Aparılan iqtisadi islahatlar bütün sahələri əhatə edir
"Güclü və müstəqil olmaq üçün güclü iqtisadiyyat lazımdır". Bu fikir artıq sınaqdan çıxmış aksiomadır. Bu da, öz növbəsində, dövlətin siyasətini gücləndirir. Eyni zamanda, azad iqtisadiyyatın inkişafına yönəldilmiş radikal iqtisadi islahatlar kursunun ardıcıl davam etdirilməsi, yalnız güclü siyasi hakimiyyətin sayəsində mümkün olur. Bu da danılmazdır ki, Azərbaycanda iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynamaqdadır. Bu, ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin davamçısı ölkə Prezident İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki fəaliyyətinin nəticəsidə həyata keçirilir.
İndi Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici bir ölkəyə çevrilibdir və respublikamızın iqtisadiyyatına yönəldilən kapital axını ilbəil artmaqdadır. Beynəlxalq mövqeləri möhkəmlənən ölkəmiz dünya birliyində etibarlı tərəfdaş kimi tanınır və dünya ölkələrinin əksəriyyəti onunla dostluq münasibətləri qurmağa çalışır. Həmin münasibətlər qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında qurulur və bu müstəqillik yolu ilə inamla irəliləyən gənc Azərbaycan dövlətinə böyük uğurlar gətirir.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanılan və hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi və siyasi islahatların uğurla yerinə yetirilməsinin nəticəsidir ki, hazırda Azərbaycan bölgənin lider dövlətinə çevrilmişdir. Artıq bir ildən çoxdur ki, tüğyan edən iqtisadi böhrana baxmayaraq, ölkə iqtisadiyyatı öz sürətli inkişafını dayandırmamışdır. Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, ötən yeddi ayda ölkədə 17,3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 688,3 milyon manat, yəni 2,7 faiz çoxdur. ÜDM-in 63,3 faizi məhsul istehsalı sahələrində - 48,2 faizi sənayedə, 8,8 faizi inşaat kompleksində, 6,3 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 29,5 faiz olmuşdur. Adambaşına ümumi daxili məhsul istehsalı 1,3 faiz artmış və 1968,7 manata çatıb.
Məlum olduğu kimi, sənaye məhsulu istehsalı ÜDM-in tərkibində ən böyük xüsusi çəkiyə malik olan sahədir. Burada fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çox və ya 11,3 milyard manatlıq məhsul istehsal edilibdir. Məhsulun 72,5 faizi mədənçıxarma bölməsində, 21,2 faizi emal bölməsində və 6,3 faizi elektrik enerjisi, qaz və suyun istehsalı, bölüşdürülməsi bölməsində istehsal olunmuşdur. Ölkədə neft hasilatı 1,6 faiz artırılaraq 29,2 milyon tona, əmtəəlik qaz hasilatı isə 10,1 faiz artırılaraq 10 milyard kubmetrə çatdırılıbdır. DSK-nin məlumatında göstərilir ki, bu mövsüm aqrar bölmənin işçiləri üçün daha uğurlu olubdur. Belə ki, yığım başlanandan bəri tarlalardan 551,2 min ton kartof, 660,4 min ton tərəvəz, 162 min ton meyvə və giləmeyvə, 232,2 min ton bostan məhsulları, 0,7 min ton tütün toplanılıbdır. Bu dövrdə 171,6 min ton, yəni ötən ilin ilk yeddi ayı ilə müqayisədə 0,2 faiz çox diri çəkidə ət, 827,7 min ton (2,1 faiz çox) süd, 716 milyon ədəd (11,6 faiz çox) yumurta, 13,2 min ton (2,7 faiz çox) yun istehsal edilibdir.
Həmçinin, yeddi ay ərzində ümumi sahəsi 657,8 min kvadratmetr yaşayış evləri, 508 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 140 nəfərə xidmət göstərə bilən ambulatoriya-poliklinika müəssisəsi, 175 çarpayılıq xəstəxana, 90 yerlik məktəbəqədər uşaq müəssisəsi , 140 yerlik klub, Bakı şəhərində Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu və Tennis Akademiyası, Beynəlxalq Avtovağzal Kompleksi, Bərdədə Avtovağzal binası və Müalicə-Diaqnostika Mərkəzi, Şəmkirdə Olimpiya İdman Kompleksi, Gədəbəydə Qızıl-Mis Emalı Zavodu, Naxçıvanda "Gəmiqaya" mineral sular zavodu, Şərurda asfalt-beton zavodu, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istismara verilibdir.
Qeyd edək ki, ölkə iqtisadiyyatının sürətli inkişafı əhalinin həyat şəraitinin yaxşılaşmasına və onların gəlirlərinin artmasına da öz müsbət təsirini göstərməkdədir. Ötən yeddi ayda keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,6 faiz artaraq 12,5 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 12,1 faiz artaraq 1423 manata çatıbdır. Həmçinin, müstəqil Azərbaycan dövlətinin xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi də ilbəil artır. 2009-cu ilin yanvar-iyun aylarında 120 ölkə ilə ticarət əlaqəsi aparılmışdır. Həmin ölkələrlə aparılan ticarət dövriyyəsinin həcmi 8530,5 milyon dollar təşkil etmiş, 83,6 faizi və ya 7132 milyon dolları uzaq xarici dövlətlərlə, 1398,5 milyon dolları isə MDB üzvü ölkələri ilə aparılıbdır.