PDF Oxu

Siyasət

  • 13

İqtisadi və sosial proqramların icrası uğurla gedir

İqtisadi və sosial proqramların icrası uğurla gedir

Sosial eksperimentlər və iqtisadi islahatlar artıq nəticələrini verməkdədir. İstər kommunal sektorda, istərsə də infrastrukturun digər sahələrində radikal dəyişikliklər əhalinin rifah halının yaxşılaşmasına xidmət edir. Bu kimi islahatlar göstərdi ki, Azərbaycanın tərəqqisi üçün böyük təbii və intellektual resurslar vardır və onlardan səmərəli istifadə olunması dövlət başçısının şəxsi nəzarətindədir.

Hazırda geniş vüsət alan ayrı-ayrı sahələr üzrə müasir komplekslərin tikintisi, onların hər cür avadanlıqla təchiz olunması bir daha nümayiş etdirdi ki, sadə insanların maddi-məişət problemlərinin həlli dövlət başçısının sosial siyasətinin əsas xəttini təşkil edir.
Yoxsulluğun azaldılmasına xidmət edən məşğulluq tədbirlərinin vüsət alması bir daha sübut edir ki, Prezident İlham Əliyev üçün xalqın mənafeyi ilkin prioritetdir. Xalqa ali məqam sahibi tərəfindən verilən bu yüksək qiymət hər bir azərbaycanlının yaşayış və fəaliyyət çevrəsinin yaxşılaşmasına xidmət edir.
Əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin dinamikası göstərir ki, dövlət quruculuğunun sosial aspektləri humanist xarakterlidir və sadə insanlara qayğıya əsaslanır. 2008-ci ilin vətəndaşların sosial müdafiəsi baxımından daha böyük dəyişikliklərlə xarakterizə olunacağı birmənalıdır. Belə ki, nəzərdə tutulan kompleks tədbirlərin və indiyə qədər görülən işlərin miqyası perspektivə inam aşılayır.
2008-ci il təhsil sistemində kifayət qədər yaddaqalan hadisələrlə tarixə həkk olunub. Məktəbli formasının tətbiqi böyük yenilik yaratdı. Bu ildən etibarən Azərbaycanda uşaqlar məktəbli formasına keçdilər.
Bundan əlavə bu il yeni dərs ili yeni məktəblərin tikintisi bitib istifadəyə verildi. Ötən il dərsliklərlə tam təminat prosesi oldu, ilin əvvəlində Bakının bütün məktəb direktorlarına noutbuklar verildi. Bu informasiya kommunikasiya texnologiyaları sahəsində atılan addımlardı.
Bu il isə Bakının bütün məktəblərində kompüterləşmə işi başa çatdırıldı. Bütün məktəblərə kompüter verildi. Məktəblərin istilik sistemində ciddi problemlər müzakirə olundu və əksər məktəblərimizin bu problemini həll etməyə nail olundu.
Ötən tədris ilinin sonunda mərkəzləşdirilmiş test imtahanı tətbiq olundu və öz müsbət nəticəsini verdi. Əsas hadisələrdən biri də Bakıda pilot məktəblərinin seçilməsi və prosesə başlanması ilə bağlı məsələdir.
Gələn il şagirdlərin istifadəsinə veriləcək məktəblərin sayı daha da çox olacaq. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli iş görüləcək. Məlumat üçün onu da deyim ki, bu ilin büdcəsindən fərqli olaraq, 2009-cu ilin dövlət büdcəsində təhsil üçün ayırımlar xeyli artırılıb. Yeni məktəb və bağçaların tikilməsi, bağçaların kompüterləşməsi kimi işlər görüləcək.
2009-cu ildə ölkənin bir sıra əhəmiyyətli hadisələrinin şahidi olacağıq. Azərbaycan iqtisadi inkişafa nail olacaq, əhalinin yaşayış səviyyəsi xeyli yaxşılaşacaq.
Prezident İlham Əliyev qarşıda duran vəzifələrə münasibət bildirərkən sosial sahənin qarşıdakı illərdə də xüsusi nəzarətdə olacağını bir daha vurğulayır: "Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz qəbul edilmiş proqramların icrasının təxminən ortasındayıq. Növbəti illərdə daha da fəal işləməliyik ki, Azərbaycanda yoxsulluq, işsizlik tamamilə aradan qaldırılsın.
Yeni zavodlar, fabriklər daha da sürətlə işə başlasın, Azərbaycanın hərtərəfli və dayanıqlı davamlı inkişafı təmin olunsun. Bunu etmək üçün bizim bütün imkanlarımız var: ilk növbədə, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, güclü enerji siyasətimiz, regionların inkişafı, sosial infrastrukturun möhkəmlənməsi, sahibkarlığın inkişafı və Azərbaycanda böyük şirkətlərin yaranması."
Ölkə başçısının qarşıda duran vəzifələri səciyyələndirərkən, xalqla hakimiyyətin həmrəyliyini önə çəkməsi tarixi nailiyyət kimi dəyərləndirilməlidir. Belə ki, hazırda dünyanın bir çox ölkələrində iqtidar-xalq münasibətləri bərbad vəziyyətdədir ki, bu da sistemli böhranlara səbəb olur. Azərbaycanda isə tamamilə əks-mənzərə mövcuddur.
Burada cəmiyyət dövlətin apardığı siyasətə alternativin olmadığı qənaətindədir. Bu isə sabitlik və iqtisadi tərəqqi modelinin ən müasir formalarından biri kimi dünya politoloqlarının və siyasi ekspertlərin diqqət mərkəzindədir.
Azərbaycan yenə də ümumi daxili məhsulun artım tempinə liderliyini saxlaya biləcək. Növbəti ildə milli iqtisadiyyatın sahə strukturları arasında rabitə sektorunda ən yüksək artım müşahidə olunacağını proqnozlaşdıran ekspertlər hesab edir ki, bu da rabitə xidmətləri bazarının, həmçinin, iqtisadiyyatda informasiya texnologiyalarının tətbiqi imkanlarının genişlənməsi ilə izah oluna bilər.
Təsərrüfat subyektlərinin qeydiyyat sisteminin "Vahid pəncərə" prinsipinə keçirilməsi biznesə başlamağın xərcini və vaxtını azaldıb ki, bu da həmin indikator üzrə Azərbaycanın beynəlxalq reytinqinin yaxşılaşmasına gətirib çıxarıb.
Sadalanan iqtisadi və siyasi amillərə əsasən, demək olar ki, qarşıdakı illərdə iqtisadi inkişaf meyilləri güclənəcək, əhalinin maddi rifahı daha da yaxşılaşacaqdır. Azərbaycan 2009-cu ilin yekununa görə daha böyük inkişaf əldə edəcək.

Digər xəbərlər