Regionların inkişafı sürətlənir
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Bu, eyni zamanda, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda infrastruktur təminatının yüksəlməsinə təkan verdi, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərdi. Regional Dövlət Proqramı iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynadı.
Regional Dövlət Proqramının icrası, həmçinin ölkə iqtisadiyyatının prioritet sahələrinə investisiyaların yönəldilməsi nəticəsində istehsal və emal müəssisələrinin fəaliyyəti bərpa edilmiş, iqtisadiyyatın balanslaşdırılmış inkişafının sürətləndirilməsi, sahibkarlara verilmiş güzəştli kreditlər yeni müəssisələrin açılmasına şərait yaradıb.
Bu ilin birinci yarısında 2977 yeni yaradılmış müəssisədən 13,3 faizi Aran iqtisadi rayonunda, 5,7 faizi Abşeron iqtisadi rayonunda, 5,2 faizi Gəncə-Qazax, 3,8 faizi Şəki-Zaqatala, 3,3 faizi Lənkəran və digər iqtisadi rayonlarda fəaliyyətə başlayıb. Hesabat dövründə ölkənin vergi orqanlarında qeydiyyatdan keçmiş hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 281 mindən çox fiziki şəxsin 64,7 faizi regionların payına düşüb.
Dövlət Statistika Komitəsi tərəfindən fəaliyyətdə olan idarə, müəssisə və təşkilatlardan, eləcə də fərdi sahibkarlardan toplanmış məlumatlara əsasən 2009-cu ilin yanvar-iyun ayları ərzində ölkədə 36565 yeni, o cümlədən 27887 daimi iş yeri açılıb.
Ötən dövr ərzində yeni açılmış daimi iş yerlərinin 13,3 faizi yeni yaradılmış, 15,2 faizi mövcud, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 70,6 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb.
Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq yeni iş yerlərinin 94 faizi qeyri-dövlət, mütləq əksəriyyəti isə qeyri-neft sektorlarında yaradılmış daimi iş yerlərinin 5,6 faizi tikinti, 4,7 faizi topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, 3,8 faizi emal sənayesi, 1,8 faizi kənd təsərrüfatı, 1,7 faizi nəqliyyat və digər sahələr üzrə açılıb.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi ilə daha möhtəşəm vəzifələrin əldə olunacağına əminliyini bildirən dövlət başçısı İlham Əliyev bu ilin 6 ayının yekunlarına aid müşavirədə ölkə iqtisadiyyatının ümumi vəziyyətini müsbət qiymətləndirib.
Qeyd olunub ki, qlobal iqtisadi böhran şəraitinin davam etməsinə baxmayaraq milli iqtisadiyyat tarazlığını qoruyub. Bu ilin birinci yarısında ÜDM 3,6 faiz artıb, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil edib. Altı ayda 19 faiz təşkil edən əhalinin pul gəlirləri ilə müqayisədə inflyasiyanın 3,7 faiz təşkil etməsi müsbət göstəricidir.
Cari ilin birinci yarısında orta əmək haqqı 15 faiz artmış, ölkə miqyasında 25 mini daimi olmaqla 35 min iş yeri açılıb. Sənaye və kənd təsərrüfatı məhsulları istehsalında artımlar müşahidə olunur. Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatı üçün qəbul olunmuş yeni Dövlət Proqramına uyğun həyata keçirilmiş dövlət siyasəti əhali tərəfindən rəğbətlə qarşılanır. Bu il 3 milyon ton taxıl istehsal olunması, ölkəyə gətirilən ərzaq məhsullarının ixrac səviyyəsinin aşağı salınması iqtisadiyyatın ümumi inkişafı barədə aydın təsəvvür yaradır.
"Azərbaycan dövləti bütün sosial məsələlərin həlli üçün səmərəli işləyir və insanların həyat səviyyəsinin yaxşılaşdırılması, dünyada hökm sürən böhrandan maksimum dərəcədə müdafiə üçün hər şeyi edir". Prezident İlham Əliyevin bu sözləri bir daha təsdiqləyir ki, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında da sosial yönümlü islahatlar üstünlük təşkil edir.
Artıq hər bir vətəndaş yeni Dövlət Proqramının real nəticələrini gündəlik həyatında hiss edir. İqtisadiyyatın ümumi inkişafının dinamik xarakter almasının, maliyyə imkanlarının güclənməsinin nəticəsidir ki, sosial tədbirlərin reallaşdırılmasına mühüm əhəmiyyət verilir. Məhz elə buna görədir ki, 2009-cu ilin dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 33 faiz və ya 4,024 milyon manat nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 790,4 milyon manat çoxdur.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yarım ilin sosial-iqtisadi yekunlarına həsr olunan iclasında yeni Dövlət Proqramı ilə bağlı bir məqamı da xüsusi vurğulamışdır: "Regional inkişaf proqramının ikinci mərhələsi başlanmışdır. Bu, böyük və çox konkret proqramdır. Şübhə etmirəm ki, proqramın icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün proqramlar öz həllini tapmalıdır".
Göründüyü kimi, yeni iş yerlərinin, müəssisələrin açılmasında nəzərə çarpan dinamika Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin, dövlət başçısının imzaladığı yeni regional proqramın uğurlu icrasının nəticəsidir. Bu barədə ölkə Prezidenti iyulun 13-də Londonda məşhur siyasətçilərin, diplomatların, Avropanın tanınmış publisistləri və ictimai xadimlərinin üzvü olduqları Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçirdiyi görüşdə deyib: "Ölkədə əsas diqqət məhz iqtisadi islahatlara, iqtisadi inkişafa, enerji siyasətinə yönəlib... Bu səylərin nəticələri nailiyyətlərimiz barədə bəzi rəqəmlərdə görünə bilər.
Son 5 ildə iqtisadiyyatımız 2,6 dəfə artıb. Üç il ərzində isə Azərbaycan dünyada inkişaf edən iqtisadiyyat hesab edilib. Sənaye istehsalı 2,5 dəfə, büdcə xərcləri 12 dəfə artıb. Yoxsulluğun səviyyəsi 4 dəfə azalıb. Son 5 il ərzində təhsil və səhiyyə sahəsində böyük işlər görülüb. Azərbaycanda 1600 məktəb tikilib. İqtisadi inkişaf nəinki paytaxtı, rayonlarımızı da inkişaf etdirməyə imkan yaradır. Azərbaycanın rayonlarında sürətli inkişaf gedir".
Regionlarda yeni iş yerlərinin yaradılmasında köhnə müəssisələrin yenidən qurulmasının mühüm əhəmiyyəti var. Ümumiyyətlə, ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasəti mühüm adətlərdən biridir.
Bu sahədə əsas vəzifə iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi və daha əlverişli investisiya mühitinin təminatı məqsədilə bütün investorlar üçün azad rəqabət mühitinin yaradılmasından və sahədə mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsindən ibarət olacaq.
Qarşıdakı illərdə özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdiriləcək. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü işlər həyata keçiriləcək, müasir istehsal avadanlıqlarının idxalı təşviq ediləcək.
Dövlət investisiya siyasəti regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastruktur obyektlərinin etibarlı istismarının təmin edilməsinə, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin həyata keçirilməsinə yönəldiləcək.
Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Qarşıdakı illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təmin edilməsindən ibarət olacaq.