Regionların sosial inkişafı əhalinin rifahının yüksəlməsinə yönəlib
Son illər ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasətin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib. Bu proses bu gün də davam etməkdədir. Məhz bütün bunların nəticəsidir ki, respublikamız regionun lider ölkəsinə çevrilib. Təbii ki, ulu öndərimiz Heydər Əliyevin söylədiyi kimi, "İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir".
Bu gün bu siyasətin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev bildirir ki, "Güclü iqtisadiyyat, güclü sosial siyasətin təməlidir". Həqiqətən də, bu gün iqtisadiyyatı güclü olan Azərbaycanda regionlar sürətlə inkişaf edir. Eyni zamanda, növbəti "Regionların sosial-iqtisadi davamlı inkişafı Dövlət Proqramı"nın (2009-2013-cü illər)nın təsdiqi bir daha göstərir ki, Azərbaycanın iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Bu dövlət proqramları, ilk növbədə, regionların inkişafını təmin etməklə yanaşı, həm də regionlardakı əhalinin sosial təminatına zəmin yaradır. Məhz bu baxımdan da, istər ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə, istərsə də ölkə başçısı cənab İlham Əliyevin rəhbərlik etdiyi müasir dövrdə regionların inkişafı problemləri daim diqqət mərkəzində olmuş və ölkənin ümumi iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, son illərdə birbaşa regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar ayrı-ayrı dövrlərdə müxtəlif proqram və normativ sənədlər qəbul edilmişdir. Bir məsələni də vurğulamaq yerinə düşər ki, 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan Respublikasının sosial-iqtisadi və siyasi baxımdan elə bir dövrünə təsadüf edirdi ki, həmin dövrdə ölkədə baş verən qarşıdurmaları aradan qaldırmaq, xaotikliyi tənzimləmək, iqtisadi tənəzzülü dayandırmaq, ölkədə siyasi-iqtisadi sabitliyə nail olmaq kimi məsələlər təcili həllini gözləyirdi. Xalqımız çox gözəl başa düşürdü ki, ölkənin həyatında, müstəqilliyin qorunub saxlanılmasında xüsusi əhəmiyyəti olan bütün bu problemləri yalnız bir nəfər - bütün həyatını Azərbaycan xalqının firavanlığına, Azərbaycan dövlətinin siaysi-iqtisadi cəhətdən daha da güclənməsinə sərf etmiş dahi Heydər Əliyev dühası həll edə bilərdi. Hər zaman olduğu kimi, ümummilli lider bu dəfə də xalqın istəyini nəzərə alaraq Azərbaycana rəhbərlik etməyə başladı. Həmin dövrdən etibarən ölkədə siyasi-iqtisadi stabillik təmin edildi, keçmiş SSRİ-nin dağılması, mənfur ermənilərin haqsız ərazi iddiaları və Azərbaycanda gedən hakimiyyət davası səbəbindən milli təsərrüfatın ayrı-ayrı sahələrində yaranmış tənəzzül prosesi dayandırıldı, tədricən ölkədə iqtisadi inkişafa nail olundu. Ümummilli lider Heydər Əliyev tezliklə ölkənin investisiya cəlbediciliyinin təmin edilməsi istiqamətində ardıcıl qərarlar qəbul edərək Azərbaycan Respublikasını xarici və yerli iş adamları, investorlar üçün əlverişli fəaliyyət məkanına çevirdi. Beləliklə, dinamik iqtisadi inkişafa istiqamətlənən layihə və proqramlar qəbul edildi, eləcə də paralel olaraq 1995-2000-ci illər ərzində müvafiq normativ-baza formalaşdırıldı. Artıq qəbul edilən sənədlər, ölkədə operativ və obyektiv surətdə həyata keçirilən özəlləşdirmə proqramları nəticəsində əldə olunan ümumi iqtisadi dirçəliş istər sosial-iqtisadi göstəricilərdə, istərsə də insanların yaşayış tərzində açıq-aydın hiss edilməkdə idi. Bütün bunlar həm də ölkənin maliyyə imkanlarını genişləndirməklə əldə edilən uğurları daha da sürətləndirməyə imkan verirdi. Belə bir şəraitdə isə ayrı-ayrı regionların inkişafını nəzərdə turan müvafiq proqramların qəbul edilməsi artıq zərurətə çevrilmişdi.
Ölkəyə rəhbərlik etdiyi ilk illərdə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün artıq zəruri imkanların əldə edildiyini, eləcə də regional tərəqqinin ölkənin davamlı iqtisadi inkişafının təmin edilməsi baxımından vacib olduğunu dəqiqliklə qiymətləndirən ölkə başçısı İlham Əliyev müvafiq Dövlət Proqramının hazırlanması istiqamətində lazımi tapşırıqlar verdi. Hələ 2003-cü ildə prezident seçkiləri zamanı Azərbaycanın gələcək inkişafını regionların müəyyən edəcəyini, bölgələrdə güclü insan potensialının olduğunu və iqtisadi potensialın da yaradılacağını bəyan edən cənab İlham Əliyev regionların inkişafının sürətləndirilməsini özünün sosial-iqtisadi platformasının başlıca hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Məhz bu məqsədlə ölkə başçısı regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək, yeni iş yerləri yaratmaq, məşğulluq səviyyəsini və insanların yaşayış şəraitini yüksəltməklə yoxsulluğu azaltmaq, infrastruktur sahələri təkmilləşdirmək və yeniləşdirmək, əlverişli investisiya şəraiti formalaşdırmaqla ölkənin, xüsusilə, regionların investisiya cəlbediciliyinə nail olmaq, mövcud potensiala və yerli şəraitə uyğun müasir müəssisələr yaratmaq və beləliklə də, tarazlı regional inkişafa nail olmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər üzrə) Dövlət Proqramı"nı təsdiq etmişdir.
Bunun nəticəsidir ki, proqramın icra müddətində dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılmış, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilmişdir ki, bunun da 87 faizi, kreditlərin isə 70 faizi, məhz regionların payına düşür. Regional inkişaf proqramının icrası ilə bağlı regionlarda həyata keçirilən layihələrin maliyyələşdirilməsinə beynəlxalq maliyyə qurumlarından 2,2 milyard dollar məbləğində kredit cəlb edilmişdir. Nəticədə Dövlət Proqramının uğurlu icrası ilə yanaşı, makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bir sözlə, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl sosial-iqtisadi siyasət nəticəsində beş il ərzində Azərbaycanda özəl sektorun ümumi daxili məhsuldakı payı 85-87 faizə qədər yüksəlmiş, sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumu daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, bu sahəyə yönəldilən investisiyalar 6,2 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ildə 13,2 faizə enmişdir. Artıq 2008-ci ildə Azərbaycan Respublikası Qafqazda və MDB-də deyil, bütün dünyada xüsusi əhəmiyyət kəsb edən, nüfuzlu mövqeyə malik aparıcı dövlətə çevrilmişdir. Təbii ki, belə bir şəraitdə ölkədə həyata keçirilən islahatlar dünyanın diqqətindən kənarda qala bilməzdi. 2008-ci ildə açıqlanan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business" hesabatında Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi sahəsində dünya üzrə ən islahatçı ölkə elan edilməsi də ölkəmizə göstərilən beynəlxalq diqqətin nəticəsi idi.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində, yalnız son beş il ərzində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi yeni iş yeri açılmışdır. Bu müddətdə əsas makroiqtisadi göstərici olan ÜDM-in real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artmış, iqtisadiyyatın bütün sahələrində dinamik artıma nail olunmuş, o cümlədən, sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə artmışdır. Əldə edilən iqtisadi uğurlar sürətli inkişafı təmin etsə də, davamlı iqtisadi inkişafa nail olunması baxımından proqram və layihələrin davam etdirilməsi də zərurətə çevrilmişdir. Eyni zamanda, Azərbaycanın malik olduğu coğrafi-iqtisadi və təbii resurslar ölkənin və onun ayrı-ayrı regionlarının daha da inkişaf etdirilməsini, xüsusilə, tarazlı regional inkişafa nail olunmasını tələb edir. Başqa sözlə desək, əldə edilən uğurlar regionların mövcud potensialından tam və səmərəli istifadəni bütünlüklə əks etdirmir, yəni daha sürətli inkişaf üçün zəngin potensialın formalaşdığını göstərir.
Ümumiyyətlə, bir məsələni qeyd etmək lazımdır ki, 2009-2013-cü illəri əhatə edən yeni Dövlət Proqramı bir çox müsbət xüsusiyyətlərilə əvvəlki proqramlardan xeyli fərqlənir. Belə ki, bu proqram əvvəlkilərdən fərqli olaraq daha geniş əhatəli və son dərəcə konkretdir. İstər tədbirlərin həyata keçiriləcəyi, istər onların icra müddəti və icraçıları, istərsə də maliyyələşmə mənbələri son dərəcə dəqiqliklə verilmişdir. Konkret inzibati əraziləri əhatə edən 2009-2013-cü illərə dair Dövlət Proqramını dəqiqlik baxımından, hətta ölkədə mövcud olan şəffaflıq və aşkarlığın bir nümunəsi də hesab etmək olar. Burada müsbət cəhətlərdən biri də ondan ibarətdir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda təkcə ayrı-ayrı inzibati ərazilər üzrə nəzərdə tutulan tədbirlər deyil, həm də ümumilikdə milli iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır.