Prezidentlərin növbəti görüşü münaqişənin həlli üçün həlledici ola bilər
Məlum olduğu kimi, oktyabr ayının 8-9-da MDB ölkələrinin Kişinyovda keçiriləcək sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü gözlənilir. Bu görüşün əsas təşəbbüskarları olan Minsk Qrupunun həmsədrləri də ötən həftə özlərinin birgə bəyanatları ilə çıxış etdilər.
Onların verdiyi bəyanatda bildirilir ki, Kişinyovda keçiriləcək görüşdə tərəflərə Madrid prinsiplərinin yenilənmiş variantı təqdim olunacaq ki, müzakirələrin də, əsasən, bu sənəd ətrafında aparılacağı gözlənilir. Minsk Qrupu həmsədrləri, həmçinin, onu da bildiriblər ki, onlar danışıqların gedişatından və əldə olunan irəliləyişdən məmnundurlar.
Artıq bir neçə gündür ki, həmsədrlər regiona səfərə başlayıblar. Onlar, ilk olaraq, Ermənistanda və qondarma Dağlıq Qarabağ respublikasında olublar. Daha sonra isə onlar Bakıya gəliblər. Həmsədrlər burada keçiriləcək görüşlərdə də Ermənistan tərəfi ilə apardıqları müzakirələr barədə məlumat verəcək və səfərin sonunda isə yenidən Ermənistana səfər edəcək, buradakı danaşıqlar barədə erməni tərəfini məlumatlandıracaqlar. Bütün bunlar prezidentlər arasında növbəti görüşün danışıqları üçün baza rolunu oynayacaq. Həmsədrlər hər iki tərəfin mövqeyini öyrənməklə Kişinyov görüşündə tərəflərin mövqelərinin uzlaşdırılması üçün öz səylərini göstərəcəklər.
Dağlıq Qarabağ münaqişəsi ötən həftə Naxçıvanda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısında da müzakirə mövzularından olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında bu məsələyə münasibət bildirirkən, çox nikbin olduğunu nəzərə çatdırıb. O, danışıqlar prosesində əldə olunan irəliləyişdən danışaraq, münaqişənin sülh yolu ilə həllinin artıq son mərhələsində olduqlarını bildirib. O, Azərbaycan Respublikasının yeritdiyi fəal və yeganə məqsədə yönəlmiş xarici siyasətinin əldə etdiyi uğurlar nəticəsində tezliklə problemin sülh yolu ilə həll olunacağına inandığını bildirib. Zirvə toplantısında çıxış edən Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gül də problem barədə öz fikirlərini açıqlayaraq, onun həlli yolunda atılan addımları dəstəklədiklərini bildirib. Türkiyənin regionda sülh və əmin-amanlığın tərəfdarı olduğunu bildirən prezident gələcək də bu sahədə öz yardımlarını əsirgəməyəcəyini bildirib.
Əslində, cənab Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi barədə söylədiyi fikirlər onun gələcək perspektivləri barədə nikbin olmağa əsas vermiş olur. Hər halda, bu gün münaqişə tərəflərindən birinin prezidentinin problem barədə belə fikirlər söyləməsi bizdə belə bir təəssüratın yaranmasına rəvac verir. Kişinyov görüşündə də bu mövqenin əsas olacağını gözləmək olar. "Madrid prinsipləri"nin yenilənmiş variantının tərəflərin mövqelərinə göstərəcəyi təsiri də nəzərə almaq lazımdır. Bu sənədin müddəalarının tərəflərdən hər hansının mənafeyinə cavab vermədiyi təqdirdə isə, onların aparılacaq danışıqlardan imtina etməsi də istisna edilmir.
Bundan başqa, dünya ictiamaiyyətinin Dağlıq Qarabağ münaqişəsi barədə göstərdikləri mövqe də nəzərə alınmalıdır. Onların mövqelərinin əsasını isə münaqişənin istənilən yolla status-kvo vəziyyətindən çıxarılması təşkil edir ki, bu da Ermənistanın mənafelərinə cavab vermir və onu konstruktiv mövqe göstərməyə sövq edir. Ermənistan rəhbərliyi isə hər vəchlə münaqişənin dondurulmuş vəziyyətdə qalmasının tərəfdarı olduğunu isə öz yeritdiyi siyasətdə açıq-aşkar şəkildə bildirməkdədir. Məhz onun göstərdiyi qeyri-konstruktiv mövqe münaqişənin həll olunmamış qalmasına öz təsirini göstərməkdədir. Bütün mümkün və qeyri-mümkün yollarla münaqişənin həllindən qaçmağa çalışan Ermənistan rəhbərliyi artıq bu mövqeyinə görə dünya ictimaiyyəti tərfindən də tənqid olunmağa başlayıb. Ona qarşı olan təzyiqlərin nəticələrini isə danışıqların gələcək mərhələlərində hiss etməyin mümkün olacağını da istisna etmək olmaz. Əgər belə bir hal müşahidə olunarsa, onda hər hansı çərçivə sənədinin imzalanmasından da danışmaq olar.