PDF Oxu

Siyasət

  • 11

Azərbaycanda sosial-iqtisadi islahatlar sürətlənib

Azərbaycanda sosial-iqtisadi islahatlar sürətlənib
Azərbaycanda son 5 il yarımda uğurla davam etdirilən iqtisadi siyasət xətti ölkənin hər bir vətəndaşının maddi rifah halının daha da yaxşılaşdırılmasına, dünya iqtisadiyyatına sıx inteqrasiyaya geniş imkanlar açıb. Ölkənin təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən milli mənafelərimizə uyğun şəkildə istifadə edilməsi, irimiqyaslı qlobal layihələrin həyata keçirilməsi sahəsində böyük nəticələr əldə edilib. Belə iqtisadi layihələrin həyata keçirilməsində aparıcı rol oynayan Azərbaycan yerləşdiyi regionda lider dövlət statusunu qoruyub saxlayır.
Ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində həyata keçirilən kompleks islahatlar bugünkü uğurları şərtləndirib. Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə dünyada yenə də birinciliyini qoruyub saxlayır.
Dünyanın iqtisadi cəhətdən ən qüdrətli dövlətlərinə qlobal maliyyə böhranı ciddi təsir göstərsə də, Azərbaycan rəhbərliyinin gördüyü qabaqlayıcı tədbirlər və uğurlu iqtisadi siyasət strategiyasının nəticəsində ölkəmiz bu böhrandan yan keçə bildi. İki ilə yaxındır ki, dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə iqtisadiyyat uğurlu inkişafında davam edir.
Bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz artıb. Qeyri-neft sektorunda isə artım 4,1 faiz təşkil edib ki, bu da ümumi inkişaf tempindən yüksəkdir. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatı neft amilindən getdikcə daha az asılı olur.
"İlin birinci yarısında sosial məsələlərin həlli də uğurla davam edib, bütün sosial proqramlar həyata keçirilib. Məktəb, xəstəxana tikintisi, digər sosial proqramlar icra edilib. Ünvanlı sosial yardım alan insanların sayı 800 minə çatıb və orta hesabla hər bir ailəyə 100 manat yardım göstərilib. Bu da çox böyük məbləğdir və çətin vəziyyətdə yaşayan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti tərəfindən görülən konkret tədbirdir"- Prezident İlham Əliyev bildirir.
Dövlət başçısı tərəfindən təsdiq edilən sosial-iqtisadi inkişaf proqramlarının uğurla davam etdirilməsi əhalinin rifah halının yüksəlməsinə, bölgələrin tarazlı inkişafına, yeni infrastrukturların yaradılmasına, sahibkarlıq mühitinin genişləndirilməsinə geniş imkan açıb. Son 5 ildə ölkə üzrə yeni yaradılan müəssisələrin 40 faizinin, iş yerlərinin isə 80 faizinin regionların payına düşməsi deyilənləri bir daha təsdiq edir.
2004-2008-ci illəri əhatə edən regional inkişaf proqramının keyfiyyətlə icra olunması nəticəsində bütün rayonların siması dəyişib, paytaxtla bölgələr arasında kəskin inkişaf fərqi aradan qaldırılıb. Proqramda qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi və son 5 ildə bütün sahələrdə əldə olunmuş yüksək nailiyyətlər 2009-2013-cü illəri əhatə edən yeni Dövlət Proqramının hazırlanmasını labüd edib.
Prezident İlham Əliyevin təsdiq etdiyi respublikanın regionlarının sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramı qarşıdakı illərdə dinamik inkişafın davam etdirilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, əhalinin sosial durumunun daha da yaxşılaşdırılmasına imkan yaradacaq.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində ölkədə 36 min 565 yeni iş yeri açılıb. Bu müddət ərzində iş yerlərinin 13,3 faizi yeni, 15,2 faizi mövcud, 0,9 faizi fəaliyyətini bərpa edən müəssisələrdə, 70,6 faizi isə fiziki şəxslər tərəfindən açılıb. Yeni açılan iş yerlərinin 71,1 faizinin regionların payına düşməsi aparılan iqtisadi siyasət strategiyasının məqsədyönlülüyündən xəbər verir.
Cari ilin yeddi ayında pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 6505,5 milyon manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 8,5 faiz çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.
Əhalinin həyat səviyyəsinin yüksəlməsi və müasir ticarət infrastrukturunun genişlənməsi əmtəə bazarının strukturunun formalaşmasına öz müsbət təsirini göstərib. Ticarət müəssisələrində satış qiymətlərinin bazar və yarmarkalar ilə müqayisədə nisbətən baha olmasına baxmayaraq, əmtəə satışı nəzərəçarpacaq dərəcədə yüksək olub. Hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə əmtəə dövriyyəsinin real həcmi keçən ilin yeddi ayına nisbətən 13,1 faiz azaldığı halda, bazar və yarmarkalar üzrə bu artım 3 faiz təşkil edib.
Pərakəndə əmtəə dövriyyəsinin real həcminin 84 faizi ticarət müəssisələrinin, 16 faizi isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.
Bu ilin əvvəlindən ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 105,2 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 manat çox müxtəlif istehlak malları alıb. Artım ticarət müəssisələrində 7,5 manat, bazar və yarmarkalarda 1,7 manat təşkil edib.
Cari ilin yeddi ayında pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil etməkdə davam edərək 65,6 faiz olub. Hesabat dövründə əhaliyə 4268 milyon manatlıq ərzaq, 2237,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb, onların real həcmi uyğun olaraq 10,8 və 3,7 faiz artıb. Artımın analoji tendensiyası, demək olar ki, bütün istehlak mallarının alınmasında özünü büruzə verib.
Bu ilin yeddi ayında pərakəndə əmtəə dövriyyəsinin artımının 99,8 faizi özəl müəssisələrin fəaliyyəti sayəsində təmin edilib. Bu sektorun müəssisələrində əhaliyə 6455,9 milyon manatlıq və ya 8,5 faiz çox istehlak malları satılıb.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 2,6 faizini iaşə müəssisələrinin dövriyyəsi təşkil edib. İaşə müəssisələri istisna olmaqla pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6337,8 milyon manatlıq və ya 4,8 faiz çox əmtəə satılıb.
Yeddi ay ərzində əhaliyə 167,7 milyon manatlıq və ya ötən ilin eyni dövründəkindən 15,8 faiz çox iaşə xidmətləri göstərilib. Özəl iaşə müəssisələri üzrə dövriyyənin real həcmi 17,8 faiz artaraq 160,6 milyon manat olub.
Makroiqtisadi nailiyyətlər müxtəlif sahələrdə sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları dinamizmlə gerçəkləşdirmək imkanı yaradır.
Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması uğurlu iqtisadi siyasətin müsbət nəticələridir. Ölkədə minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan işçilərin məvaciblərinin, sosial pensiya və müavinətlərin davamlı artırılması dövlətin vətəndaşlara olan diqqət və qayğısının bariz təcəssümüdür.
Ölkəmizdə iqtisadi islahatların uğurla aparılması və əldə olunan müsbət irəliləyişlər nüfuzlu beynəlxalq maliyyə qurumlarının hesabatlarında da əks olunmuşdur. Azərbaycanın iqtisadi potensialının ildən-ilə artması iqtisadiyyatımıza daha böyük həcmdə xarici investisiyaların yatırılmasına geniş imkanlar yaradıb.
Dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, nüfuzlu şirkətlərin ölkə iqtisadiyyatına investisiya yatırmaları Azərbaycanda əlverişli biznes mühitinin olduğunu sübuta yetirir.
Beləliklə, bu ilin 7 ayının makroiqtisadi nəticələri göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir. Cari ilin yekun nəticələrinin isə daha yüksək olacağına heç bir şübhə yoxdur. Azərbaycan qlobal böhran şəraitində belə inkişaf edirsə, dünya böhranı başa çatdıqdan sonra ölkəmizin hansı sürətlə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin deyil.

Digər xəbərlər