Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmi yoxdur və ola da bilməz
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik. Bunun tək bir səbəbi var - Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir." Prezident İlham Əliyev bir daha bəyan edir ki, bu gün qarşıda duran əsas məqsəd bütün beynəlxalq təşkiltlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirmək və məsələnin tezliklə həllinə nail olmaqdır.
Azərbaycanın dünyanın ən nüfuzlu təşkiltlarında Dağlıq Qarabağ probeleminin müzakirəyə çıxarılmasına, bu məsələ ilə bağlı qərar və qətnamələrin qəbuluna nail olması aparılan uğurlu xarici siyasətin nəticəsidir. Lakin əsas məqsəd bu qərarların həyata keçirilməsi istiqamətində səyləri artırmaqdır. Dünya həqiqəti görür, haqqı-ədaləti dəstəkləyir, lakin həlledici məqam yetişəndə tərəddüdlər ortaya çıxır. Daha dəqiq desək, işğalçının adı ilə çağırılması bu günədək dünya üçün mühüm problemə çevrilib. Niyə?
Elə bizi düşündürən də bu sualdır. Təkrarən də olsa bu faktı qeyd etməliyik. 1992-ci ildə Dağlıq Qarabağ probleminin nizamlanması missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk Qrupu yaradıldı. Həmin vaxtdan 17 il keçir. Həmsədrlərin bölgəyə səfərləri, münaqişəli tərəflərin dövlət başçılarının görüşlərinin təşkil olunmasında göstərdikləri səylər, öz aralında müakirələr aparmaları və s. məlum olan olaylardır. Amma bu gün xalqımızı maraqlandarın konkret nəticədir. Ulu öndər Heydər Əliyev həmsədrlərin vasitəçilik missiyasına münasibət bildirərkən daim bu fikri vurğulayırdı ki, bu vəzifə yalnız bölgəyə nəticəsiz səfərlərdən ibarət deyil. Münaqişənin beynəlxalq problemə çevrilməsi həllinin uzanmasında əsas amillərdən biridir. Hər bir dövlət məsələyə öz maraqları baxımından yanaşır, maraqların toqquşması problemin həllini uzadır.
"Mən hesab edirəm ki, bizim atdığımız addımlar həm danışıqlar prosesində mövqeyimizin möhkəmlənməsinə, həm də bu məsələlərlə məşğul olan tərəflərin fəallaşmasına gətirib çıxarıbdır. Bu gün dünyada açıq-aydın dərk edilir ki, bu bölgənin uğurlu inkişafı üçün dondurulmuş münaqişələr öz həllini tapmalıdır. Bu həll ancaq və ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır." Prezident İlham Əliyev qeyd edir ki, növbəti beş ildə də ərazi bütövlüyümüzün təmin olunmasına yönəlmiş diplomatik səylər daha da gücləndiriləcək, silahlı qüvvələrin daha çevik idarə edilməsi və texniki təchizatının modernləşdirilməsi sahəsində görülən işlər davam etdiriləcək, ordunun gücü və döyüş qabiliyyəti ardıcıl olaraq artırılacaq, əhalinin, xüsusilə də, gənclərin vətənpərvərlik tərbiyəsi gücləndiriləcəkdir. Güclü ordu potensialı yaradılmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşdırılır.
Qeyd edək ki, xarici siyasətində iki və çoxtərəfli səviyyələrdə münasibətlərin qurulmasına xüsusi önəm verən dövlətimizin düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın digər ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdı. Azərbaycan dünya dövlətlərinin əməkdaşlıq etdiyi məkana çevrilmişdi. Bu gün xalqımızın mənafeləri beynəlxalq aləmdə yüksək səviyyədə qorunur, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Azərbaycanın artan imkanları, nüfuzu, dünya üçün önəmli ölkəyə çevrilməsi mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyev bildirir: "Biz bundan sonra da Ermənistanı bütün regional və qlobal layihələrdən təcrid etmək üçün öz siyasətimizi davam etdirəcəyik, o vaxta qədər ki, torpaqlarımız azad olunacaqdır."
Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son beş ildə Ermənistan və Azərbaycan prezidentlərinin, xarici işlər nazirlərinin xeyli görüşləri olub. Danışıqların intensivləşməsi problemin həllində vacib amillərdən biridir. Danışıqların əsas mövzusu işğal altında olan bütün torpaqlarımızın qaytarılması, soydaşlarımızın öz doğma-yurd yuvalarına qayıtmasıdır. Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları, təbii ki, işğalçı Ermənistanı, ona havadarlıq edən dövlətləri və təşkilatları ciddi düşündürməlidir - "Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz. ... Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik."
Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladıqdan sonra işğalçı dövlətin rəhbəri ilə ilk görüşü Cenvrədə olmuşdu. Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti çərçivəsində prezidentlərin görüşü tanışlıq xarakteri daşımışdı. Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair ikitrəfli danışıqların bərpa olunmasını müsbət addım kimi qiymətləndirən dövlət başçıları görüşlərin gələcəkdə də davam etdiriləcəyinə əminliklərini ifadə etmişdilər. Tanışlıq xarakteri daşıyan bu görüşdən sonra prezidentlərin xeyli sayda görüşləri olub. Onların hər birini ayrı-ayrılıqda nəzərdən keçirsək, ümumi fikir budur ki, konkret nəticədən danışmağın mümkünsüzlüyü bu kimi görüşlərə inamı azaldır.
2004-cü ilin ilin sentyabarında Astanada Prezident İlham Əliyevin və Ermənistan prezidenti Robert Köçəryanın Rusiyanın keçmiş prezidenti Vladimir Putinin iştiraki ilə üçtərəfli görüşü oldu. Vladimir Putin bildirmişdi: "Biz bu danışıqları və ikitərəfli görüşləri dəstəkləyirik. Başlıcası odur ki, münaqişənin sülh yolu ilə aradan qaldırılması məsələsində hər iki tərəfin arzusu eynidir. Ümid edirəm ki, aparılan danışıqlar fayda verəcəkdir. Hələlik, heç bir nəticə olmasa da, hər bir görüş irəliyə doğru addımdır. Əminəm ki, hər iki ölkənin liderləri ortaq məxrəcə gələ biləcəklər. Danışıqların nəticəsindən asılı olmayaraq, bugünkü görüş də irəliyə doğru atılmış addımdır." Bu görüşdən artıq beş ilə yaxın vaxt keçir. Problemin həlində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupuna həmsədr dövlət kimi Rusiyanın ötən bu illər ərzində atdığı addımlara diqqət yetirsək, daha çox Ermənistana dəstək funksiyasını yerinə yetirdiyinin şahidi olarıq. İşğalçı Ermənistanın silahlandırılması, Rusiyanın ensiklopediyasında Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi göstərilməsi və bu kimi digər faktlar onu deməyə əsas verir ki, dünya ikili siyasətdən yaxa qurtara bilmir, bu yanaşma ilə problemin həllinə mənfi təsir göstərir.
2005-ci ildə Prezident İlham Əliyev Ermənistan prezidenti Robert Köçəryanla Varşavada görüşdülər. Prezidentlərin növbəti görüşü həmin il Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirildi. 2006-cı ilin fevralında isə Paris yaxınlığındakı Rambuye sarayında Prezident İlham Əliyevlə Robert Köçəryanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüşü oldu. Ermənistan prezidentinin bu görüşdən hansı bəhanə yayınması bəllidir. İşğalçı dövlətin rəhbəri açıq-aydın danışıqların davam etdirilməməsində maraqlı olduğunu təsdiqlədi. Bu görüşdən sonra danışıqlarda fasilələr yarandı. Qarşı tərəf beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini digər beynəlxalq təşkilatlarda müzakirəyə çıxarmasını, hərbi büdcəsini artırmasını önə çəkərək, belə fikir formalaşdırmağa çalışdılar ki, guya Azərbaycan dövləti problemin sülh danışıqları əsasında çözüləməsində maraqlı deyil, eyni zamanda, ATƏT-in vasitəçilik missiyasına müdaxilələr mövcuddur. Rəsmi Bakının cavab reaksiyası belə oldu - Azərbaycanın hərbi büdcəsini artırması suveren hüququdur. Problemin tezliklə həlli üçün bütün beynəlxalq təşkilatların potensialından səmərəli istifadə etməyə çalışır.
2006-cı ildə prezidentlərin Buxarestdə, həmçinin, Minskdə, 2007 və 2008-ci illərdə Sankt-Peterburqda, Rusiya prezidenti D.Medvedevin təşəbbüsü ilə Moskvada, 2009-cu ilin yanvarında isə Sürixdə görüşləri oldu. Keçirilən hər bir görüşdə cənab İlham Əliyev Azərbaycanın dəyişməz mövqeyini diqqətə çatdıraraq, danışıqlar xatirinə danışıq aparmağın gərəkli olmadığını bildirir. Rəsmi Bakı qarşı tərəfdən qeyri-konstruktiv mövqeyindən əl çəkməyi, düzgün mövqe nümayiş etdirməyi tələb edir. Düşünürük ki, təyin olunan növbəti görüş münaqişəninin həllini yaxınlaşdıran addımlardan biri olacaq.