İqtisadi siyasətin sosial tərəfləri
Son 6 ildə davamlı olaraq həyata keçirilən genişmiqyaslı islahatlar və dövlət proqramları ölkəmizin bütün sahələrdə sürətli inkişafına səbəb olub. Son illərdə ölkəmizdə müşahidə olunan iqtisadi uğurlar, bütün sferalarda baş verən irəliləyişlər bir daha təsdiqləyir ki, ölkəmiz özünün qlobal inkişaf epoxasında yeni bir mərhələyə qədəm qoyub.
Qeyd edək ki, bu ilin reallıqları sırasında diqqəti çəkən əsas məqamlardan biri də əhalinin gəlirlərinin artması, sosial müdafiənin gücləndirilməsidir. Eyni zamanda, makroiqtisadi sabitliyin qorunması, antiinflyasiya tədbirlərinin güclənməsi dövlət siyasətinin əsasını təşkil edir. Bütün bunlar Azərbaycanda iqtisadi inkişafın sosial inkişafla paralel getdiyinin əyani təzahürüdür.
2009-ci ilin ilk yarısının uğurlu nəticələri ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Geridə qoyduğumuz il ölkəmizin həyatında bir çox mühüm proseslərlə yadda qalıb.
Azərbaycanın beynəlxalq mövqeləri xeyli güclənib, iqtisadi artım tempi sabit saxlanılıb, əhalinin sosial problemləri, o cümlədən, məşğulluq problemi, demək olar ki, tam həllini tapıb. Bütün bunların təzahürüdür ki, iqtisadiyyatda və sosial həyatda qazanılan uğurlar arxasınca yeni nailiyyətlər gətirir.
Bu gün ölkəmizin dinamik inkişafı, əhalinin güzəranının yaxşılaşdırılması, sosial həyatın yüksəlməsi artıq reallıqdır. Minimum əmək haqqının məbləği 5 il ərzində təxminən 8,3 dəfə artırılaraq, 9 manatdan 75 manata çatdırılıb. Pensiyaların baza hissəsi də ilbəil artırılıb və 75 manata bərabər olub. Bu isə 2003-cü illə müqayisədə 5,4 dəfə çoxdur.
Tələbələrin təqaüdləri 20 dəfəyə qədər qaldırılıb. Ümumiyyətlə, orta aylıq əmək haqqı 4 dəfə artaraq, 300 manata çatıb. Dövlətimizin həyata keçirdiyi siyasətin əsas məqsədi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin düzgün istiqamətdə aparılmasıdır.
Həyata keçirilən siyasətin uğurlu nəticələri sırasında sahibkarlığın inkişaf etdirilməsi məsələsi də dayanır. İş adamlarına əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, inzibati idarəetmə strukturunun təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması kimi mühüm vəzifələri əhatə etməklə bərabər daha yeni qlobal məqsədlərin reallaşdırılmasına xidmət edir.
Qeyd edək ki, ölkəmizin sosial-iqtisadi inkişafı yaxşılaşdıqca və büdcənin gəlirləri artdıqca hökumət tərəfindən əhalinin maddi rifahının yüksəlməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı ölkənin sosial-iqtisadi tərəqqisində özəl sektorun rolunu yüksək qiymətləndirir və bu sahədə sahibkarlığın fəaliyyətini əsas amil hesab edir.
Hərbi büdcənin 2 milyarda çatması ilə bağlı dövlət başçısının söylədikləri cəmiyyətdə müsbət əhval-ruhiyyə yaradır. Xalq artıq tam əmindir ki, onun qüdrətli ordusu var və bu ordu istənilən vaxt vətənin azadlığı və ərazi bötüvlüyü, xalqın mənafeyi uğrunda mübarizə aparmağa hazırdır. Ötən il Azərbaycan Silahlı Qüvvələri özünün qüdrətini 90 illik yubileyində Bakıda keçirdiyi möhtəşəm hərbi paradla bütün dünya qarşısında nümayiş etdirdi.
Ötən müddətdə ölkə həyatının digər sahələrində də böyük uğurlar əldə olundu. Mədəniyyət sahəsində əldə olunan uğurların ən böyüyü Avroviziya mahnı və rəqs müsabiqələrində yaxşı nəticələrin göstərilməsi oldu. Mədəniyyət sahəsində digər nailiyyətlər də əldə olunub ki, bunlar da bu sahənin dinamik inkişafda olduğunu göstərir.
İlk yarımildə digər sahələrdə- təhsil, səhiyyə, elm sahəsində də böyük nailiyyətlər əldə olunub. Bütövlükdə, yarımilin yekunları Azərbaycanın həyatın bütün sahələrində kompleks inkişaf etdiyini və dünyada öz nüfuzunu sürətlə artırdığını göstərib. Yeri gəlmişkən, xarici siyasət sahəsində və diasporla əlaqələrin gücləndirilməsi işində böyük uğurlar əldə olunub.
Artıq 15 milyardlıq dövlət büdcəsinə və 20 milyarda çatan valyuta ehtiyatlarına malik Azərbaycan özünün qüdrətli bir ölkəyə çevrilmək yolunda inamla irəlilədiyini bütün dünya qarşısında nümayiş etdirib. Ölkəmizin malik olduğu iqtisadi potensial, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən kompleks islahatlar kursu yaxın perspektivlərdə bu prosesin daha geniş vüsət alacağına tam zəmin yaradır. Bu səbəbdən də, növbəti illərdə ölkəmizin daha böyük uğurlara imza atacağı şübhə doğurmur.