Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü iclasında biz bu ilin doqquz ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, bu il ərzində Azərbaycan iqtisadiyyatı çox uğurla inkişaf edib. Bu, çox sevindirici haldır. Xüsusilə ona görə ki, bu il dünyada maliyyə və iqtisadi böhran hökm sürür. Demək olar ki, bütün ölkələrə bu böhranın çox mənfi təsiri olmuşdur və dünya miqyasında ölkələrin mütləq əksəriyyətində iqtisadi tənəzzül müşahidə edilir. Azərbaycan iqtisadiyyatı isə inkişaf edir. Əlbəttə, biz öz iqtisadi siyasətimizi apararkən ancaq daxili resurslarımıza əsaslanırıq və bununla bərabər, heç vaxt heç bir müqayisə aparmamışıq. Biz öz səylərimizi daxili məsələlər ətrafında qoyuruq. Belə olan halda, Azərbaycan iqtisadiyyatı istənilən iqtisadi şəraitdə öz imkanlarını ortaya qoyur.
Bu ilin doqquz ayında ümumi daxili məhsul 6,1 faiz artmışdır. Bu, çox böyük nailiyyətdir, böyük uğurdur və onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır, iqtisadiyyatın hansısa bir sektorundan asılı deyildir. Son illər ərzində aparılan köklü islahatlar, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılan praktiki addımlar bugünkü iqtisadi artımı şərtləndirib. Böhranlı ildə iqtisadiyyatın 6,1 faiz səviyyəsində artması çox gözəl göstəricidir. Deyə bilərəm ki, bölgədə yerləşən ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 15 faiz, 18 faiz səviyyəsindədir. Azərbaycanda isə biz bütün imkanları səfərbər edib iqtisadiyyatımızı inkişaf etdiririk.
Bununla bərabər, doqquz ayda sənaye istehsalı 5 faiz artıb. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, Azərbaycanda aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir. Biz çalışırıq ki, sənaye sahəsində də müxtəlif yeni müəssisələr işə düşsün. Xarici və daxili investisiyalar cəlb edilir. Azərbaycanda aparılan çox böyük infrastruktur layihələri, xüsusilə Azərbaycanın bölgələrində aparılan infrastruktur layihələri sənaye istehsalının artırılmasına gözəl şərait yaradır. Söz yox ki, sənaye artımının təməlində, eyni zamanda, dövlət tərəfindən özəl sektora verilən güzəştli kreditlər də mühüm rol oynayır. Bu kreditlər verilir. Kreditlərin məbləği artırılır. Belə olan halda biz yerli sahibkarlar üçün də çox gözəl şərait yaradırıq.
Kənd təsərrüfatında artım 3 faiz səviyyəsindədir. Bu da çox yaxşı göstəricidir. O da həqiqətdir ki, ilk dəfə olaraq Azərbaycanda rekord səviyyədə taxıl istehsal edilib - 3 milyon ton səviyyəsində. Bu, tarixi nailiyyətdir və Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların bariz nümunəsidir. Həm dövlət tərəfindən verilən dəstək, həm maliyyə yardımı, fermerlərə yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, subsidiyaların verilməsi, aqrolizinqin yaradılması, dövlət tərəfindən kənd təsərrüfatı texnikasının alınması və kəndlilərə icarəyə verilməsi - yəni biz buna kompleks tədbirlər nəticəsində nail ola bilmişik. Suvarma, meliorasiya məsələlərinin həyata keçirilməsi, elevatorların, soyuducu kameraların tikilməsi, yəni bu barədə çox danışmaq olar. Əsas odur ki, böhranlı ildə qeyri-neft sektoru inkişafdadır və kənd təsərrüfatı ölkəmiz üçün həm iqtisadi cəhətdən, həm sosial cəhətdən çox böyük əhəmiyyətə malik olan bir sahədir.
Çox sevindirici haldır ki, Azərbaycanda makroiqtisadi vəziyyət çox sabitdir. Doqquz ayda inflyasiya cəmi 2,1 faiz təşkil etmişdir. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, istehlak qiymətləri sabitdir və belə olan halda böhranın insanların həyatına təsiri minimum səviyyədədir. O da həqiqətdir ki, yenə də müqayisə aparsaq, - baxmayaraq, mən bunun tərəfdarı deyiləm, - əgər dünyada bu böhranlı vəziyyət yaşanmasaydı, biz heç vaxt müqayisə aparmazdıq. Amma müqayisə aparılanda görürük ki, bölgədə yerləşən ölkələrdə həm iqtisadiyyat, həm milli valyutanın məzənnəsi aşağı düşür, milli valyuta dəyərini itirir, eyni zamanda, inflyasiya qalxır. Azərbaycanda isə tam əksinədir - iqtisadiyyat artır, manat sabitdir, inflyasiya isə çox aşağı səviyyədədir. Bununla bərabər, onu da böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, doqquz ayda əhalinin pul gəlirləri təxminən 10 faiz artıbdır. Bu onu göstərir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşayırlar. Əhalinin 10 faiz artan pul gəlirləri əlbəttə ki, cəmiyyətin bütün təbəqələrində bərabər şəkildə bölünməyib. Bu da təbiidir. Çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Amma yenə də çox gözəl göstəricidir. Əhalinin 10 faiz artan pul gəlirləri, 2 faizlik inflyasiya - deməli, real artım templəri 8 faizdir. Böhranlı il üçün bu, hesab edirəm ki, dünya miqyasında nadir bir göstəricidir. Əhalinin banklara qoyduğu əmanət 11 faiz artıb. Bu, nəyi göstərir? İlk növbədə onu göstərir ki, əhalidə artıq pul kütləsi yaranır. Yəni, daha da çox gəlirlər əldə edilir. Digər tərəfdən onu göstərir ki, banklara olan inam və etibar çox yüksək səviyyədədir. Bu da öz növbəsində bank sektorunun inkişafına xidmət göstərir. Mərkəzi Bankın səyləri nəticəsində manatın məzənnəsinin sabit vəziyyətdə saxlanılması bax, bu vəziyyəti şərtləndiribdir. Əgər biz başqa ölkələr kimi milli valyutanı devalvasiyaya uğratsaydıq, o zaman manata inam azalardı, banklara qoyulan əmanət azalardı və beləliklə, həm inam, həm də ki, bankların maliyyə resursları azalardı. Düzgün siyasətimiz nəticəsində, baxmayaraq ki, demək olar, bölgədə yerləşən bütün ölkələrdə milli valyuta devalvasiya edilib, biz manatı sabit saxladıq. Bu, düzgün siyasət idi. Bu siyasət nəticəsində əhalinin banklara qoyduğu əmanətin həcmi 11 faiz artıb və beləliklə, bir çox məsələ öz həllini tapıb. Bütün bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın ortaya qoyur ki, Azərbaycan böhranlı ildə böhrandan ən az əziyyət çəkən ölkələrdən biridir. Bunun başlıca səbəbi bizim siyasətimizdir, aparılan islahatlardır, sosial siyasətdir, infrastruktur layihələridir və müstəqil siyasətdir. Biz nəyi hesab edirik ki, düzdür, ölkə üçün lazımdır, onu da edirik. Biz əlbəttə ki, beynəlxalq maliyyə qurumları ilə də yaxşı əməkdaşlıq edirik və məsləhətləşmələr aparılır, ancaq öz bildiyimizi edirik. Çünki biz tam əminik ki, bizim siyasətimiz Azərbaycan xalqının mənafeyinə xidmət göstərir və bunun ən gözəl göstəriciləri də doqquz ayın sosial-iqtisadi yekunlarıdır. Bizim əlbəttə ki, böyük təbii resurslarımız - neft-qaz resurslarımız vardır. Ancaq bilirsiniz ki, bir il ərzində neftin qiyməti 140 dollardan 37 dollara düşmüşdür. Bizim dövlət büdcəmizdə bu il neftin qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulmuşdur. Ancaq indi neftin qiyməti 70 dollara yaxınlaşıb, onun ətrafındadır. Amma buna baxmayaraq, bizim iqtisadiyyatımız inkişaf edir. Məhz ona görə ki, biz neftdən gələn gəlirləri vaxtlı-vaxtında insan kapitalına, infrastruktur layihələrinə yönəltdik. Sahibkarlığın inkişafına, kreditlərin verilməsinə, infrastruktura və texnikanın alınmasına yönəltdik. Ona görə iqtisadiyyatımız neft amilindən asılılığını artıq böyük dərəcədə aşağı endirə bilmişdir.
Bu gün bizim valyuta ehtiyatlarımız 19 milyard dollar səviyyəsindədir və bu sahədə də gözəl inkişaf, artım vardır. Bu da bizim üçün çox böyük bir maliyyə qarantıdır. Bütün sosial proqramlar icra edilir. Bu ilin doqquz ayında orta əmək haqqı 15 faiz artıbdır. Bu gün Azərbaycanda orta əmək haqqı 370 dollar səviyyəsindədir. Pensiyalar artır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir və bu gün 150 min ailəyə ünvanlı sosial yardım göstərilir. Ümumiyyətlə bu proqram 700 min nəfəri əhatə edir və hər bir ailəyə verilən yardım orta hesabla haradasa, 140 dollar səviyyəsindədir. Bu da ən imkansız insanlara Azərbaycan dövləti tərəfindən praktiki dəstəkdir. Əlbəttə ki, görülən bütün tədbirlər nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi daha da aşağı düşməlidir. Azərbaycan reallıqları onu göstərir ki, yoxsulların sayı getdikcə aşağı düşür. Bölgələrdə infrastruktur layihələri uğurla davam etdirilir. 2003-cü ildən bu günə qədər Azərbaycanda 824 min yeni iş yerləri açılmışdır. Bu da bölgələrin inkişafı və yerlərdə iş yerlərinin, yeni müəssisələrin yaradılması üçün də çox vacib amildir. Bu il, gələn il və ondan sonrakı illərdə bölgələrdəki mövcud problemlərin həlli üçün daha da böyük işlər görüləcəkdir. Gələn ilin dövlət büdcəsində bütün bu məsələlər öz əksini tapıbdır.
Biz əlbəttə ki, bu il və bundan sonrakı illərdə ordu quruculuğunun inkişafına daha da böyük səylər göstərməliyik və bunu edirik. Bizim hərbi potensialımız gündən-günə güclənir. Azərbaycan Ordusu bu regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da artırmalıyıq. Çünki dediyim kimi, biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqları əfsuslar olsun, hələ ki, heç bir nəticə vermir. Bunun da yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Ermənistan tərəfi danışıqlar prosesində indi vaxt uzatmaq taktikasını tətbiq edir. Bu, yenilik deyildir. Danışıqların müxtəlif mərhələlərində biz bunu görmüşük. Müəyyən həlledici məqamlarda onlar daha əvvəl razılaşdırılmış məsələləri bir daha müzakirəyə çıxarmaq istəyirlər. Bu, əvvəllər də olub, əfsuslar ki, biz bunu bu mərhələdə də görürük. Bəzi hallarda həm biz, həm də məsələ ilə məşğul olan vasitəçilər bunu çox böyük təəccüblə qarşılayırıq ki, bir il, ya üç il bundan əvvəl razılaşdırılmış məsələ yenidən, elə bil ki, yeni bir mövzu kimi ortalığa atılır. Bunun yeganə izahı ola bilər. O da qəsdən vaxtı uzatmaq. Çünki Ermənistan tərəfi praktiki addımlar atmalıdır. O addımlar da ondan ibarətdir ki, Ermənistan bütün qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından, Dağlıq Qarabağın ətrafında yerləşən torpaqlardan çıxarmalıdır. Bu, artıq uzun illərdir ki, razılaşdırılmış məsələdir. Bu məsələdə heç bir başqa fikir ola bilməz. Yenidən bu məsələyə qayıtmağın və razılaşdırılmış digər məsələlərə yenidən qayıtmağın yeganə izahını biz bunda görürük: həlledici məqamlarda vaxtı süni şəkildə uzatmaq və əslində, danışıqlar prosesinə zərbə vurmaq. Biz isə öz prinsipial mövqeyimizdən geri dönməyəcəyik.
Danışıqlar prosesində əldə edilmiş bütün nailiyyətlər, bir tərəfdən, gələcək proses üçün gözəl, yaxşı bir əsasdır. Digər tərəfdən, münaqişənin ərazi bütövlüyü prinsipləri çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsi danışıqlar prosesində və razılaşdırılmış məsələlərdə öz əksini tapıb. Danışıqlar prosesində və müzakirə olunan məsələlərdə Dağlıq Qarabağa nə vaxtsa, lap 100 ildən sonra müstəqilliyin verilməsi ümumiyyətlə müzakirə olunmur və bu, heç vaxt olmayacaqdır. Ona görə biz çalışırıq ki, məsələ beynəlxalq birlik tərəfindən tanınmış norma və prinsiplər əsasında tezliklə həll olunsun. O da ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Bu da danışıqlar prosesində öz əksini tapan bir məsələdir. Ondan sonra sülhməramlı qüvvələr tərəfindən sülhməramlı missiya həyata keçiriləcəkdir. Biz buna etiraz etmirik. Dağlıq Qarabağa müvəqqəti status verilə bilər. Ancaq bu, müstəqillik demək deyildir və gələcək danışıqlar prosesində iki tərəf - Ermənistan və Azərbaycan Dağlıq Qarabağın gələcək statusu haqqında müzakirələri davam etdirəcəklər. Bax, budur əsas prinsiplər. Onların ətrafında indi danışıqlar aparılır və ümid edirəm ki, Ermənistan tərəfi danışıqlarda konstruktivlik göstərib tezliklə məsələnin həlli üçün lazımi addımları atacaqdır.
O da sirr deyil ki, bölgədə yaşanan son hadisələr ola bilsin ki, Ermənistanı bir qədər ruhlandırsın. Ola bilsin onlar indi hesab edirlər ki, onların uzun illər təcrid olunmuş vəziyyətdə yaşamalarına son qoyulur. Mən bu fikirləri bölüşmürəm və bölgədə gedən proseslər, Azərbaycanın bölgədə fəal iştirakı, Azərbaycan tərəfindən irəli sürülmüş bütün təşəbbüslər - siyasi, iqtisadi və başqa təşəbbüslər, Azərbaycanın bölgədə və dünyada artan rolu, əlbəttə, heç vaxt imkan verməyəcək ki, Ermənistan təcrid olunmuş vəziyyətdən çıxsın. Ermənistanın təcrid olunması onun öz rəhbərlərinin fəaliyyəti nəticəsində baş veribdir.
Əgər Ermənistan işğal olunmuş torpaqlardan çıxsa, biz bütün kommunikasiyaları açmağa hazırıq və onda bölgədə sülh və əməkdaşlıq yarana bilər, ölkələrin təhlükəsizliyi təmin oluna bilər. Bölgədə Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan heç bir müsbət irəliləyiş mümkün deyildir. Çünki bölgənin əsas problemi Ermənistan-Azərbaycan münaqişəsidir, Azərbaycan torpaqlarının işğal altında qalmasıdır. Bu məsələni kənara qoyub, hansısa başqa məsələni həll etmək məncə, həm siyasi, həm də mənəvi cəhətdən düzgün deyildir. Digər tərəfdən, mən hesab edirəm ki, bu, mümkün deyildir. Çünki Azərbaycanın artan imkanları bunu qoymayacaqdır. Biz öz milli maraqlarımız uğrunda axıra qədər mübarizə aparacağıq. Bizim mübarizəmiz ədalət mübarizəsidir, haqq-ədalət bizim tərəfimizdədir. Əlbəttə ki, biz öz milli maraqlarımızı istənilən yollarla müdafiə edəcəyik.
Mən bu yaxınlarda Azərbaycan Televiziyasına müsahibəmdə bu məsələ ilə bağlı fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bölgədə status-kvonun dəyişməsini ən çox istəyən ölkə Azərbaycandır. Çünki bu status-kvo bizim torpaqlarımızı 20 ilə yaxındır ki, işğal altında saxlayır. Ancaq bu status-kvo mənfi tərəfə yox, müsbət tərəfə dəyişməlidir. Əgər status-kvo Azərbaycanın maraqları hesabına dəyişəcəksə, biz buna imkan verməyəcəyik. Birinci məsələ həll olunmalıdır - Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana bilər və Azərbaycan o təqdirdə bu işlərdə fəal iştirak edəcəkdir. Hələ ki, Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapmayıb. Əgər kimsə bunu dondurmaq istəyirsə, kimsə bu məsələni arxa plana qoyub başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq.
Mən bilirəm ki, Azərbaycanın mövqeyi heç kim üçün sirr deyildir. Biz bunu dəfələrlə rəsmi və qeyri-rəsmi formatda bildirmişik, öz prinsipial mövqeyimizi ifadə etmişik və izah etməyə çalışmışıq ki, Azərbaycanın iştirakı olmadan bölgədə heç bir məsələ öz həllini tapa bilməz: nə siyasi, nə diplomatik, nə iqtisadi, nə enerji, nə nəqliyyat, nə hansısa başqa məsələ. Bu, reallıqdır. Bu, kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə bilər. Amma bu, reallıqdır və bu reallıqları biz yaratmışıq. Bu reallıqları öz işimizlə, öz məqsədyönlü fəaliyyətimizlə, Azərbaycanı gücləndirərək, iqtisadi və siyasi potensialımızı gücləndirərək, enerji siyasətimizi uğurla və ağılla apararaq biz yaratmışıq. Vaxt keçdikcə bizim bölgədə olan mövqeyimiz daha da güclənəcək, təsir imkanlarımız daha da güclənəcək, iqtisadi, siyasi, diplomatik, hərbi gücümüz daha da güclənəcəkdir və hamı bununla hesablaşmalıdır. Mən bir daha bildirmək istəyirəm ki, bunu hamı bilsin: Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəkdir.
X X X
Daha sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Nəqliyyat naziri Ziya Məmmədov, təhsil naziri Misir Mərdanov və sənaye və energetika naziri Natiq Əliyev çıxış edərək aparılan işlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən uğurlu inkişaf nəticəsində əhalinin sosial rifah halı yüksəlmiş, iqtisadi infrastruktur yaradılmış, qeyri-neft sektorunun inkişafı uğurla həyata keçirilmişdir. Bildirilib ki, artım rabitədə 10,4, nəqliyyatda 5,4 faiz olmuşdur. Cari ilin doqquz ayında inflyasiya 2,1 faiz olmuş, strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1 milyard dollar artaraq 19,1 milyard dollara çatmışdır. Səkkiz ay ərzində xarici ticarət dövriyyəsi 12,4 milyard, o cümlədən ixrac 8,6 milyard, idxal 3,8 milyard dollar təşkil etmiş, 4,8 milyard dollar həcmində müsbət saldo yaranmışdır. Ölkə iqtisadiyyatında əldə olunmuş davamlı inkişaf, həm də əhalinin rifahının yaxşılaşmasına, o cümlədən gəlirlərin və əmək haqqının artmasına öz müsbət təsirini göstərmişdir. Belə ki, doqquz ay ərzində orta aylıq əmək haqqı 15,5 faiz, əhalinin gəlirləri 9,8, adambaşına düşən gəlirlər 8,4, pullu xidmətlər isə 12,5 faiz artmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyevin
yekun nitqi
- İlin sonuna iki ay yarım vaxt qalır və mən əminəm ki, bu müddət ərzində bütün qalan məsələlər də öz həllini tapacaq, beləliklə, Azərbaycan 2009-cu ili uğurla başa vuracaqdır. Bu gün səslənən məruzələr və rəqəmlər bir daha onu göstərir ki, 2009-cu ildə Azərbaycan çox uğurla inkişaf etmişdir, 2008-ci ilin sonlarında qarşıya qoyulan bütün vəzifələr icra edilir. Bu, çox vacibdir. Bu bir daha onu göstərir ki, istənilən şəraitdə Azərbaycan öz planlarını icra etməyə qadirdir. 2003-2008-ci illərdə bizim uğurlu inkişafımız gözəl bir zəmin yaratdı. O illərdə iqtisadiyyat 2,6 dəfə artmışdır və bu artım həyatımızın bütün sahələrində özünü göstərmişdir. 2009-cu il böhranlı il olduğuna görə əlbəttə ki, ümumi daxili məhsulun 6,1 faiz səviyyəsində artımı bizi çox sevindirir. Bu barədə mən öz fikirlərimi bildirdim və hesab edirəm ki, ilin sonuna qədər indiyədək həll olunmamış məsələlər də həll olunmalıdır, bütün sosial və infrastruktur layhələrinin icrası davam etdirilməlidir. Əminəm ki, 2009-cu ilin yekunları da çox müsbət olacaqdır. Makroiqtisadi sabitlik qorunub saxlanılacaqdır. Çalışmalıyıq ki, 2010-cu ildə də makroiqtisadi sabitliyin qorunması üçün praktiki işləri davam etdirək. İnflyasiyanın aşağı səviyyədə olması çox gözəl göstəricidir. Nəzərə alsaq ki, əvvəlki illərdə Azərbaycanda inflyasiyanın həcmi bizi müəyyən dərəcədə narahat edirdi, bu çox sürətlə artırdı. Amma bu il inflyasiya çox yaxşı səviyyədədir.
Sahibkarlığa Kömək Milli Fondunda nəzərdə tutulmuş kreditlərin verilməsi ilin sonuna qədər davam etdirilməlidir. Mən hesab edirəm ki, 2010-cu ildə bu kreditlərin verilməsi ilin birinci yarısında baş tutmalıdır. Biz onu ilin sonuna saxlamamalıyıq. Çünki artıq ilin sonuna az vaxt qalıb. Ancaq o da həqiqətdir ki, bu kreditlər çox düşünülmüş şəkildə verilməlidir. Bu kreditlər ölkəmiz üçün lazım olan sahələrə verilməlidir ki, iqtisadiyyat çoxşaxəli şəkildə inkişaf etsin. Mən çox şadam ki, göstərişlərim İqtisadi İnkişaf Nazirliyi tərəfindən çox operativ qaydada icra olunur. Keçən müşavirədə qarşıya vəzifə qoyulmuşdu ki, tezliklə elevatorların, taxıl anbarlarının, soyuducu kameraların tikintisi üçün lazımi tədbirlər görülsün. Bu məsələlər qısa müddət ərzində öz həllini tapdı. Bu infrastruktur layihələri müxtəlif bölgələrdə uğurla icra edilir. Tam əminəm ki, gələn il və ondan sonrakı illərdə biz, bax, bu il görülən işlərin bəhrəsini görəcəyik. Çünki bu, fermerlərin məhsulunun saxlanması üçün çox yaxşı şərait yaradır, eyni zamanda, istehlak qiymətlərinin qalxmasına imkan vermir. Çalışmalıyıq ki, 2010-cu ildə də bu istiqamətə diqqətimizi yönəldək. Əlbəttə ki, kreditlər başqa sahələrə də veriləcəkdir. O da çox sevindirici haldır ki, artıq gələn il bu kreditlərin böyük hissəsi əvvəllər verilmiş kreditlərin hesabına başa gələcəkdir. O pullar qayıdır. Bu onu göstərir ki, sahibkarlar kreditlərə çox böyük məsuliyyətlə yanaşırlar. Digər tərəfdən onu göstərir ki, bu kreditlərin verilməsi prosesi də çox düzgün aparılmışdır. Yəni, bu sahədə batmış kreditlər yoxdur və bu çox sevindiricidir. Yəni bu onu göstərir ki, seçmə prosesi düzgün aparılmışdır və bu kreditlər çox məsuliyyətli iş adamlarına verildi. Artıq qaytarılan və qaytarılacaq məbləğin hesabına gələn il sahibkarların fəaliyyəti üçün çox gözəl şərait yaradılacaqdır. Nəzərə alsaq ki, bu kreditlər artıq uzun illərdir ki, verilir, hər il əvvəlki illərdə verilən kreditlərin qaytarılması hesabına biz əlavə vəsait əldə edəcəyik. Beləliklə, dövlət büdcəsinə olan yük daha da azalacaqdır.
Beləliklə, iqtisadi islahatların bu istiqaməti özünü təsdiq etdi. Bu onu göstərdi ki, bizim tərəfimizdən verilmiş qərarlar düzgün olub. Bu kreditləşmə, güzəştli şərtlərlə kreditlərin verilməsi sahibkarlığın inkişafına çox böyük imkanlar yaratdı. Bu gün Azərbaycanın ümumi daxili məhsulunda özəl sektorun payı 85 faiz təşkil edir. Bu onu göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə tətbiq olunur və güclənir. Biz bundan sonra da islahatlar aparacağıq. Aparılan islahatlar təkcə kreditlərin verilməsi, yaxud da ki, kənd təsərrüfatı texnikasının alınması ilə məhdudlaşmır. Aparılan islahatlar, eyni zamanda, institusional xarakter daşıyır. Biz beynəlxaq təşkilatlarla məsləhətləşmələr aparırıq və elə etməliyik ki, Azərbaycanda bizneslə məşğul olmaq üçün ən gözəl şərait yaradılsın.
Bizim apardığımız işlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir və belə olmasaydı, 2008-ci ilin yekunlarına görə Dünya Bankı Azərbaycanı "Doing Business" proqramında bir nömrəli islahatçı ölkə kimi tanımazdı. Dünya İqtisadi Forumunun hesablamalarına görə, - bu da dünyanın ən mötəbər qurumlarından biridir, - Azərbaycan rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci yerdədir, MDB məkanında isə birincidir. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bu bir daha onu göstərir ki, vaxtilə bizim uğurlarımızı ancaq neft amili ilə bağlamaq istəyənlər, neftin qiyməti ilə bağlamaq istəyənlər qərəzli mövqedə idilər, yaxud da ki, səhv mövqedə idilər. Biz həmişə demişik ki, bizim uğurlarımızın əsas səbəbi aparılan islahatlar, düşünülmüş siyasət və atılan düzgün addımlar olmuşdur. Bu gün Azərbaycan öz imkanlarından istifadə edib çox güclü və dayanıqlı iqtisadiyyat qurur. Belə olmasaydı, biz dünya miqyasında 51-ci yerdə olmazdıq. Nəzərə almalıyıq ki, bizdə islahatlar cəmi 10-15 il bundan əvvəl aparılmağa başlamışdır.
Çünki müstəqilliyimizin ilk illərində vəziyyət çox gərgin idi, maliyyə böhranı hökm sürürdü və ümumiyyətlə, büdcənin doldurulması böyük problemlərlə üzləşirdi. 90-cı illərin ortalarından Azərbaycanda başlanmış islahatlar bu gün də davam edir. Bu islahatlar gələcəkdə də davam etməlidir. Azərbaycanda hələ çox sahələr vardır ki, orada irəliləyiş olmalıdır. Biz bunu edirik və bunun praktiki nəticələrini də görürük. Həm qanunvericilik sahəsində, - bizim qanunvericiliyimiz inkişaf etmiş ölkələrin qanunvericiliyinə yaxındır və böyük dərəcədə biz bu sahədə siyasi islahatlar aparmaqla istədiyimizə nail olmuşuq, - həm də iqtisadi sahədə göstəricilər göz qabağındadır. Azərbaycanın 51-ci yerdə yerləşməsi onu göstərir ki, bizim siyasətimiz düzgün siyasətdir. Əgər neft amilinə qalsa idi, bölgədə bizdən qat-qat çox neft-qaz hasil edən ölkələr vardır və onların da iqtisadiyatı bizdə olan templərlə artardı. Yəni bir daha demək istəyirəm ki, bu, iqtisadiyyatın dayanıqlılığını göstərir, aparılan islahatların düzgünlüyünü göstərir və əlbəttə ki, həm Azərbaycanı bütün dünyaya olduğu kimi təqdim edir, həm də ən önəmlisi, ölkə daxilində mövcud problemlərin həlli üçün bizə əlavə imkanlar yaradır.
Bir sözlə, gələn il sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görülməlidir, islahatlar davam etdirilməlidir. Biz bütün məsələlərə obyektiv yanaşmalıyıq və öz siyasətimizi məqsədyönlü şəkildə aparmalıyıq.
Azərbaycanda Dövlət İnvestisiya Şirkətinin fəaliyyətinə böyük əhəmiyyət verilir. Nəinki Azərbaycanda, başqa ölkələrdə, xarici səfərlərdə olarkən biz Dövlət İnvestisiya Şirkətinə olan marağı görürük. Bu şirkət artıq özünü dünyaya təqdim edə bilib və əsas funksiyalarını yerinə yetirir. Bu şirkəti yaradanda qarşıya əsas məqsəd qoyulmuşdu ki, Azərbaycan iqtisadiyyatı üçün lazım olan sahələrə investisiyalar cəlb edilsin, Azərbaycanda investisiya axını birtərəfli olmasın. Çünki sirr deyil ki, xüsusilə müstəqilliyimizin ilk illərində investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdu. Biz bunu alqışlayırıq. Bu gün də bunu alqışlayırıq və bu gün də Azərbaycanın neft-qaz sektoru beynəlxalq şirkətlər üçün cəlbedicidir. Əgər belə olmasaydı, bu yaxınlarda çox vacib kontraktlar və anlaşma memorandumları imzalanmazdı. Ancaq bizə daha çox lazım olan investisiyalar qeyri-neft sektoruna olan investisiyalardır. Bu məqsədlə Dövlət İnvestisiya Şirkəti yaradıldı. İndi müxtəlif layihələr icra olunur və demək olar ki, şirkətin nizamnamə kapitalında cəmləşən vəsait də artıq bölünüb. Belə olan halda yəqin ki, növbəti illərdə Dövlət İnvestisiya Şirkətinin maliyyə resurslarına biz hər il əlavə vəsait qoymalıyıq. Gələn ilin dövlət büdcəsi hazırlandı, yəqin ki, bu yaxınlarda Milli Məclis tərəfindən müzakirə olunacaqdır. Hesab edirəm ki, dövlət büdcəsi balanslaşdırılmış əsasda tərtib edilibdir. Neftin bir barrelinin qiyməti 45 dollar hesablanıbdır. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Ola bilər ki, bir qədər konservativ yanaşmadır. Ancaq hətta 45 dollar olmaqla, Azərbaycanın qarşısında duran bütün sosial, iqtisadi və infrastruktur layihələrini icra etmək üçün imkanlar vardır. Əgər neftin qiyməti bundan artıq olsa, əlbəttə ki, biz bundan ancaq fayda götürəcəyik, bizim valyuta resurslarımız daha da çoxalacaqdır. Amma hətta bir barreli 45 dollar olmaqla biz hesab edirik ki, Azərbaycanın valyuta ehtiyatları gələn il artmalıdır. Elə etməliyik ki, həm Dövlət Neft Fondunda cəmləşən vəsait, Mərkəzi Bankın ehtiyatları və Maliyyə Nazirliyinin resursları artsın. Bu gün əgər bizim valyuta ehtiyatlarımız 19 milyarddırsa, gələcəkdə bu daha da artmalıdır. Biz bunu 50 milyarda da, ondan böyük rəqəmə də çatdırmalıyıq ki, gələcəkdə bu vəsaitin idarə olunmasından əldə ediləcək gəlirlər sosial məsələlərin həllinə xidmət göstərsin. Böyük məbləğ yaradılmalıdır ki, idarəolunmadan əldə olunacaq faizdən biz dövlət büdcəsinin yükünü daha da azaltmaq üçün istifadə edək.
Gələn il müxtəlif sahələrdə islahatların davam etdirilməsi gözlənilir. Bu islahatlar həm bizim iqtisadi vəziyyətimizi yaxşılaşdıracaq, eyni zamanda, əhalinin sosial məsələlərinin həllinə də xidmət göstərəcəkdir. Apardığımız iqtisadi siyasətin xüsusiyyəti ondan ibarətdir ki, hətta ən ciddi islahatları biz elə aparırıq ki, insanlar bu islahatlardan əziyyət çəkməsinlər. Çünki sirr deyil ki, keçid dövrünü yaşayan ölkələrdə, adətən, ciddi islahatlar insanların müflisləşməsinə gətirib çıxarır. Ancaq Azərbaycanda ciddi sosial siyasət aparılır, bazar iqtisadiyyatı prinsipləri tam tətbiq edilir və Azərbaycan büdcəsi də bax, bu siyasətin təzahürüdür. Büdcə həm sosial yönümlüdür, həm investisiya yönümlüdür, həm də vacib infrastruktur layihələrinin icrası nəzərdə tutulur. İnvestisiya xərclərimiz haradasa 5 milyard dollar ətrafında nəzərdə tutulur. Eyni zamanda, bütün sosial proqramlar, ünvanlı sosial yardım, əmək haqları, pensiyalar, digər müavinətlər nəzərdə tutulur və o yardımların səviyyəsi tədricən artırılır. İnfrastruktur layihələrinə gəldikdə deyə bilərəm ki, son illər ərzində bu sahəyə qoyulan vəsait özünü doğrultdu. Mən artıq bu barədə öz fikirlərimi bildirdim. Əgər bu infrastruktur layihələrini biz icra etməsəydik, bu gün regional inkişafdan, ümumiyyətlə söhbət gedə bilməzdi. Bu infrastruktur sosial obyektlərin tikintisinə yönəldilibdir, son illər ərzində 1800-ə qədər məktəb tikilibdir, yüzlərlə tibb məntəqələri, tibb ocaqları, xəstəxanalar tikilibdir. Bu proses davam etdirilməlidir və gələn ilin büdcəsində bu məsələlər üçün vəsait nəzərdə tutulur.
Bununla bərabər, yolların, su, qaz və elektrik xətlərinin, elektrik stansiyalarının, su anbarlarının tikintisinə qoyulan bütün bu investisiyalar bir məqsədi güdür ki, Azərbaycan iqtisadiyyatı daha da güclü olsun və biz daxili imkanlardan maksimum dərəcədə səmərəli şəkildə istifadə edə bilək. Biz onsuz da ancaq özümüzə arxalanırıq. Azərbaycan yeganə ölkələrdən biridir ki, bu böhranlı müddətdə nə hansısa başqa ölkəyə, nə də beynəlxalq maliyyə qurumuna müraciət etməmişdir. Əgər biz ətrafa baxsaq görərik ki, bəziləri gedib başqa ölkələrdən maliyyə resursları əldə etməyə çalışırlar və bəzi hallarda buna müvəffəq olurlar. Bəziləri isə beynəlxalq maliyyə qurumlarından veriləcək kreditlərin hesabına böhranlı vəziyyətdən çıxmaq istəyirlər. Azərbaycan nadir ölkələrdəndir ki, heç kimə maliyyə yardımı üçün müraciət etməmişdir. Nəinki bu il, əvvəllər də olmayıbdır. Düzdür, müstəqilliyimizin ilk illərində beynəlxalq maliyyə qurumları bizə kömək göstərmişdilər və biz bu gün də xarici maliyyə qurumlarının kredit resurlarından imtina etmirik. Baxmayaraq ki, bizim böyük valyuta ehtiyatlarımız vardır, yenə də kredit imkanlarından istifadə etməliyik və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı davam etdirməliyik, daha da dərinləşdirməliyik. Düzdür, bu əməkdaşlığın indi daha çox məsləhətləşmələr əsasında yeni forması nəzərdən keçirilir. Eyni zamanda, ucuz kreditlərin Azərbaycan iqtisadiyyatına gətirilməsi də əlbəttə ki, bizim marağımızdadır. Ancaq o da həqiqətdir ki, biz öz hesabımıza yaşayırıq. Ona görə, Azərbaycan dövləti və Azərbaycan rəhbərliyi öz siyasətini çox normal şəraitdə aparır. Ona görə, Azərbaycan beynəlxalq müstəvidə öz mövqeyini müdafiə edə bilir. Ona görə, Azərbaycan müstəqil siyasət aparır. Ona görə, Azərbaycan xalqı bu siyasətdən fayda götürür.
İnfrastruktur layihələrinin icrası növbəti ildə də davam etdiriləcəkdir. Bu vaxta qədər icra olunmamış, icrada olan layihələr icra edilməlidir. İlk növbədə, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatdırılmalıdır. Taxtakörpü su anbarının tikintisi gedir, oraya da vəsait ayrılacaqdır. Samur-Abşeron su kanalının tikintisi də gedir, Şəmkirçay su anbarının tikintisi başlamışdır. Bu da çox böyük layihədir. Həm iqtisadi cəhətdən, həm sosial baxımdan çox böyük əhəmiyyətə malik layihədir. Bir müddət bundan əvvəl mən o su anbarının təməl daşını qoydum. Bütün bu layihələr Azərbaycanı daha da gücləndirəcəkdir. Suvarılan torpaqlar çoxalacaq, içməli su problemləri daha da asanlıqla öz həllini tapacaqdır. Eyni zamanda, ucuz elektrik enerjisi istehsal olunacaqdır. Biz alternativ enerji mənbələrindən çox səmərəli şəkildə istifadə etməliyik. Biz enerji təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll etdik. Neft hasilatı, qaz hasilatı artıq bizim tələbatımızı ödəyir. Biz xaricə də qaz ixrac edirik. Son illər ərzində tikilən elektrik stansiyaları, modul tipli elektrik stansiyaları və mövcud stansiyalarda yenidənqurma işləri Azərbaycanı elektrik enerjisi ilə tam şəkildə təmin edir. Burada qeyd olunduğu kimi, Azərbaycan hətta müxtəlif ölkələrə - həm Rusiyaya, həm İrana, həm də Türkiyəyə elektrik enerjisini ixrac edir. Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac edilir. Yəni ki, biz bu əsas təxirəsalınmaz tədbirləri gördük. "Astara", "Xaçmaz", "Şəki", "Naxçıvan", "Bakı", "Səngəçal", "Şahdağ" modul tipli elektrik stansiyaları tikilib istifadəyə verildi. Sumqayıt Elektrik Stansiyası mənə verilən məlumata görə, demək olar ki, artıq hazırdır. Bu da 500 meqavat gücündə olan stansiyadır. "Cənub" Elektrik Stansiyasında da tikinti gedir. O da 800 meqavat gücündə olan stansiyadır. Belə olan halda, bundan sonra biz alternativ enerji mənbələrinə daha çox üstünlük verməliyik.
Bizim su resurslarımızın xəritəsi tərtib edildi. Biz bilirik, enerji resurslarını yaratmaq üçün hansı çaylardan istifadə edəcəyik. Eyni zamanda, tikilməkdə olan su anbarlarından - həm Taxtakörpü, həm Şəmkirçay su anbarlarından da elektrik enerjisi istehsalı üçün istifadə olunacaqdır. Biz dağ çaylarının imkanlarından tam şəkildə istifadə etməliyik və hesab edirəm ki, gələn il praktiki işlər başlanmalıdır. Lap 2-3 meqavat da olsa, biz bunu etməliyik. Bununla bərabər, külək və günəş enerjisinin istehsalı üçün indi əməli işlər görülür, ilkin təcrübə vardır və biz bu təcrübəni daha da genişləndirməliyik. Gələn il bu məqsədlər üçün xüsusi vəsait ayrılacaqdır. Bu yaxınlarda yaradılmış alternativ enerji üzrə agentlik də layihələrini hazırlayıb. Onlar bu yaxınlarda təhlil ediləcəkdir. Mən hesab edirəm ki, yubanmadan - gələn ilin əvvəlindən, bəlkə də bu il müəyyən işləri aparmaq mümkün olacaqdır. Biz bunu başlayaq və bunun böyük faydası olacaqdır. Çünki ilk növbədə, biz təbii resurslarımıza qənaət edəcəyik, az qaz işlədəcəyik. İndi, düzdür, mazut yandırmırıq. Amma əvvəllər mazut yandırırdıq. Az qaz işlətdikcə onu daha çox ixrac edəcəyik, eyni zamanda ucuz enerji resursları alacağıq.
**
Sonda ölkə Prezidenti müvafiq qurumların rəhbərlərinə qarşıda görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verdi.