Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqsı qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqsı qəbul edib. Andris Piebalqs "Əsrin müqaviləsi"nin 15-ci ildönümü münasibətilə dövlətimizin başçısını təbrik etdi və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Bu gün Azərbaycan Prezidentinin Bakıda məktəb binasının açılışı ilə bağlı tədbirdə iştirakından məlumatlı olduğunu bildirən qonaq, ölkədə məktəblərin tikintisinə qoyulan vəsaitin gələcək üçün ən yaxşı investisiya olduğunu dedi. Avropa komissarı Avropa İttifaqının Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirərək, təmsil etdiyi qurumun bu münasibətlərin genişlənməsində maraqlı olduğunu qeyd etdi. "Əsrin müqaviləsi"nin əhəmiyyətinə toxunan dövlətimizin başçısı ötən 15 il ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini və energetika sahəsindəki nailiyyətlərin bu uğurların əldə edilməsində önəmli rol oynadığını vurğuladı. Avropa Komissiyasına sonuncu səfərini xatırlayan dövlətimizin başçısı, bu səfərin uğurlu və faydalı olduğunu dedi. Prezident İlham Əliyev əməkdaşlıq çərçivəsində gələcəkdə də birgə işlərin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Avropa qonşuluq siyasəti və Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı, eləcə də enerji dialoqu bir-biri ilə sıx bağlı olan məsələlərdir və bütün bu istiqamətlərdə yaxşı nəticələr əldə olunub. Prezident İlham Əliyev əminliklə bildirdi ki, Avropa İttifaqı ilə əlaqələrimiz daha da möhkəmlənəcək və yeni sahələri əhatə edəcək. Dövlətimizin başçısı Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa Komissiyasının sədrinə çatdırmağı xahiş etdi.