Məlum olduğu kimi, bu gün ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının rifahı və dövlət müstəqilliyinin daha da güclənməsinə yönəldilibdir. Elə buna görə də, Prezidentin fəaliyyəti həmişə xalq tərəfindən yüksək rəğbətlə qarşılanıb. Çünki bu siyasət əhalinin sosial və iqtisadi vəziyyətinin ilbəil yaxşılaşmasına əhəmiyyətli baza yaradıb. 2003-cü ildən ötən dövr ərzində iqtisadiyyatda müsbət meyillərin daha da güclənməsi, əhalinin pul gəlirlərinin və orta əməkhaqqının 20-25 faiz artması iqtisadiyyatda yeni dinamizmin başlandığını şərtləndirmiş olub.
Qeyd etmək lazımdır ki, İlham Əliyevin hakimiyyətə gəlişindən cəmi bir il keçdikdən sonra Azərbaycanda orta aylıq əməkhaqqı 25 faiz artaraq 100 dollara yaxınlaşdı. Təkcə 2003-cü ilin oktyabr ayından 2004-cü ilin sonuna qədər ölkədə iqtisadi artım 10 faizdən çox təşkil etdi. Ümumi daxili məhsulda özəl sektorun payı 74 faizə yüksəldi. Xarici investisiyalar 48 faiz artaraq 4 milyard dollara bərabər oldu. Minimum əməkhaqqı 2004-cü ilin əvvəlində 45 min manat (köhnə manatla) idisə, ilin sonunda 60 min manata çatdı. Bu rəqəm 2005-ci ildə 125 min manat təşkil etdi. Orduya ayrılan vəsaitin həcmi təxminən 20 faiz artırıldı və 2005-ci il üçün bu rəqəm 30 faiz civarında müəyyən edildi. Xarici ticarət dövriyyəsində 40 faiz artım müşahidə olundu. Respublikmızın valyuta ehtiyatları 1 milyard 800 milyon dollara çatdı. Bu və bu kimi digər bütün meyillər onu göstərdi ki, Azərbaycanın inkişafı, xalqın sosial imkanlarının yaxşılaşması məhz İlham Əliyevin rəhbərliyi dövründə geniş vüsət aldı.
Dövlət Proqramları iqtisadi siyasətin ən başlıca tərkib hissəsidir
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkənin iqtisadi inkişafında dinamizmi daha da gücləndirmək, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanı, makroiqtsadi konsepsiyanı reallaşdırdı. Bu iqtisadi hədəflər "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda (2004-2008-ci illər) öz əksini tapmış oldu. Ölkə Prezidenti bu sənədi iqtisadi siyasətin ən başlıca hədəflərindən biri olduğunu bildirib: "Bu proqramın ilkin konturları hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim tərəfimdən təqdim edilmişdi. Bu, demək olar ki, mənim iqtisadi proqramımın vacib tərkib hissəsi idi".
Məlum olduğu kimi, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram"larının məzmunu birbaşa sosial xarakter daşıdığından son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb oldu. Prezidentin qeyd etdiyi kimi: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas vəzifəsi ondan ibarət olmuşdur ki, bölgələr sürətlə inkişaf etsin, bölgələrdə proseslər müsbət istiqamətdə getsin, bölgələrdə yaşayan insanların həyat səviyyəsi yaxşılaşsın, xidmət sektoru yaxşılaşsın və infrastruktur da inkişaf etsin".
Göründüyü kimi, Dövlət Proqramının icrasının nəticələri onu göstərir ki, həqiqətən də, aparılan tədbirlər, həyata keçirilən hər bir layihə həm keyfiyyət, həm də kəmiyyətinə görə istənilən səviyyədən də yaxşı başa çatdırılıb. Sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması bütövlükdə regionları beş il əvvəlki simasından fərqləndirir. 766 mindən çox iş yerinin yaradılması isə iqtisadi inkişafı sürətləndirməklə yanaşı, bölgələrdə işsizliyin bir neçə dəfə azaldılmasına səbəb olub. Bu siyasət həm də yoxsulluğun azaldılması ilə bağlı dövlət siyasətinin uğurlarına töhfə verib. Yoxsulluğun azaldılmasında regional inkişaf proqramının çox böyük təsiri olub. Son beş ildə Azərbaycanda yoxsulluq 49 faizdən 13 faizə enib.
Bu gün əldə olunan uğurların davam etdirilməsi növbəti Dövlət Proqramlarını qəbul olunmasını tələb edir. Məhz bu səbəbdən də, Prezidenti İlham Əliyev 2009-2013-cü illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı imzaladı. Bu, Dövlət Proqramı isə iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental bir Dövlət Proqramıdır. Çünki bu yeni sənəddə nəzərdə tutulan layihələrin əsas bazasını qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edəcək. Ümumiyyətlə, yeni Dövlət Proqramı məşğulluq səviyyəsinin daha da artırılmasına, nəinki rayonlarda, hətta kəndlərdə də yeni müəssisələrin yaradılmasına və əhalinin rifah halının yaxşılaşdırılmasına səbəb olacaq.
Güclü iqtisadi potensial uğurlu gələcək deməkdir
Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi, regionların sosial-iqtisadi inkişafı haqqında qəbul edilən dövlət proqramlarının uğurlu icrası nəticəsində bölgələrin siması tamam dəyişir. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: "Azərbaycanın bütün bölgələri bu gün inkişaf edir. Azərbaycanın iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Son illər ərzində qeyri-neft sektorunun inkişafı üçün böyük investisiyalar qoyulmuşdur. O investisiyaların böyük əksəriyyəti dövlət tərəfindən qoyulmuşdur. Həm sənaye potensialının inkişafı, həm yeni iş yerlərinin açılması, həm də idxalın azalması və yerli istehsalın artırılması üçün görülən əməli tədbirlər nəticəsində biz bu gün özümüzü, demək olar ki, bütün cəhətlərdən təmin edirik. Enerji təhlükəsizliyimiz təmin edilib, nəqliyyat təhlükəsizliyimiz təmin edilib, ərzaq təhlükəsizliyimiz təmin edilib. Bu üç amil hər bir ölkənin inkişafı üçün mühüm rol oynayır. Bu üç istiqamətdə Azərbaycan çox böyük uğurlarla fəxr edə bilər. Bu vaxta qədər əldə edilmiş uğurlar, əlbəttə ki, bundan sonrakı illərdə böyük rol oynayacaqdır. Biz iqtisadi və siyasi islahatları bundan sonrakı illərdə davam etdirəcəyik".
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanılan və hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi və siyasi islahatların uğurla yerinə yetirilməsinin nəticəsidir ki, hazırda Azərbaycan bölgənin lider dövlətinə çevrilmişdir.