PDF Oxu

Siyasət

  • 8

Naxçıvan sürətlə inkişaf edir

Naxçıvan sürətlə inkişaf edir
Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Badamlı qəsəbəsində qəsəbə mərkəzinin binası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə qəsəbə sakini Hüseyn Abbasov muxtar respublikanın bütün bölgələri kimi, Şahbuz rayonunun yaşayış məntəqələrində də həyata keçirilən sosial-iqtisadi tədbirləri ümummilli liderimiz Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirib, diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlayaraq, Badamlı qəsəbəsində yeni qəsəbə mərkəzinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, onlara işlərində uğurlar arzulayıb:
-Ölkəmizdə həyata keçirilən tədbirlər bütün sahələri əhatə edir. Görülən işlərdən ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızın əhalisi də, dövlət qulluğunda, özəl bölmədə çalışanlar da bəhrələnmiş, Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi rayonları sırasında öncül yerlərdən birini tutmuşdur. Bu, ümummilli liderimiz Heydər Əliyevin siyasətinin ölkəmizdə uğurla davam etdirilməsinin, ulu öndərimizin yaratdığı sabitliyin qorunmasının nəticəsidir. Azərbaycandakı sabitlik, iqtisadi inkişaf quruculuq işlərinin həyata keçirilməsinə imkan verir. Ötən illər ərzində qəsəbədə, eyni zamanda, Badamlı mineral sular zavodu da yenidən qurulmuş, iş yerləri bərpa edilmişdir. Belə tədbirlər davam etdiriləcəkdir. Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kurortların 2009-2010-cu illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq muxtar respublikamızda istirahət-müalicə mərkəzlərinin yaradılması barədə təkliflər hazırlanıb təqdim olunmuş, bu təkliflər isə həmin proqramda öz əksini tapmışdır.
Belə yerlərdən biri də Badamlı qəsəbəsidir. Gələcəkdə Badamlı mineral sularının bazasında istirahət-müalicə kompleksinin yaradılması nəzərdə tutulmuşdur. Bunlar imkan verəcəkdir ki, ərazi daha da abadlaşsın, inkişaf etsin, tanınsın. İstirahət-müalicə komplekslərinin yaradılmasına isə indidən hazırlaşmalıyıq. Yəni həmin ərazilərin yolu abadlaşdırılmalı, telefonlaşdırılmalı, infrastrukturu tamamilə yeniləşdirilməli, orada fəaliyyət göstərən dövlət orqanları üçün yaxşı iş şəraiti yaradılmalıdır. Bunlar Badamlı qəsəbəsində artıq həyata keçirilmişdir. Qəsəbə mərkəzində çalışanlar üçün yaxşı iş şəraiti yaradılmışdır. Onlar isə mərkəzə müraciət edəcək insanlara qayğı ilə yanaşacaqlar. Muxtar respublikamızın əhalisinin 70 faizi kənd təsərrüfatı ilə məşğul olur. Ona görə də kənd təsərrüfatının bütün sahələri inkişaf etdirilməlidir. Badamlı qəsəbəsinin ərazisi heyvandarlıq və arıçılıq üçün əlverişlidir. Burada yaradılan şərait insanların rahatlığının təmin olunmasına, qəsəbənin inkişafına, muxtar respublikamızın bu ərazisinin abadlaşdırılmasına xidmət edir. Ali Məclisin sədri yeni qəsəbə mərkəzi binasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Açılışı bildirən lent kəsilib, mərkəzin binasına baxış keçirilib. Qəsəbə mərkəzinin tikintisinə bu ilin aprelindən başlanılmışdır. Müasir standartlara uyğun inşa edilmiş bina iki mərtəbədən, ayrı-ayrı iş otaqlarından ibarətdir. Mərkəzin birinci mərtəbəsində ayrıca baytar otağı istifadəyə verilmiş, lazımi dərman və preparatlarla təchiz olunub. Ali Məclisin sədri heyvanların müxtəlif yoluxucu xəstəliklərdən qorunması üçün dezinfeksiya tədbirlərinin genişləndirilməsi barədə tapşırıq verib.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə" 2008-ci il 6 oktyabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada da kitabxanaların müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Qəsəbə mərkəzinin birinci mərtəbəsində kitabxananın yaradılması bunun əyani ifadəsidir. Kitabxana 1093 nüsxə latın qrafikalı əlifba ilə çap olunmuş yeni kitabla təchiz edilib, dünya ədəbiyyatı, klassik və müasir Azərbaycan ədəbiyyatına aid kitablar, məlumat nəşrləri oxucuların istifadəsinə verilib. Mərkəzin ikinci mərtəbəsində icra nümayəndəliyinin, qəsəbə bələdiyyəsinin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, qəsəbə mədəniyyət evinin fəaliyyəti üçün lazımi şərait yaradılmış, 67 yerlik zal istifadəyə verilmişdir. Binanın bir hissəsində rabitə evi yerləşir. Rabitə evində poçt bölməsi fəaliyyət göstərir. Burada məktub və banderolların, teleqramların qəbulu və göndərilməsi, pul baratlarının qəbulu və ödənişi, müxtəlif növ danışıq və internet kartlarının satışı həyata keçiriləcək. Qəsəbə mərkəzində polis sahə müvəkkili üçün də müasir iş şəraiti yaradılıb, fərdi qazanxana sistemi quraşdırılıb. Binanın ərazisi aparılmış abadlıq işləri nəticəsində tamamilə yeni görkəm alıb. Həmin gün Naxçıvan-Biçənək magistral yolundan Badamlı kəndinədək olan 7,5 kilometr uzunluğunda yol yenidən qurularaq istifadəyə verilib. Məlumat verilib ki, yolun eni 6 metr 30 santimetr, asfalt örtüyünün qalınlığı isə 6 santimetrdir. Avtomobillərin rahat hərəkət edə bilməsi məqsədi ilə müasir tələblərə uyğun yenidən qurulan yolda yağış sularının kənarlaşdırılması üçün bütün tekniki tədbirlər görülmüş, yol yatağı 9 metr genişləndirilib. Asfalt örtüyün üzərinə iki millimetr qalınlığındakı yol-nişanlama xətlərinin çəkilişində istifadə edilən boya üzunmüddətlidir. Gecələr işıq saçan bu xətlər nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə şərait yaradacaq. Yola asfalt döşənməmişdən əvvəl yağış sularının kənarlaşdırılması üçün su keçidləri tikilmiş, boru başlıqları qoyulub. Yeni yolun istifadəyə verilməsi ilə bu istiqamətdə yerləşən kəndlərə rahat gediş-gəliş təmin olunacaq.

Digər xəbərlər