Prezident təbrik məktubları göndərib
Prezident İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Umaru Yar`Aduaya təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Nigeriya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və firavanlıq diləyirəm."
* * *
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Hu Szintaoya bu ölkənin Milli bayramı münasibəti ilə təbrik məktubu göndərib. Ölkə başçısının məktubunda deyilir: "Hörmətli cənab Sədr, Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan-Çin əlaqələrinin gündən-günə genişlənməsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına əmin-amanlıq və rifah arzulayıram."