Azərbaycan, hətta müxtəlif ölkələrə- həm Rusiyaya, həm İrana, həm də Türkiyəyə elektrik enerjisini ixrac edir. Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac edilir". "Mən əminəm ki, Azərbaycan 2009-cu ili uğurla başa vuracaqdır. Bu gün səslənən məruzələr və rəqəmlər, bir daha onu göstərir ki, 2009-cu ildə Azərbaycan çox uğurla inkişaf etmişdir, 2008-ci ilin sonlarında qarşıya qoyulan bütün vəzifələr icra edilir. Bu, çox vacibdir. Bu, bir daha onu göstərir ki, istənilən şəraitdə Azərbaycan öz planlarını icra etməyə qadirdir"-deyən Prezident vurğulayıb ki, cari ilin uğurla başa vurulmasına şübhə yoxdur.

Digər xəbərlər