Ölkə qarşısında xüsusi xidmətlər göstərmiş 32 min 68 nəfərə Prezident təqaüdü təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifahının yaxşılaşdırılması məqsədilə bu ilin 6 ayında 32 min 68 nəfərə Prezident təqaüdü təyin olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 min 282 nəfər və ya 2 dəfə çoxdur. Azərbaycan Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanı ilə müharibə əlilləri üçün Prezident təqaüdü təsis edilib. Hazırda Fərmanın tələblərinə uyğun olaraq, ölkə üzrə 16 min 45 nəfər müharibə əlilinə Prezident təqaüdü ödənilir.