Prezident İlham Əliyev sentyabrın 3-də Hacıqabul rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Prezident İlham Əliyevə məlumat verən rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov dedi ki, açılışı 2008-ci il mayın 10-na - ulu öndərin doğum gününə təsadüf edən parkın ümumi sahəsi 1,5 hektardır. Burada geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolağı salınıb, fəvvarələr quraşdırılıb. Müasir formada işıqlandırılmış Heydər Əliyev parkında sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısı rayonda aparılan abadlıq və yaşıllaşdırma tədbirləri ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Heydər Əliyev muzeyi ilə tanışlıq
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Hacıqabul şəhərində Heydər Əliyev muzeyi ilə tanış olub.
Heydər Əliyev parkının ərazisində yerləşən muzey 2008-ci ildə inşa olunub. Ümumi sahəsi 204 kvadratmetr olan muzeydəki eksponatlar ulu öndərin müxtəlif dövrlərdə respublikamızın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin ayrı-ayrı məqamlarını, xarici səfərlərini əks etdirir. Muzeydə ulu öndərin uşaqlıq və gənclik illərinə aid şəkillər, ötən əsrin 70-80-ci illərində və müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə rəhbərlik etdiyi dövrləri əhatə edən eksponatlar ayrı-ayrı bölmələrdə yerləşdirilib. Muzeyə gələnlər burada quraşdırılan monitor vasitəsilə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoxronikaya da baxa bilirlər.
Dövlətimizin başçısı muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.
Hacıqabul rayon uşaq Tibb Mərkəzi istifadəyə verilib
Sentyabrın 3-də Hacıqabul rayonunun mərkəzində Uşaq Tibb Mərkəzinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərasimə toplaşan səhiyyə işçiləri, ictimaiyyətin nümayəndələri dövlətimizin başçısını böyük hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladılar. Prezident İlham Əliyev uşaq xəstəliklərinin qarşısının alınması, profilaktikası məqsədi ilə tikilən mərkəzin açılışını bildirən lenti kəsdi və səhiyyə ocağı ilə yaxından tanış oldu.
Məlumat verildi ki, ikimərtəbəli tibb müəssisəsi əsas korpusdan, yardımçı binadan, qazanxanadan ibarətdir. Müasir avadanlıqla təchiz edilmiş mərkəz üçün 4800 kvadratmetr torpaq sahəsi ayrılmış və onun 1200 kvadratmetrində tikinti işləri həyata keçirilib.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü, onları yeni, müasir tibb ocağının açılışı münasibətilə təbrik etdi. Mərkəzin işçiləri ölkəmizdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdilər. Prezident İlham Əliyev kollektivlə xatirə şəkli çəkdirdi.
Hacıqabul mədəniyyət evi yenidən qurulub
Prezident İlham Əliyev sentyabrın 3-də əsaslı yenidənqurma və bərpa işlərindən sonra Hacıqabul rayon mədəniyyət evi ilə tanış olub.
Ötən əsrin ortalarında inşa olunan Hacıqabul mədəniyyət evinin binası əvvəllər dəmiryolçular klubu kimi fəaliyyət göstərib. Uzun müddət baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüş mədəniyyət evi 10 il idi ki, fəaliyyət göstərmirdi. Prezident İlham Əliyev 2007-ci ilin avqustunda Hacıqabul rayonuna səfəri çərçivəsində bu mədəniyyət evinin yenidən qurulması layihəsi ilə tanış olandan sonra Mədəniyyət və Turizm Nazirliyinə bu binanın əsaslı şəkildə təmir edilməsi ilə bağlı tapşırıqlarını verib. 2008-ci ilin mayında başlanmış təmir-bərpa işləri qısa müddətdə başa çatdırılıb. İkimərtəbəli bina müasir tələblərə uyğun yenidən qurulmuşdur. Mədəniyyət evində xanəndəlik, rəqs və digər dərnəklər fəaliyyət göstərir. Binanın həyətyanı sahəsində yaşıllaşdırma işləri aparılmış, çoxlu ağac və dekorativ güllər əkilib. Mədəniyyət evində yenidənqurma və konstruksiya dəyişikliyi nəticəsində müasir tələblərə cavab verən 340 nəfərlik tamaşa zalı, qrim, rejissor və inzibati otaqlar tamamilə yeniləşib, müasir avadanlıqla təchiz edilib. Tamaşa zalının səhnəsində müasir işıqlandırma və səs sistemləri quraşdırılıb. Avadanlıq Yaponiya, İtaliya, Almaniya və ABŞ-dan gətirilib. Prezident İlham Əliyev binanın foyesində ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşəyə baxdı. Foyedə Azərbaycan filmlərindən fraqmentləri əks etdirən fotoşəkillər asılıb. Dövlətimizin başçısı mədəniyyət evindən səmərəli istifadə edilməsi ilə bağlı tövsiyələrini verdi.
Prezident İlham Əliyev Hacıqabulda kərpic zavodunun açılışında iştirak edib
Sentyabrın 3-də Prezident İlham Əliyev Hacıqabulda kərpic zavodunun açılışında iştirak edib. Zavodun kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı. Azərbaycan Prezidenti zavodu işə saldı, müəssisə ilə yaxından tanış oldu, istehsal prosesini izlədi.
Məlumat verildi ki, yeni zavodun inşasına "R-Turan" MMC-nin sifarişi ilə ötən ilin iyulunda başlanılıb. İnşaat işləri yerli şirkətlər tərəfindən yüksək səviyyədə həyata keçirilib. Müəssisənin tikintisində ayda orta hesabla 220 işçi çalışmışdır. Zavodun ümumi sahəsi 5 hektardır. Buraya qapalı istehsalat korpusu, inzibati bölmə və mehmanxananın yerləşdiyi bina, avtomobil dayanacağı və digər yardımçı binalar daxildir. Əraziyə asfalt döşənmiş, yaşıllıq zolaqları salınmış, 5 min ağac əkilib. Yerli və xarici müştərilərin istirahəti də diqqətdə saxlanılıb. Bunun üçün ərazidə ümumi sahəsi 600 kvadratmetr olan 28 yerlik mehmanxana inşa edilmişdir. Zavodun inzibati bölməsi də yüksək səviyyədə tərtib olunub. Bölmənin foyesində ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətləri barədə fotostendlər yaradılıb. Zavodun istehsal sahəsinin elektrik və təbii qazla təminatı tam həll olunub.
Bu məqsədlə ayrıca yarımstansiya tikilmiş, əraziyə 4,5 kilometrlik elektrik, 4 kilometrlik qaz xəttləri çəkilib. Müəssisəni fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca generator quraşdırılıb. İstehsal zamanı yaranan qazların ətraf mühitə zərər vurmaması üçün texniki tədbirlər görülmüşdür. Zavodda, ofisdə və mehmanxanada mərkəzləşdirilmiş havalandırma sistemləri yaradılıb. Zavodda videomüşahidə sistemi də vardır.
Müəssisənin fəaliyyətini Bakı ilə yanaşı, Çexiyadan da izləmək olar. Bu əməliyyatı mobil telefon vasitəsilə də həyata keçirmək mümkündür.
Yeni zavodun inşasına 3,5 milyon, maşın və mexanizmlərin alınmasına 700 min manat vəsait xərclənib. Yaponiya, İtaliya, Almaniya, Polşa və Çexiya istehsalı olan müasir avadanlığın quraşdırıldığı müəssisənin illik istehsal gücü 30 milyon şərti kərpicdir. Burada gündə 8 çeşiddə 300 ton bişmiş kərpic istehsal edilir. Gələcəkdə istehsal gücünün artırılması nəzərdə tutulur. İstehsalatda 75 nəfər daimi işlə təmin olunub. İkinövbəli iş rejimi tətbiq edildikdən sonra işçilərin sayını artırmaq nəzərdə tutulur. Xammalın götürüldüyü ərazinin zavoda yaxın olması hazır məhsulun maya dəyərinin aşağı olmasına imkan verir. Müxtəlif ölçülərdə kərpiclərin kəsilməsi və qəlibdən çıxan kərpiclərin qurğuya yığılması proseslərini robotlar yerinə yetirir. Zavodun Almaniya istehsalı olan 4 yük avtomobili də vardır. Bu maşınlar kərpici özüboşaldan kranlarla təchiz olunub.
Azərbaycanda ilk dəfə bu müəssisədə istehsal ediləcək böyük ölçülərdə və yeni növ kərpiclər həm divar, həm də tavan üçün nəzərdə tutulur. Zavodun bütün fəaliyyəti mərkəzləşdirilmiş proqramla robotlar vasitəsilə həyata keçirilir. Zavodda avtomatik aerodinamika sistemi quraşdırılıb. Bundan əlavə, zavodda elektrik enerjisinə qənaət edən konventor sistemi yaradılmışdır, müəssisə tək kompyuterdən idarə olunur. İstehsal prosesində baş verə biləcək qüsur dərhal aşkar edilir və avtomatik surətdə aradan qaldırılır. Bazar günlərində isə zavod xüsusi proqramlı avtopilotla çalışır. Zavodda yaradılan şərait dünya standartları səviyyəsində məhsul istehsal etməyə imkan verir. Burada məhsulun keyfiyyətini yoxlamaq üçün laboratoriyalar da yaradılıb.
Hazır məhsulun satışı ilə bağlı bir neçə yerli inşaat şirkəti ilə müqavilə imzalanıb. Məhsulun xarici bazara da çıxarılması üçün konkret tədbirlər görülür. Bəzi ölkələrin şirkətləri ilə danışıqlar aparılıb və artıq müəyyən nəticələr vardır. Prezident İlham Əliyev istehsal sexinin idarəetmə mərkəzi ilə də tanış oldu. Bildirildi ki, sexdəki bütün avadanlıq və robotların fəaliyyəti bu mərkəzdən idarə olunur.
Zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı kollektivlə görüşdü. Prezident İLHAM ƏLİYEV müəssisənin işçilərini təbrik edərək dedi:
- Gözəl zavodun açılışı münasibətilə sizi təbrik edirəm. Azərbaycanda son illər ərzində bir neçə kərpic zavodu tikilmişdir. Amma bu kərpic zavodu o biri zavodlardan fərqlənir. Burada tam avtomatlaşdırma sistemi qurulub. Mən gəzdim, baxdım, gördüm ki, burada ən müasir texnologiya tətbiq olunub, müəssisə yüksək keyfiyyətlə tikilib. Burada quraşdırılan robotlar, yeni avadanlıq, kompyuter texnologiyaları müasirlikdir, yenilikdir, Azərbaycanın inkişafıdır, istehsal mədəniyyətidir.
Azərbaycanda istehsal artır, sənaye istehsalı bu il də artıb. Baxmayaraq ki, dünyada əksər ölkələrdə sənaye istehsalı aşağı düşür, Azərbaycanda artım vardır. Kərpic zavodunun tikintisi o deməkdir ki, inşaat sektorunun inkişafı davam edir. Əgər belə olmasaydı, kərpic zavodunun tikintisinə ehtiyac olmazdı. Çox şadam ki, belə gözəl zavod Hacıqabulda tikilib. Bölgələrin, regionların inkişafı sürətlə gedir və belə yeni, gözəl müəssisələrin yaradılması bizim regional proqramın uğurla icrasını təmin edir. Azərbaycanda son illər ərzində minlərlə yeni müəssisə yaradılıb, yerli istehsal artıb, idxal azalıb. Biz özümüzü demək olar ki, kənd təsərrüfatı məhsulları ilə maksimum dərəcədə təmin edirik. Azərbaycanda inşaat materialları istehsal olunur, yeni sənaye sahələri yaradılır. Çox sevindiricidir ki, bu müddətdə, bu mərhələdə Azərbaycanda yaradılan yeni istehsal sahələri artıq dünyanın ən yüksək standartlarına cavab verir. Əminəm ki, bu kərpic zavodu dünyanın ən inkişaf etmiş ölkələrindəki oxşarlarından fərqlənmir. Burada yüksək istehsal keyfiyyəti, istehsal mədəniyyəti mövcuddur. Böyük investisiyalar qoyulub, bu maşınlar çox bahalı maşınlardır. Tikintiyə də böyük investisiyalar qoyulubdur. Bu onu göstərir ki, yerli sahibkarlar tam əmindir, Azərbaycanda iqtisadi inkişaf davam edəcək, Azərbaycanda ictimai-siyasi vəziyyət həmişəki kimi çox yüksək səviyyədə olacaqdır. Siyasi sabitlik iqtisadi inkişafın başlıca şərtidir. Ölkəmizin regionlarının inkişafı bizim bütün iqtisadi və siyasi potensialımızı gücləndirir. Mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm və sizə işinizdə uğurlar arzulayıram.
* * *
Sonda Prezident İlham Əliyev zavodun kollektivi ilə xatirə şəkli çəkdirdi.