Bu gün ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının rifahı və dövlət müstəqilliyinin daha da güclənməsinə yönəldilibdir. Elə buna görə də, Prezidentin fəaliyyəti həmişə xalq tərəfindən rəğbətlə qarşılanıb. Çünki bu siyasət əhalinin sosial və iqtisadi vəziyyətinin ilbəil yaxşılaşmasına əhəmiyyətli baza yaradıb. 2003-cü ildən ötən dövr ərzində iqtisadiyyatda müsbət meyillərin daha da güclənməsi, əhalinin pul gəlirlərinin və orta əməkhaqqının 20-25 faiz artması iqtisadiyyatda yeni dinamizmin başlandığını şərtləndirmiş olub. İlham Əliyevin hakimiyyətə gəlişindən cəmi bir il keçdikdən sonra Azərbaycanda orta aylıq əməkhaqqı 25 faiz artaraq 100 dollara yaxınlaşdı. Təkcə 2003-cü ilin oktyabr ayından 2004-cü ilin sonuna qədər ölkədə iqtisadi artım 10 faizdən çox təşkil etdi.
Ümumi daxili məhsulda özəl sektorun payı 74 faizə yüksəldi. Xarici investisiyalar 48 faiz artaraq 4 milyard dollara bərabər oldu. Minimum əməkhaqqı 2004-cü ilin əvvəlində 45 min manat (köhnə manatla) idisə, ilin sonunda 60 min manata çatdı. Bu rəqəm 2005-ci ildə 125 min manat təşkil etdi. Orduya ayrılan vəsaitin həcmi təxminən 20 faiz artırıldı və 2005-cü il üçün bu rəqəm 30 faiz civarında müəyyən edildi. Xarici ticarət dövriyyəsində 40 faiz artım müşahidə olundu. Respublikamızın valyuta ehtiyatları 1 milyard 800 milyon dollara çatdı. Bu və bu kimi digər bütün meyillər, onu göstərdi ki, Azərbaycanın inkişafı, xalqın sosial imkanlarının yaxşılaşması məhz İlham Əliyevin rəhbərliyi dövründə geniş vüsət aldı.
"Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı" iqtisadiyyata yeni dinamizm gətirdi
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkənin iqtisadi inkişafında dinamizmi daha da gücləndirmək, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanı, makroiqtisadi konsepsiyanı reallaşdırmaq istəyirdi. Bu iqtisadi hədəflər "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda (2004-2008-ci illər) öz əksini tapmış oldu. Dövlət başçısı fəaliyyətinin ilk günlərindən bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə impuls vermək üçün kompleks tədbirlər proqramının hazırlanmasına sərəncam verdi. Prezidentin özünün bəyan etdiyi kimi, bu sənəd iqtisadi siyasətin ən başlıca hədəflərindən biri idi: "Bu proqramın ilkin konturları hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim tərəfimdən təqdim edilmişdi. Bu, demək olar ki, mənim iqtisadi proqramımın vacib tərkib hissəsi idi".
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Azərbaycanın iqtisadi inkişafına təkan verərək makroiqtisadi sabitliyin möhkəmlənməsinə baza yaratmış oldu. Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə səbəb oldu. Bölgələr arasında iqtisadi tarazlığın bərpa olunması, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılması strateji hədəflərə nail olunduğunu təsdiqlədi. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxardı. Bu proqramın məzmunu birbaşa sosial xarakter daşıdığından son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb oldu. Prezidentin qeyd etdiyi kimi, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas vəzifəsi ondan ibarət olmuşdur ki, bölgələr sürətlə inkişaf etsin, bölgələrdə proseslər müsbət istiqamətdə getsin, bölgələrdə yaşayan insanların həyat səviyyəsi yaxşılaşsın, xidmət sektoru yaxşılaşsın və infrastruktur da inkişaf etsin".
Dövlət Proqramının icrasının nəticələri onu göstərir ki, sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması bütövlükdə regionları beş il əvvəlki simasından fərqləndirir. 766 mindən çox iş yerinin yaradılması isə iqtisadi inkişafı sürətləndirməklə yanaşı, bölgələrdə işsizliyin bir neçə dəfə azaldılmasına səbəb olub. Bu siyasət həm də yoxsulluğun azaldılması ilə bağlı dövlət siyasətinin uğurlarına töhfə verib. Yoxsulluğun azaldılmasında regional inkişaf proqramının çox böyük təsiri olub. Son beş ildə Azərbaycanda yoxsulluq 49 faizdən 13 faizə enib.
2009-2013-cü illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" isə iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəd olacaq. Əvvəlki proqramla müqayisədə yeni sənəddə nəzərdə tutulan layihələrin əsas bazasını qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edəcək. Ümumiyyətlə, yeni Dövlət Proqramı məşğulluq səviyyəsinin daha da artırılmasına, nəinki rayonlarda, hətta kəndlərdə də yeni müəssisələrin yaradılmasına və əhalinin rifah halının yaxşılaşdırılmasına səbəb olacaq.
Sosial sahədə vəziyyətin yaxşılaşdırılması
Ölkə Prezidenti İlham Əliyevin sosial sahədə dinamizmə və əhalinin imkansız təbəqəsinin vəziyyətinin yaxşılaşdırılmasına impuls verən qərarlarından başlıcası ünvanlı sosial yardımların tətbiqi ilə əlaqədardır. Bu mexanizmin reallaşması minlərlə ailənin vəziyyətinin yaxşılaşmasına, onlar üçün yeni maliyyə mənbələrinin təmin olunmasına səbəb olub. Artıq ünvanlı sosial yardım alan insanların sayı 800 minə çatıb. Bu siyasətin mühüm istiqamətləri paralel olaraq yoxsulluğun səviyyəsinin aşağı düşməsini də əhatə edir.
Qeyd etmək lazımdır ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi sosial siyasətin ən böyük istiqamətlərindən biri kimi həmişə ön yerdə dayanıb. Dövlət başçısının bəyan etdiyi kimi, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması Azərbaycan dövlətinin əsas prioritet məsələsidir və bu məqsədlərə böyük vəsait ayrılır. Bu məqsədlə qəbul olunmuş 2007-2011-ci illərə dair Dövlət Proqramına əsasən 500 milyon manat həcmində vəsait xərclənib. Yeni qəsəbələrin tikilməsi məcburi köçkünlərin məişət problemlərini həll edib. Prezident İlham Əliyev bu məqsədlərə beş il müddətində çata biləcəyini vəd etsə də, verdiyi vədə dörd il müddətində nail oldu: "Mən 2003-cü ilin payızında prezident seçkiləri ərəfəsində söz vermişdim ki, növbəti beş ildə Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. İndi deyə bilərəm ki, biz bu məqsədə 4 il ərzində nail olduq. Sonuncu çadır şəhərcikləri ləğv edilibdir. Mən çox şadam ki, biz bu məqsədə dörd il ərzində nail ola bilmişik. Bu gün artıq Azərbaycanda çadır şəhərciyi yoxdur. Əvvəllər o ağır, çətin vəziyyətdə yaşayan soydaşlarımız indi yeni evlərə köçürülür, yeni binalarda yaşayırlar. Bu qəsəbələrdə bütün infrastruktur yaradılmışdır. Gözəl evlər, yeni salınmış yollar, su xətləri, elektrik enerjisi, məktəb, tibb məntəqələri, yəni yaxşı yaşamaq üçün bütün imkanlar var. Bu illər ərzində on minlərlə soydaşımız yeni evlərə köçürülmüşlər".
Azərbaycan yüksək inkişaf etmiş ölkəyə çevrilməkdədir
"Mən Azərbaycanı ən yüksək inkişaf etmiş ölkə kimi görmək istəyirəm və buna nail olmaq üçün bizim hər cür imkanımız var. Xalqın iradəsi var, sabitlik var, cəmiyyət və iqtidar arasında birlik var. Mən Azərbaycanın gələcəyinə nikbinliklə baxıram və Azərbaycanın çox parlaq gələcəyinə əminəm". Prezidentin bu əminliyi artıq özünü bütün sahələrdə göstərməklə zəngin Azərbaycan üçün dərin təməllərin yaradıldığını şərtləndirmiş olur. Azərbaycanın iqtisadi artım tempinə görə, dünyada lider ölkəyə çevrilməsi bu nailiyyətlərin başlıca istiqamətləridir. Son beş ildə iqtisadiyyatda artım tempinin 96 faizi ötməsi, ümumi daxili məhsulun artım tempinə görə 4 ildir ki, liderliyini qoruması, əhalinin pul gəlirlərinin 35 faizdən çox olması, əhalinin əmanət və depozit qoyuluşlarının bir neçə dəfə yüksəlməsi düşünülmüş iqtisadi siyasətin başlıca uğurlarıdır.
Beləliklə, deyilən bu faktlar onu deməyə əsas verir ki, xalqımız Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin inkişafa, ədalətə, xalqımızın milli mənafeyinə, milli maraqlarımıza söykəndiyini görür və xalqın rifahına xidmət edən siyasətə həmişə dəstək olacaqlar. Bu fikirləri son vaxtlar keçirilən sorğunun nəticələri də təsdiq edir və bu faktor Azərbaycan xalqının öz hakimiyyətinə inamının artmasında mühüm rol oynayır.