PDF Oxu

Siyasət

  • 15

Bölgələrin sürətli inkişafı davam edir

Bölgələrin sürətli inkişafı davam edir
2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qeyd olunur ki, ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq qarşıda duran əsas vəzifələrdəndir.
Təkcə onu demək kifayətdir ki, ötən 5 il ərzində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılıb, 550 min daimi yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 13 faizədək azalıb. Ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, ötən 5 ilin başlıca hədəflərindən sayılan qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artıb.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik artım baş verib, xüsusən də, sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri isə düz 4 dəfə artıb.
Sadalanan uğurların davam etdirilməsi məqsədilə qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da bu baxımdan olduqca mühüm əhəmiyyət daşıyır. Ölkənin növbəti 5 illik sosial-iqtisadi inkişafına yönəldilən bu mühüm Dövlət Proqramında üç əsas istiqamətdə tədbirlər nəzərdə tutulub. Bunlar isə ölkə əhəmiyyətli, Bakı şəhərinin rayon və qəsəbələri üzrə, eləcə də ölkənin iqtisadi regionları üzrə kompleks tədbirlərdən ibarətdir.
Yeni regional proqramda vurğulanır ki, büdcə-vergi siyasətində əsas məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan yaxın gələcəkdə istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya mühitinin yaradılması mühüm vəzifə kimi qarşıda durur.
Ümumiyyətlə, Dövlət Proqramında ölkə iqtisadiyyatının prioritet istiqamətləri aydın göstərilib. Bu, kənd təsərrüfatına dövlət qayğısının və bu sahəyə subsidiyaların artırılmasını, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlbini, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, turizmin inkişafının dəstəklənməsini nəzərdə tutur.
Yeni Dövlət Proqramında vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı bir sıra məsələlər də öz konkret ifadəsini tapmışdır. Məsələn, qarşıdakı illərdə vergi dərəcələrinin optimallaşdırılması, sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siyasətinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması, sahibkarlara göstərilən vergi xidmətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi üçün kompyuter terminallarının, habelə, özəl vergi məsləhəti xidmətinin yaradılması nəzərdə tutulur.
Proqramda qeyd edilir ki, qarşıdakı illərdə pul-kredit siyasətinə xüsusi diqqət yetiriləcəkdir. Bu məqsədlə, ilk növbədə, manatın rəqabət qabiliyyətliliyinin əlverişli səviyyədə saxlanılmasını reallaşdıran məzənnə siyasətinə mühüm əhəmiyyət veriləcək. Bununla yanaşı, pul-kredit siyasətinin əsas məqsədləri sırasına ölkənin valyuta ehtiyatlarının artırılması, bank sistemində maliyyə sabitliyinin qorunması, bankların regional şəbəkəsinin genişləndirilməsi, nağdsız ödəniş vasitələrinin quraşdırılmasının sürətləndirilməsi, sığorta və lizinq xidmətlərinə xüsusi üstünlük verilməsi diqqət mərkəzində saxlanılacaq.
Dövlət Proqramında əminliklə vurğulanır ki, qarşıdakı illərdə özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdiriləcəkdir. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyəti dəstəklənəcək, müasir istehsal avadanlıqlarının quraşdırılması sürətləndiriləcək.
Yuxarıda qeyd edilənlərlə yanaşı, qarşıdakı illərdə məşğulluq siyasətinin, miqrasiya prosesinin konkret məsələlər əsasında tənzimlənməsi, sosial təminatın gücləndirilməsi, təhsil, səhiyyə və mədəniyyət sahələrində mövcud problemlərin aradan qaldırılması üçün regional proqramda konkret tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi ilə daha möhtəşəm vəzifələrin əldə olunacağına əminliyini bildirən dövlət başçısı İlham Əliyev bu ilin 6 ayının yekunlarına aid müşavirədə ölkə iqtisadiyyatının ümumi vəziyyətini müsbət qiymətləndirib.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yarım ilin sosial-iqtisadi yekunlarına həsr olunan iclasda yeni Dövlət Proqramı ilə bağlı bir məqamı da xüsusi vurğulayıb: "Regional inkişaf proqramının ikinci mərhələsi başlanmışdır. Bu, böyük və çox konkret proqramdır. Şübhə etmirəm ki, proqramın icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün proqramlar öz həllini tapmalıdır.
Bu il sahibkarlığın inkişafı üçün daha da böyük vəsait nəzərdə tutulur. Dövlət tərəfindən ayrılan kreditlərin məbləği artır, eyni zamanda, ənənəvi olaraq kənd təsərrüfatının inkişafı üçün subsidiyalar nəzərdə tutulubdur. Onu da deməliyəm ki, birinci altı ayda həm sənaye istehsalı, həm də kənd təsərrüfatı sahəsində artım müşahidə olunur.
Yəni Azərbaycanda elə bir sahə yoxdur ki, orada tənəzzül müşahidə edilsin. Bir daha demək istəyirəm, bu, onu göstərir ki, Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. İndiki vəziyyət çox ürəkaçandır və şübhə etmirəm ki, bizim uğurlu inkişafımız ilin sonuna qədər davam edəcəkdir".
Bu ilin birinci yarısında iqtisadiyyatın davamlı inkişafına müsbət təsir göstərən amillərdən biri olan investisiya qoyuluşlarının həcmi də artıb. Ən diqqəti çəkən cəhət isə odur ki, ölkənin maliyyə imkanlarının genişlənməsi nəticəsində daxili investisiyalar xarici investisiyalara nisbətən xeyli artıb.
Bütün bunlar isə yerli sərmayədarların potensialının güclənməsini, onların investisiya qoymaq imkanlarının genişlənməsini göstərir. Eyni zamanda, büdcə gəlirlərinin artması da dövlətin investisiya imkanlarını gücləndirir, nəticədə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək infrastrukturun yenidən qurulmasına əlverişli şərait yaradır.
Regionlarda magistral və rayonlararası yollar, bir sıra iri kənd təsərrüfatı məhsulları emalı müəssisələri, tikinti materialları buraxılan obyektlər, onlarca təhsil, səhiyyə müəssisələri tikilmiş və ya yenidən qurulmuşdur. Hazırda regionlarda əhalinin və sahibkarların kommunal xidmətlərlə təminatını daha da yaxşılaşdırmaq məqsədilə qaz kəmərləri, su xətləri çəkilir.
Regionların sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə yeni Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin dinamikası, tədbirlər üzrə ötən aylarda görülən işlərin həcmi və məqsədəuyğunluğu göstərir ki, regionlara göstərilən diqqət və qayğı nəticəsində ölkə vətəndaşlarının sosial vəziyyəti və maddi rifahı yaxşılaşmaqda davam edir.

Digər xəbərlər