PDF Oxu

Siyasət

  • 6

Azərbaycan - İordaniya əməkdaşlığı mühüm tərəfdaşlığa çevrilir

Azərbaycan - İordaniya əməkdaşlığı mühüm tərəfdaşlığa çevrilir

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığına rəsmi səfərə yola düşüb.
Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
Əmmanın Kraliça Alia Beynəlxalq hava limanında qarşılanma
Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığına rəsmi səfərə gəlib.
Azərbaycanın və İordaniyanın dövlət bayraqları ilə bəzədilmiş Əmmanın Kraliça Alia Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı İordaniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Mehriban xanıma gül dəstəsi təqdim edildi.

Əmmanda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Oktyabrın 12-də İordaniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Əmmanın Al Hummar sarayında rəsmi qarşılanma mərasimi olub. İordaniyanın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İordaniya Kralı II Abdullah və kraliça Raniyə Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı sarayın önündə qarşıladılar. İordaniyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycanın nümayəndə heyətinin üzvləri Kral II Abdullaha təqdim olundu.
Hərbi orkestrin ifasında Azərbaycanın və İordaniyanın dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın görüşü

Oktyabrın 12-də Al Hummar sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın İordaniya Kralı II Abdullah və xanımı Raniyə ilə birgə görüşü olub.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Dövlət başçıları yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini qeyd etdilər. Prezident İlham Əliyevin İordaniyaya növbəti rəsmi səfərinin əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyi bildirildi. Prezident İlham Əliyev və Kral II Abdullah ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə etdilər.

Geniş tərkibdə görüş

Oktyabrın 12-də Al Hummar sarayında Prezident İlham Əliyevin və Kral II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə Kral II Abdullah Azərbaycan ilə İordaniya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı.
İordaniya dövlətinin başçısı ölkəsinin Azərbaycan ilə əlaqələrinə mühüm əhəmiyyət verdiyini qeyd etdi. Kral II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında güclü siyasi əlaqələrin ikitərəfli əməkdaşlığı genişləndirməyə hərtərəfli zəmin yaratdığını vurğuladı. Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfərinin əlaqələrin inkişafında vacib rol oynadığını dedi. Prezident İlham Əliyev İordaniyanın beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdi, səfər zamanı imzalanacaq sənədlərin əlaqələrimizin möhkəmlənməsinə əlavə imkanlar açacağını söylədi. İki ölkənin iqtisadi əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edən Prezident İlham Əliyev, bu baxımdan hökumətlərarası iqtisadi komissiyasının işinin əhəmiyyətini vurğuladı. Azərbaycan dövlətinin başçısı səfər çərçivəsində həyata keçiriləcək konkret layihələrlə bağlı faydalı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyanın Baş naziri Nader Dəhəbi ilə görüşü

Oktyabrın 12-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının Baş naziri Nader Dəhəbi ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidentinin və xanımının şərəfinə

Oktyabrın 12-də Əmmanda İordaniya Kralı II Abdullah və kraliça Raniyə tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə nahar verilib.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfəri davam edir.

Digər xəbərlər