PDF Oxu

Siyasət

  • 8

Azərbaycan səhiyyə sistemi: uğurlar, problemlər, perspektivlər

Azərbaycan səhiyyə sistemi: uğurlar, problemlər, perspektivlər
Azərbaycanın Rusiya, Türkiyə və İrandakı səfirliklərinin nümayəndələri belə bir tendensiyanın yarandığını müşahidə ediblər. Əvvəllər müxtəlif ağır xəstəliklərə mübtəla olmuş Azərbaycan vətəndaşlarının müalicə üçün Moskva, İstanbul və ya Tehrana getməsi adi hal idi. Son 3 ildə isə bu axın azalmış, əksinə, həmin ölkələrdəki soydaşlarımızın müalicə üçün Bakıya qayıtması tendensiyası yaranmışdır.
Bu isə neft gəlirlərinin qeyri-neft sektorunun, xüsusən, sosial sahələrin inkişafına istiqamətləndirilməsini təmin edən Azərbaycan rəhbərliyinin növbəti uğurlarından biridir. Xaricdəki diplomatik korpusumuzun təmsilçilərinin müşahidə etdiyi bu tendensiya Azərbaycan səhiyyəsinin inkişaf tempini xarakterizə etmək üçün əlavə şərhə ehtiyacı olmayan faktdır.
Hələ sovet dövründə- ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda yüzlərlə iri, o dövr üçün müasir olan səhiyyə obyektləri inşa edilib, respublikada mövcud olan tibb müəssisələrinin yarıdan çoxu yenidən qurulub, ambulator-poliklinika şəbəkəsi genişləndirilib. Bakıda və ölkənin digər şəhərlərində ittifaq əhəmiyyətli, yüksək ixtisaslaşmış səhiyyə müəssisələri istifadəyə verilib.
Ölkə paytaxtında Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Yanıq Mərkəzi, Əlillərin Reabilitasiya Mərkəzi, Uroloji Xəstəxana və başqa səhiyyə obyektləri yaradılıb. İstisu, Qalaaltı, Naftalan, Günəşli, Abşeron, Qızılqum, Bilgəh kurort və sanatoriyaları da məhz həmin illərdə tamamilə yenidən qurularaq ölkə əhalisinin istifadəsinə verilib.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda rəhbərliyə gəlişindən sonra isə ölkə səhiyyəsinin inkişafında yeni mərhələ başlandı. Qısa müddət ərzində səhiyyə sisteminin fəaliyyətini tənzimləyən 10-dan artıq qanun işlənib hazırlandı. Məhz həmin qanunların qəbul edilməsindən sonra- 1998-ci ilin martında Azərbaycan Prezidenti Heydər Əliyev "Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə" sərəncam imzaladı, sahənin daha genişmiqyaslı inkişafına start verildi.
Heydər Əliyevin ölkə səhiyyəsinin inkişafına ayırdığı diqqətin nəticəsində Azərbaycan səhiyyəsi MDB dövlətləri arasında və dünya səhiyyə sistemində çox böyük nüfuz qazanmışdı. Təsadüfi deyil ki, 1998-ci ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatının ali orqanının sessiyasında Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar yüksək qiymətləndirilmiş, ölkəmizə göstərilən yardımın məbləğinin 1999-cu ildən etibarən 3 dəfə artırılması barədə qərar qəbul edilmişdi.
Həmin dövrdə Azərbaycanda səhiyyə sahəsində bir sıra beynəlxalq elmi konfrans, konqres və qurultaylar keçirilmiş, ulu öndərin xüsusi tövsiyələri ilə dünya səhiyyə elminin nailiyyətləri Azərbaycan səhiyyəsinə tətbiq edilmişdi.
2003-cü ilin oktyabrından sonra isə ölkədə daha genişmiqyaslı sosial siyasətin həyata keçirilməsi səhiyyənin növbəti mərhələdə inkişaf etdirilməsinə və əhalinin sağlamlığının qorunmasına zəmin yaradıb. Səhiyyəyə dövlət büdcəsindən ayrılan vəsait ildən-ilə artmış, sahənin islahatları daha da dərinləşdirilib.
2008-ci il fevralın 1-dən Səhiyyə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrində əhaliyə pulsuz tibbi xidmət göstərilir. Əhalinin sağlamlığına göstərilən dövlət qayğısı nəticəsində ölkədə gözlənilən ömür uzunluğu və doğulanların sayı ilbəil artır.
2003-cü ildə ölkə ərazisində yeni doğulanların sayı əhalinin hər 1000 nəfərinə 14 körpə idisə, 2008-ci ilin yanvarında bu göstərici 18 olub ki, bu da ancaq və ancaq sosial şəraitin yaxşılaşması və əhalinin sağlamlıq səviyyəsinin yüksəlməsi ilə izah edilir. 2003-cü ildə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsait 55,3 milyon manat idisə, 2009-cu ildə bu göstərici artıq 400 milyon manatdır. 2013-cü ildə isə Azərbaycan dövləti səhiyyə sahəsinə 600 milyon manat vəsait ayıracaq.
Səhiyyə sahəsində çalışanların orta aylıq əmək haqqı 2003-cü illə müqayisədə 4 dəfə artıb. Bu sahəyə aid qəbul edilmiş 6 dövlət proqramına müvafiq olaraq şəkərli diabet, onkoloji, xroniki böyrək çatışmazlığı, irsi qan, yoluxucu xəstəliklərdən əziyyət çəkən xəstələr dövlət hesabına (pulsuz) müalicə alır və dərmanlarla təchiz olunurlar.
Fəaliyyət göstərən tibb ocaqlarında köhnəlmiş avadanlıqlar yeniləri ilə əvəz olunur, genişmiqyaslı təmir-tikinti işləri həyata keçirilir, regionların tibbi təchizatı gücləndirilir. Son illər 43 yeni xəstəxana və müalicə-diaqnostika mərkəzi (1277 çarpayılıq), növbədə 1800 nəfəri qəbul etmək imkanına malik olan 46 ambulatoriya-poliklinika müəssisəsi, əlillər üçün 4 bərpa mərkəzi tikilib istifadəyə verilib.
Ölkənin müxtəlif şəhər və rayonlarında 12 regional diaqnostika və sağlamlıq mərkəzi tikilmiş, bu mərkəzlər ən müasir tibbi avadanlıq və reanimobillərlə təchiz edilib.
Azərbaycanı konkret sahələrə aid, elmi əsaslandırmalara əsasən tərtib edilmiş dövlət proqramları ilə inkişaf etdirən İlham Əliyev səhiyyə sisteminin də növbəti illər üçün perspektivini müəyyən edib. Dövlət Statistika Komitəsinin məlumatında göstərilir ki, 2013-cü ilə qədər Azərbaycanda 30 ilkin tibbi müəssisənin və 5 çoxprofilli poliklinikanın tikintisi başa çatdırılacaq.
Regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılması nəticəsində rayonlardan Bakıya gələn xəstələrin sayı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faizə qədər azalıb. Bu isə ən yüksək səhiyyə xidmətinin artıq hamı üçün əlçatan olması deməkdir.
Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən səhiyyə islahatları əhalinin sağlamlığı üçün hər cür şərait və imkan yaradır. Bu da, öz növbəsində, indiki və gələcək nəsillərin vətənimiz üçün daha böyük işlər görmək imkanlarını artırır.

Digər xəbərlər