Gənc idmançılar ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər
Prezident İlham Əliyev sentyabrın 14-də Yerevanda cüdo üzrə gənclər arasında keçirilən Avropa çempionatında iştirak edən Azərbaycan komandasının üzvlərini qəbul edib.
Prezident İlham Əliyev böyük qələbə münasibətilə idmançılarımızı təbrik edərək bildirdi ki, bu qələbə bütün Azərbaycan xalqını sevindirib. Dövlətimizin başçısı dedi ki, Azərbaycanda çox güclü nəsil yetişir, gənc idmançılar ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Bu onu göstərir ki, gənclər vətənpərvərlik ruhunda yetişirlər və idmançılarımızın beşinin də Vətənə medalla qayıtması böyük uğurdur. Bu qələbənin idman tariximizdə böyük yeri vardır. Çünki bu yarış Yerevanda keçirilib. Beş dəfə bayrağımız qalxıb, bir dəfə himnimiz səsləndirilib. İlk dəfədir ki, idmançılarımız Ermənistanda keçirilən beynəlxalq yarışlarda iştirak edir və Vətənə üzüağ qayıdıblar. Dövlətimizin başçısı onu da qeyd etdi ki, bu uğur Azərbaycan gəncliyinin və xalqımızın qələbəsidir.
Görüşdə cüdo üzrə yığma komandamızın baş məşqçisi Ağayar Axundzadə, Yerevanda gənclər arasında keçirilən cüdo üzrə Avropa çempionatının qalibi Elmar Qasımov və Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdilər. Prezident İlham Əliyev idmançılarımızı bir daha qələbə münasibətilə təbrik etdi və onlara yeni uğurlar arzuladı.
Cüdoçularımız dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.