Xəbər verdiyimiz kimi, Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankı "Doing Biznes-2010" adlı hesabatını açıqlayıb. Hesabatda 183 ölkədə maliyyə və biznes sahəsindəki fəaliyyəti analiz edilib. Hesabata görə Şərqi Avropa və keçmiş Sovet İttifaqı məkanında yerləşən ölkələr islahatlar sahəsində aparıcı mövqelərə çıxıblar. Sevindiricidir ki, maliyyə sahəsində islahatçı ölkələrin sırasında Azərbaycanın da adı var. Başqa bir hesabata görə də Azərbaycanın göstəriciləri xeyli yaxşıdır.
Azərbaycanın iqtisadi reytinqlərinin artması ölkəmizin inkişaf siyasətinin nəticəsidir
Dünya İqtisadi Forumunun iqtisadi rəqabətlilik hesabatında bank sistemlərinin etibarlığı reytinqi də verilib. Bu reytinqə görə ən etibarlı banklar Kanadadır. Bir vaxtlar etibarlığına görə məşhur olan Britaniya banklarının reytinqi 133 ölkə arasında 126 yerdədir. Azərbaycan bankları hətta 108-ci yeri tutan Amerika Birləşmiş Ştatları banklarından daha etibarlı sayılıb.
Qeyd edək ki, "Biznesin aparılması" hesabatlarında sahibkarlığın inkişafına səbəb olan fəaliyyətin tənzimlənməsi normaları, eləcə də biznesin inkişafını çətinləşdirən normalar tədqiq edilir. 183 ölkənin yer aldığı reytinqdə Azərbaycan bu dəfə biznesin aparılmasının asanlığı üzrə 38-ci yeri tutub.
Xatırladaq ki, ötən reytinqdə (2007-ci ilin iyulundan 2008-ci ilin iyununadək) Azərbaycan hesabatın araşdırdığı 10 sahənin 7-də islahatlar həyata keçirmiş və "Doing Business-2009" hesabatında sahibkarlıq fəaliyyətinin əlverişliliyi baxımından dünya reytinqində 97-ci yerdən 33-cü yerə sıçramışdı.
Azərbaycanın dünyada ən yaxşı islahatçı seçildiyi ötən ildən bəri (iyun 2008- may 2009) ölkədə 2 islahat həyata keçirilib- kredit informasiyası mühitində və əmtəə idxalının qeydiyyatında.
Postsovet məkanında Azərbaycan reytinqdə yalnız Gürcüstan və Baltikyanı ölkələrdən geri qalır. Maliyyə böhranı ilə bağlı problemlərə baxmayaraq, hesabat dövründə dünya ölkələrində islahat sayı rekord həddə çatıb. Bu layihə çərçivəsində 131 ölkədə 287 islahat qeydə alınıb. Bu, ötənilkindən 20 faiz çoxdur.
Bu islahatların əsas vəzifəsi müəssisə yaratmaq və biznes aparmaq prosedurlarının sadələşdiriliməsi, mülkiyyət hüququnun möhkəmləndirilməsi və kommersiya mübahisələrinin tənzimlənməsi prosedurlarının və iflas proseduru keçilməsinin təkmilləşdirilməsidir. İlk dəfə bu il Ruanda ən yaxşı islahatçı olub. Bu ölkə 7 sahədə islahat aparıb və 143-cü yerdən 67-ci yerə qalxıb.
Ən ardıcıl islahatçılardan olan Sinqapur dördüncü il dalbadal 1-ci yeri tutub. Ən əlverişli biznes mühiti olan ölkələr onluğuna, həmçinin, Yeni Zellandiya, Honqonq, ABŞ, Böyük Britaniya, Danimarka, İrlandiya, Kanada, Avstraliya və Norveç daxildir. Gürcüstan Cənubi və Şərqi Avropada ən yaxşı islahatçı statusunu möhkəmləndirib və 16-cı yerdən 11-ci yerə qalxıb.
Ekspert: "183 ölkə arasında Azərbaycan üçün bu mövqe yetərincə yüksəkdir"
2010-cu ilin hesabatında Azərbaycan yeni müəssisələrin təsis edilməsi indikatoruna görə 17-ci yeri, tikinti üçün icazələrin verilməsinə görə 158-ci yeri, işə qəbul indikatoruna görə 33-cü yeri, əmlakın qeydiyyatı indikatoruna görə 9-cu yeri, kreditlərin alınması aspekti üzrə 15-ci yeri, investorların hüquq və maraqlarının qorunması üzrə 20-ci yeri, vergi ödənişi indikatoruna görə 108-ci yeri, gömrük rəsmiləşdirilməsi üzrə 177-ci yeri, müqavilələrin icrasının təmin edilməsi aspektinə görə 26-cı yeri, biznesin bağlanması indikatoruna görə isə 84-cü yeri tutub. Göründüyü kimi, əksər parametrlər üzrə Azərbaycanın mövqeyi zəifləyib.
Qeyd edək ki, qiymətləndirmədə makroiqtisadi siyasət, infrastrukturun keyfiyyəti, valyutanın sabitliyi, investor cəlbediciliyi və cinayətkarlıq səviyyəsi kimi aspektlər əks olunmayıb.
Xatırladaq ki, "Doing Business"in 183 ölkə üzrə göstəriciləri biznes üçün tələb olunan xərcləri göstərir və 10 region üzrə tənzimləyici mühiti müqayisə edir. Bu da siyasəti müəyyən edən orqanlara dünyada olan qabaqcıl təcrübəni öyrənməyə və prioritet islahatları müəyyənləşdirməyə kömək edir.
Ekspertlər "Doing Business 2010"da Azərbaycanın biznesin aparıması üzrə reytinqinin nəticələrini obyektiv sayırlar.
"Gözlənildiyi kimi, Azərbaycan islahatlar üzrə fərqlənən ölkələrdəndir. İslahatların sayına görə Azərbaycan öncəki hesabatda birinci yeri tutmuşdu. Sonuncu hesabatda ümumi reytinqdə ölkə ötənilki mövqeyini- 38-ci yeri qoruya bilib. 183 ölkə arasında Azərbaycan üçün bu mövqe yetərincə yüksəkdir",- Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov bildirib.
Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasında qəbul olunması gözlənilən bir sıra qanunların icrası gələnilki hesabatda Azərbaycanın daha yüksək yer tutmasını şərtləndirə bilər.
Hesabatın müəllifi: "Ümid edirəm ki, Azərbaycan gələn ilki reytinqində daha yüksək yer tutacaq"
Dünən Bakıda Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən hazırlanmış "Biznesin aparılması- 2010: Çətin vaxtda islahatlar" ("Doing Business-2010") adlı illik hesabatın təqdimatı və hesabatın müəllifi ilə videokonfrans keçirilib. Tədbirdə ölkələrə verilmiş reytinq, biznes üçün ən əlverişli ölkələr və tədbirdə regiondakı son illər ərzində daha çox islahatlar aparmış ölkələr haqqında məlumat verilib.
"SİA"-nın məlumatına görə, videokonfransa DB-nin Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandakı ofisləri də qoşulub. Tədbirdə DB-nin Moskva ofisindən onlayn rejimdə qoşulan "Doing Business-2010" hesabatının müəllifi xanım Svetlana Baqautdinova regiondakı ölkələrə verilmiş reytinq, biznes üçün ən əlverişli ölkələr və son illər ərzində daha çox islahat aparmış ölkələr haqqında məlumat verib.
Müəllif qeyd edib ki, yeni hesabatda metodologiya dəyişikliyi, iki yeni ölkənin (Kipr və Kosovo) əlavə olunması və s. amillər reytinqdə yer almış ölkələrin yerini bir qədər dəyişib.
Azərbaycana gəldikdə isə S.Baqautdinova bildirib ki, ölkə hesabat siyahısında regionda aparıcı yerlərin birində qərarlaşıb ki, buna da, əsasən, xarici ticarət aparma sahəsində həyata keçirilən islahatlar (gömrükdə "bir pəncərə") səbəb olub: "Azərbaycan bu sahədə artıq 3-4 ildir islahatlar aparır. Bunun nəticəsində gömrük məntəqələrində tam kompüterləşmə aparılıb, idxal-ixrac əməliyyatlarının müddəti 6 günədək endirilib, həmçinin, burada vəsait xərcləri də aşağı salınıb".
Bundan başqa, S.Baqautdinova qeyd edib ki, Azərbaycanın reytinqdə aparıcı yerlərdə olmasına, həmçinin, kredit bazarına çıxış sahəsində aparılan islahatlar da səbəb olub: "Ümid edirəm ki, Azərbaycan islahatların həyata keçirilməsini davam etdirəcək və gələnilki hesabatın reytinqində daha yüksək yerdə qərarlaşacaq".
Qeyd edək ki, "Doing Business-2009" hesabatında sahibkarlıq fəaliyyətinin əlverişliliyi baxımından dünya reytinqində ən böyük yüksəliş əldə edərək 97-ci yerdən 33-cü yerə yüksəlmişdi.
İslahatların intensivliyi Azərbaycanın inkişaf indekslərini daha da artırır
Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar beynəlxalq iqtisadi forumlar, təşkilatlar tərəfindən də qeyd edilməkdədir. Dünya iqtisadi forumunun "2009-2010-cu illərdə dünya ölkələrinin qabiliyyətli iqtisadiyyatları haqqında" hesabatında da Azərbaycan qlobal rəqabətlilik indeksinə görə 133 ölkə arasında 18 pillə irəliləyib.
Dünya iqtisadi forumunun hesabatında o məlumat da öz əksini tapır ki, ölkələrin rəqabət qabiliyyəti 110 sahə üzrə vəziyyətə dair açıq informasiyalar əsasında qiymətləndirilib. Qiymətləndirmə 133 ölkədə 13 min sahibkar arasında aparılan sorğu əsasında müəyyənləşdirilib.
2008-ci ildə 69-cu yerdə olan Azərbaycan 2009-cu ildə 51-ci yerə yüksəlib. Hesabatda qeyd olunur ki, Azərbaycan makroiqtisadi sabitlik, yüksək milli yığımlar, böyük büdcə profisiti və dövlət borcunun azalması ilə səciyyələnir.
Hesabatda Azərbaycanda iqtisadi sabitliyin və əmək bazarında vəziyyətin yaxşılaşması, xüsusilə, qeyd edilir. Əmək bazarının göstəricilərinə görə Azərbaycan ötənilki 34-cü pillədən 13-cü pilləyə yüksəlib.
Makroiqtisadi sabitlik göstəricilərinə görə 27-ci, innovasiya potensialına görə 42-ci yerlər də ölkəmizin kifayət qədər uğur əldə etdiyinin göstəricisi hesab olunmalıdır. Ölkəmizin əmtəə bazarı üzrə göstəricilərdə isə 18 pillə sıçrayış qeydə alınıb- 89-cu pillədən 71-ci pilləyə.
Hesabatı tərtib edən ekspertlər belə hesab edirlər ki, biznes sahəsində son islahatlar Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli şərait yaradılmasına imkan verib.
Bu gün Azərbaycanın ən yüksək inkişaf göstəricilərinə malik ölkələrdən birinə çevrilməsi, sənaye potensialının artımına, iqtisadi inkişaf tempinə görə bütün dünyada önə keçməsi faktı mötəbər beynəlxalq təşkilatların hesabatlarında da öz təsdiqini tapır.
Ən vacib məqamlardan biri də bundan ibarətdir ki, iqtisadiyyatın lokomotivi sayılan neft-qaz sektorundakı yüksəliş, bu sferada həyata keçirilən layihələrdən qazanılmış mənfəət digər istehsal sahələrinə də öz müsbət təsirini göstərməkdədir.
Dünya İqtisadi Forumunun hesabatında diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanda fərdi biznesin inkişafı və qeydiyyatı müsbət dəyərləndirilir. Yəni, sahibkarlıq subyektlərinin inkişafı üçün "bir pəncərə" sisteminin tətbiq edilməsindən sonra onların qeydiyyat müddəti 30 gündən 16 günə, tələb olunan sənədlərin sayının isə 13-dən 6-ya endirilməsi müsbət faktor kimi dəyərləndirilib.
Azad sahibkarlığa dövlət dəstəyinin güclü olduğu ölkədə inkişaf
təəccüblü deyil
Azərbaycan hökuməti respublikada azad sahibkarlıq fəaliyyəti üçün mövcud olan şəraitin daha da yaxşılaşdırılması, özəl sektorun inkişafı, cəmiyyətimizdə orta təbəqənin formalaşması üçün sahibkarlara maliyyə dəstəyi siyasətini də uğurla davam etdirməkdədir.
Dövlət başçısı İlham Əliyev iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara, fermerlərə güzəştli kreditlərin verilməsi məsələsinə xüsusi diqqət yetirir.
Son 5 il ərzində Azərbaycanın dövlət büdcəsinin 10 dəfə artması bütövlükdə ölkə iqtisadiyyatının çox sürətlə inkişafını və bu inkişafın cəmiyyət həyatının bütün sahələrini əhatə etməsini göstərir.
Xatırladaq ki, "Doing business-2009: islahatlar necə həyata keçirilməli" hesabatında da Azərbaycan 181 ölkə arasında bir nömrəli islahatçı elan edilmişdi. Hesabata görə sahibkarlıq fəaliyyətinin əlverişliliyinə görə 33-cü yerdə qərarlaşmışdı. Həmçinin, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının hesabatlarında Azərbaycan iqtisadiyyatı davamlı olaraq müsbət xarakterizə edilməkdədir. Ölkəmiz karbohidrogen ehtiyatların hasilatı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.
Bütün bunlar aydın göstərir ki, qlobal maliyyə-iqtisadi böhrab şəraitində Azərbaycan iqtisadiyyatında cərəyan edən proseslər, həyata keçirilən islahatlar və layihələr uğurla reallaşdırlır. Ölkəmizin strateji inkişaf konsepsiyasına uyğun olaraq mümkün potensialdan istifadə etməklə daha yüksək səviyyəli inkişafa nail olmaq mümkündür. İndi heç kimdə şübhə yoxdur ki, yaxın illərdə bu proses daha da sürətlənəcək və Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanacaq.