Strateji enerji siyasəti: potensial və perspektivlər
Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası 1994-cü ilin sentyabrında 15 dövlətdən 33 şirkətin iştirakı ilə imzalanan "Əsrin müqaviləsi"nin reallaşması üçün şərait yaratdı. Bunun nəticəsi olaraq dövlətimizin siyasi, iqtisadi və s. cəhətdən inkişafına önəmli təkan verəcək, ümummilli lider Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəməri istismara verildi. Tezliklə bu əsas ixrac kəməri özünün yüksək rəqabətqabiliyyətliliyi, səmərəliliyi, təhlükəsizliyi və s. kimi cəlbedici xüsusiyyətləri ilə neft ixrac edən digər dövlətlərin də diqqətini cəlb etdi və Qazaxıstan dövləti də öz neftinin bu kəmərlə nəql edilməsi barədə müqavilə imzaladı. Bu isə bir daha sübut edir ki, Azərbaycan Respublikası BTC əsas ixrac neft kəmərindən həm hasil edilən neftin dünya bazarlarına çıxarılması ilə, həm də tranzit xidmətləri göstərməklə bəhrələnəcək.