Azərbaycan inkişaf tempinə görə lider mövqeyini saxlayır
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılmış məqsədyönlü tədbirlər sosial və iqtisadi sahələrin yeni inkişaf mərhələsinə daxil olmasına gətirib çıxarıb, Azərbaycan dövlətinin strateji xəttinə uyğun olaraq qəbul edilmiş proqramların gerçəkləşdirilməsini sürətləndirib. Özü də bu inkişaf ötən il başlayan qlobal maliyyə böhranının dünya iqtisadiyyatında yaratdığı mənfi fəsadları, dünya ticarət dövriyyəsinin kəskin şəkildə azalması, bank və qeyri-bank kreditləşməsinin zəifləməsi fonunda baş verib.
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə MDB Dövlətlərarası Statistika Komitəsi 2009-cu ilin birinci yarısının sosial-iqtisadi göstəricilərini açıqlayıb. Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalını (ÜDM) 3,6 faiz artıraraq MDB ölkələri arasında Özbəkistandan sonra 2-ci yeri tutub. Hesabat dövründə ümumi daxili məhsul istehsalı Ermənistanda 16,3 faiz, Rusiyada 13,4 faiz, Qazaxıstanda 4,1 faiz azalıb.
Yanvar-iyun aylarında Özbəkistan və Azərbaycan istisna olmaqla digər MDB ölkələrində istehsalın həcmi aşağı düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın həcmi Ukraynada 31,1 faiz, Moldovada 24,9 faiz, Qırğızıstanda 13,3 faiz, Ermənistanda 11,5 faiz, Belorusda 3,6 faiz, Qazaxıstanda 2,7 faiz azalıb. Özbəkistanda və Azərbaycanda isə bu müddət ərzində istehsalın həcmi müvafiq olaraq 9,1 faiz və 1,3 faiz artıb.
Qeyd edək ki, MDB üzrə sənaye istehsalının həcmi orta hesabla 25 faiz azalıb. Pərakəndə ticarət dövriyyəsinin artımına görə Azərbaycan 8,5 faizlə ikinci yerdədir. Burada birinci yeri 13,8 faizlə Tacikistan tutur. Ümumiyyətlə, yanvar-iyun aylarında MDB üzrə bu göstərici 4 faiz aşağı düşüb.
MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatından da göründüyü kimi, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolundadır. Bu inkişafın səbəbləri aydındır: regional inkişaf proqramında, habelə, digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlər yüksək səviyyədə reallaşdırılır.
Beynəlxalq Valyuta Fondunun (BVF) bu yaxınlarda yaydığı məlumat-proqnozda bildirilir ki, 2009-cu ildə inkişaf etmiş ölkələrdə ümumi daxili məhsul 2,5-5 faiz, Avropa Birliyi ölkələrində 4,7 faiz, Asiyanın yeni industrial dövlətlərində 6 faiz, MDB dövlətlərində məcmu olaraq 4 faiz azalacaq.
Qlobal maliyyə böhranı, mütəxəssislərin fikrincə, Azərbaycan iqtisadiyyatını da sınağa çəkib. Lakin Prezident İlham Əliyevin göstərişləri əsasında görülən tədbirlər nəticəsində və əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı, sabitliyi qorunub saxlanılıb, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxıb.
Bunu belə bir fakt da təsdiqləyir: bu ilin 6 ayı ərzində Azərbaycan iqtisadiyyatının ardıcıl yüksəlişi davam edib, ÜDM-in artımı 3,6 faiz təşkil edib. Həm də nəzərə alınmalıdır ki, BVF- nin 2009-cu ildə dünya iqtisadiyyatının 1,4 faiz azalacağı proqnozu fonunda bu göstərici diqqəti cəlb edir.
Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən rekord inkişaf sürəti ölkəmizin iqtisadi göstəricilərinin mütləq ifadədə xeyli artmasına səbəb olub. Bu baxımdan cari və gələcək dövrlərdə hər artım faizinin kəmiyyət tutumunun əvvəlki illərin göstəricilərinin tutumundan əhəmiyyətli dərəcədə yüksək olması diqqətdən yayınmamalıdır.
2010-cu ildən fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endiriləcək, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün vergi tutulan əməliyyatların həcmi 90 min manatdan 150 min manatadək artırılacaq.
Əhalinin vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən etibarən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilib, ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad edilib.
Qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, sahibkarlığın dəstəklənməsi siyasəti hazırda da davam etdirilir. Bu ilin 6 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilib ki, bu da regionlarda 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.
Nazirlər Kabinetinin 2009-cu ilin ilk yarısının yekunlarına dair iclasında dövlət başçısı İlham Əliyev aqrar sektorun indiki durumunu geniş təhlil edib, fermerlərə bundan sonra da ciddi diqqət yetiriləcəyini vurğulayıb: "Aqrolizinq"in yaradılması kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi. Ondan sonra əlavə tədbirlərin görülməsi, subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik.
Gübrənin alınması, yanacağın, toxumların alınması- bütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir. Bundan sonra biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox inkişaf etsin. Əkin sahələrinin genişlənməsi prosesi, əlbəttə ki, çox müsbət haldır və bunu etmək üçün ciddi meliorasiya tədbirləri görülür və görüləcəkdir...".
Onu da deyək ki, makroiqtisadi sabitliyi nəzərə alaraq qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən, regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması və xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcək.
Azərbaycan iqtisadiyyatının təkcə kəmiyyətcə deyil, həm də keyfiyyətcə inkişafı prosesi indi daha sürətlə gedir. Son vaxtlar dünya bazarlarında Azərbaycan brendləri tanınmağa başlayıb və ölkəmizin məhsulları keyfiyyətli hesab olunur. Bu səbəbdən də, Azərbaycan dünyada ixracyönümlü ölkə kimi tanınmağa başlayıb.