Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfərə yola düşüb. Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
Buxarest hava limanında qarşılanma
Sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfərə gəlib. Azərbaycanın və Rumıniyanın dövlət bayraqları ilə bəzədilmiş Henri Koande adına Buxarest Beynəlxalq hava limanında Azərbaycan dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rumıniyanın yüksək vəzifəli rəsmi şəxsləri qarşıladılar.
Mehriban xanıma gül dəstəsi təqdim edildi.
Rəsmi qarşılanma mərasimi
Sentyabrın 28-də Buxarestdə Rumıniya Prezidentinin iqamətgahında - "Kotroçen" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Rumıniyanın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Rumıniya Prezidenti Trayan Besesku və xanımı Mariya Besesku Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı sarayın önündə səmimiyyətlə qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Hərbi orkestrin ifasında Azərbaycanın və Rumıniyanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev rumın əsgərlərini salamladı. Rumıniyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidentinə, ölkəmizin nümayəndə heyətinin üzvləri Rumıniya Prezidentinə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü
Sentyabrın 28-də Buxarestdə Rumıniya Prezidentinin iqamətgahında - "Kotroçen" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü olub. Görüşdə Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından danışıldı. Münasibətlərimizin Avropa İttifaqı çərçivəsində genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu. Həyata keçirilən yüksək səviyyəli səfərlərin əlaqələrimizin inkişafına təkan verdiyi vurğulandı. Enerji sahəsində davam edən əməkdaşlığımızın geniş perspektivləri olduğu bildirildi. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Geniş Tərkibdə görüş
Sentyabrın 28-də Buxarestdə Rumıniya Prezidentinin iqamətgahında - "Kotroçen" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü başa çatdıqdan sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Rumıniya Prezidenti Trayan BESESKU dövlətimizin başçısını salamlayaraq dedi:
- Cənab Prezident, əvvəlcə mənim dəvətimi qəbul etdiyinizə və ölkəmizə rəsmi səfərə gəldiyinizə görə Sizə və nümayəndə heyətinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, bildirmək istəyirəm ki, bu günə qədər iki ölkənin hökumətləri çox yaxşı iş aparmışdır və bundan məmnunam. Bunun nəticəsində ölkələrimiz arasında bu gün bir neçə vacib sənəd imzalanacaqdır. Mən Sizə, Sizin həyat yoldaşınıza və nümayəndə heyətinizə bir daha ölkəmizə "Xoş gəlmisiniz!" deyirəm.
Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqpərvərliyə görə təşəkkür edərək dedi:
- Çox sağ olun, cənab Prezident. İlk növbədə mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz təşəkkürümü bildirirəm. Mən çox şadam ki, yenidən sizin gözəl ölkənizdəyəm və bu gün imzalanacaq sənədlər ikitərəfli münasibətlərimizin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir. Mən çox şadam ki, Rumıniya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edir, yüksək səviyyədədir və gələcək inkişaf üçün də çox gözəl imkanlar vardır. Onu da qeyd etmək istəyirəm ki, mən son 4-5 ildə beşinci dəfədir ki, Rumıniyadayam və bu, özlüyündə çox gözəl göstəricidir.
Azərbaycan-Rumıniya Sənədlərinin imzalanması
Sentyabrın 28-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun iştirakı ilə sənədlərin imzalanması mərasimi olmuşdur.
"Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə"ni Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Boqdan Mazuru imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Boqdan Mazuru imzaladılar.
"Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Rumıniyanın Rabitə və İnformasiya Cəmiyyəti Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın rabitə və informasiya cəmiyyəti naziri Qabriel Sandu imzaladılar. "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rumıniyanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın Ətraf Mühit Nazirliyinin dövlət katibi Dan Kırlan imzaladılar.
Prezidentlərin birgə mətbuat konfransı
Sentyabrın 28-də Buxarestdə Rumıniya Prezidentinin iqamətgahında-"Kotroçen" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun iştirakı ilə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra dövlət başçılarının birgə mətbuat konfransı olub. Əvvəlcə prezidentlər bəyanatla çıxış etdilər.
Rumıniya Prezidenti Trayan Besesku dəvəti qəbul etdiyinə görə bir daha Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu səfər 4 ildən çox dövr ərzində birgə görülən işlərin bir növ yekunudir. İki ölkə arasında əlaqələr getdikcə daha geniş spektri əhatə edir, - deyən Rumıniya dövlətinin başçısı enerji sahəsində əməkdaşlığın xüsusilə genişləndiyini müsbət hal kimi dəyərləndirdi. Rumıniyanın dondurulmuş münaqişələrə, o cümlədən Dağlıq Qarabaq münaqişəsinə münasibətini açıqlayan Trayan Besesku ölkəsinin bu münaqişələrin dinc yolla, beynəlxalq hüquq normaları və prinsipləri, eləcə də dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bir daha bəyan etdi. Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev bu gün imzalanan sənədlərin əlaqələrin gələcək inkişafı üçün yaxşı zəmin yaratdığını qeyd etdi. Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında iqtisadi və enerji sahələrində əməkdaşlığın uğurlu olduğunu, Azərbaycan qazının Avropa İttifaqı bazarlarına nəql edildiyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq prinsiplərin və ərazi bütövlüyünün rəhbər tutulması ilə bağlı mövqeyinə görə Rumıniya Prezidentinə minnətdarlığını bildirdi.
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.
Rumıniya Prezidenti Trayan Besesku qeyd etdi ki, Rumıniya strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannaməni yalnız iki ölkə - ABŞ və Azərbaycan ilə imzalayıb və bu sənəd siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığı əhatə edir. Həmin sənəddə əks olunan müddəalar bir növ göstərici xarakter daşıyır və həm Avropa İttifaqının, həm də hər iki ölkənin milli maraqlarına uyğundur.
Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. Azərbaycan dövlətinin başçısı iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamənin əməkdaşlıq baxımından yeni perspektivlər açdığını söylədi.
Naməlum əsgərin məzarını ziyarət
Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Buxarestdəki "Karol-1" xiyabanına gələrək, naməlum əsgərin məzarını ziyarət edib. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycanın və Rumıniyanın dövlət himnləri səsləndirildi. Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu və İkinci Dünya müharibəsi zamanı həlak olmuş rumın əsgərlərinin xatirəsini yad etdi. Dövlətimizin başçısı xatirə kitabını imzaladı.
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Baş naziri Emil Bok ilə görüşüb
Sentyabrın 28-də Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Baş naziri Emil Bok ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında iqtisadi, həmçinin energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu. Qeyd edildi ki, ölkələrimiz arasında bu istiqamətdə əlaqələrin inkişafı üçün böyük potensial vardır. Görüşdə Azərbaycan-Rumıniya iqtisadi əməkdaşlığının ölkəmizin Avropa İttifaqı ilə iqtisadi əlaqələri baxımından əhəmiyyəti vurğulandı. Tərəflər əmin olduqlarını bildirmişlər ki, ölkələrimizin iqtisadi əlaqələri bundan sonra da inkişaf edəcək.
Azərbaycan Prezidentinin və xanımının şərəfinə
Sentyabrın 28-də Buxarestdə Rumıniya Prezidenti Trayan Besesku və xanımı Mariya Beseskunun adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
* * *
Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri davam edir.