Danilo Türk: “Prezident İlham Əliyevin müdrikliyini və siyasi düşüncəsini yüksək qiymətləndirirəm”
Oktyabrın 1-də AŞPA-nın payız sessiyası öz işini davam etdirib. Sessiyada Sloveniyanın Prezidenti Danilo Türk çıxış edərək ölkəsində gedən demokratik proseslərdən, Avropa Şurası və digər ölkələrlə dostluq əlaqələrindən danışıb. Yığıncaqdan sonra azərbaycanlı jurnalistlərin Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişafı, Sloveniyanın Avropa İttifaqının üzvü kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı strategiyanı həyata keçirməsi, Xəzər dənizi regionunun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu barədə suallarının cavabında Prezident Danilo Türk deyib ki, Azərbaycan ilə Sloveniya arasında əlaqələr çox yaxşı və dostluq səviyyəsindədir:
"Hər iki ölkə arasında siyasi məsləhətləşmələri gücləndirmək lazımdır. Mən cənab İlham Əliyev ilə Birləşmiş Millətlər Təşkilatında görüşmüşəm. Azərbaycan Prezidentinin müdrikliyini və siyasi düşüncəsini yüksək qiymətləndirirəm. Hazırda bizim əsas istəyimizdən biri ölkələrimiz arasında siyasi məsləhətləşmələrin gücləndirilməsidir. Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropa İttifaqı üçün vacib tərəfdaşdır, eləcə də ümumi təhlükəsizlik məsələlərinə yaxşı töhfə verir. Azərbaycan enerji təhlükəsizliyində, o cümlədən sülhün qorunub saxlanmasında çox konstruktiv rol oynaya bilər. Bu potensialı gələcək naminə inkişaf etdirməyin böyük əhəmiyyəti vardır. Bir daha xatırlatmaq istəyirəm ki, mən Azərbaycana səfər edəcəyimdəm böyük məmnunluq hissi duyuram. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ətrafında fikir mübadiləsi aparmaq da səfərimin gündəliyinə daxildir. Biz görürük ki, bu sahədə son zamanlar müsbət irəliləyişlər baş vermişdir. Əminəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları tezliklə tapılacaqdır."