PDF Oxu

Siyasət

  • 16

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 29-da Buxarestdəki "Tey" parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Burada dövlətimizin başçısını və xanımını Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanu qarşıladı. Mehriban xanıma gül dəstəsi təqdim olundu. Parka toplaşmış yüzlərlə şəhər sakini, məktəblilər, Azərbaycan diasporunun fəalları, Rumıniyada təhsil alan azərbaycanlı tələbələr dövlətimizin başçısını və xanımını alqışlarla qarşıladılar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi önünə gül dəstələri qoydular. Uşaqlarla xatirə şəkli çəkdirən dövlətimizin başçısı və xanımı "Tey" parkını gəzdilər, sakinlərlə və Azərbaycan diasporunun fəalları ilə söhbət etdilər.

Prezident İlham Əliyev Rumıniya Senatının sədri Mirça Coana ilə görüşüb

Sentyabrın 29-da Prezident İlham Əliyev Rumıniya Senatının sədri Mirça Coana ilə görüşüb. Mirça Coana bildirdi ki, ölkəsi Azərbaycan ilə ikitərəfli münasibətlərə böyük önəm verir və əlaqələrimiz strateji xarakter daşıyır. Azərbaycan Prezidentinin Rumıniyaya rəsmi səfərinin əhəmiyyətinin vurğulayan Senatın sədri dedi ki, Azərbaycan bütün sahələrdə mühüm dövlətdir, bizə dost ölkədir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafında əvəzsiz xidmətlərini xüsusi qeyd edən Mirça Coana ölkəsinin Azərbaycan ilə əlaqələrinin bundan sonra da daim inkişaf edəcəyinə əmin olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan-Rumıniya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini dedi. Siyasi, iqtisadi əlaqələrimizin genişləndiyini, enerji sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirən dövlətimizin başçısı, səfər çərçivəsində prezidentlərin imzaladığı "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə"nin əhəmiyyətinə toxunaraq qeyd etdi ki, bu sənəd geniş sahələri əhatə edir, əlaqələrimizin ruhunu əks etdirir. Prezident İlham Əliyev Bəyannamənin əlaqələrimizin bundan sonra da genişlənməsinə öz töhfəsini verəcəyini bildirdi. Dövlətimizin başçısı ikitərəfli münasibətlər baxımından qarşıda böyük birgə layihələrin olduğunu dedi və bildirdi ki, Avropaya inteqrasiya məsələlərində Rumıniya Azərbaycana dəstək verir. Görüşün sonunda Mirça Coana Rumıniya Senatının 140 illiyinə həsr olunmuş xatirə medalını Prezident İlham Əliyevə təqdim etdi. Azərbaycan Prezidenti Senatın xatirə kitabına ürək sözlərini yazdı.

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Deputatlar Palatasının sədri xanım Roberta Anastase ilə görüşüb

Sentyabrın 29-da Prezident İlham Əliyev Rumıniya Deputatlar Palatasının sədri xanım Roberta Anastase ilə görüşüb. Xanım Roberta Anastase dedi ki, ikitərəfli əməkdaşlığımız inkişaf edir, getdikcə genişlənən parlamentlərarası əlaqələr isə bu münasibətlərə töhfə verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir.
Deputatlar Palatasının sədri Azərbaycan Prezidentinin Rumıniyaya rəsmi səfərinin əhəmiyyətini qeyd etdi. O, Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyətini yüksək qiymətləndirdi, bildirdi ki, ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır. Prezident İlham Əliyev dedi ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir. Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan dövlətimizin başçısı bildirdi ki, bu sahədə də əməkdaşlığımız tərəqqi edir. İkitərəfli münasibətlərin inkişafı üçün möhkəm hüquqi baza vardır. Dünən imzalanmış "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə" ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini əhatə edir və bu sənəd münasibətlərimizin inkişafına töhfə verəcəkdir. Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyətinə toxunan Prezident İlham Əliyev dedi ki, bu, əməkdaşlığımızın intensivliyinin göstəricisidir. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Rumıniyanın mövqeyini xüsusi vurğuladı. Azərbaycan Prezidenti ölkələrimizin iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığına toxundu, Rumıniyanın Avropaya inteqrasiya məsələlərində ölkəmizə verdiyi dəstəyi qeyd etdi.
Əlaqələrimizin möhkəm siyasi əsasının olduğunu vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bu da ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafına təkan verir.

Səfər başa çatdı

Sentyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri başa çatıb. Azərbaycanın və Rumıniyanın dövlət bayraqları ilə bəzədilmiş Henri Koande adına Buxarest Beynəlxalq hava limanında Azərbaycan dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Rumıniyanın yüksək vəzifəli rəsmi şəxsləri yola saldılar.
Dövlətimizin başçısı həmin gün Bakıya qayıdıb. Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Digər xəbərlər