PDF Oxu

Siyasət

  • 11

İqtisadi inkişaf strategiyası uğurla davam edir

İqtisadi inkişaf strategiyası uğurla davam edir
Son illərdə ölkəmizin siması xeyli dəyişib. Bütün sahələrdə olduğu kimi, infrastruktur islahatları da yüksək səviyyədə həyata keçirilib, insanların problemləri əhəmiyyətli şəkildə azaldılıb. Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetlərinin müəyyənləşməsində sadə insan faktoru əsas götürüldüyündən ölkənin bütün regionlarında sosial infrastrukturların yeniləşdirilməsi geniş vüsət alıb. İndi ucqar rayonlarda belə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi böyük vüsət alıb, insanlar müasir yeniliklərə asan çıxış imkanları əldə ediblər.
Bölgələr, əsasən də, ölkənin şəhərləri müasir, inkişaf etmiş yaşayış məntəqəsinə çevrilib. Kəndlərdə və qəsəbələrdə də canlanma yaranıb. İstifadəyə verilən mədəni müəssisələr, səhiyyə ocaqları, təhsil obyektləri, nəqliyyat şəbəkələri imkan verir ki, insanlar xüsusi çətinlik çəkmədən öz tələbatlarını ödəyə bilsinlər.
Xatırladaq ki, dövlətimizin artan imkanları daxili yolların da yenidən qurulmasına və təmirinə imkan yaradır. İndi nəinki beynəlxalq əhəmiyyətli, hətta rayonlar və kəndlərarası yollarda da genişmiqyaslı işlər həyata keçirilir. Ölkə daxilində 1000 kilometr respublika əhəmiyyətli şəhərdaxili və kəndarası avtomobil yollarının tikintisi və əsaslı təmiri həyata keçirilib.
Şəhər və rayon mərkəzlərində xüsusi layihəli yaşayış binaları, kənd yerlərində fərdi evlərin tikintisi vüsət alıb. Şəhid ailələrinin və əlillərin mənzil təminatı əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.
Bakı-Oğuz-Qəbələ su kəmərinin tikintisi paytaxt əhalisinin suya olan tələbatının ödənilməsi üçün misilsiz layihədir. Bu xəttin istifadəyə verilməsi günü-gündən böyüyən Bakının təmiz və mineral tərkibli su ilə təminatına imkan verəcək. Bu həm də bir məşğulluq layihəsi olub minlərlə insanın yüksək məvacibli işlə təminatına imkan yaradıb.
Mədəni obyektlərin təmir və tikintisinə də xüsusi qayğı göstərilib. Azərbaycanın ona qədər teatr və incəsənət muzeylərində, o cümlədən, Dövlət Sirkində, Dövlət Film Fondunda və başqa obyektlərdə təmir-bərpa işləri həyata keçirilib. Yerli muzeylər yeni eksponatlarla zənginləşdirilib, onların saxlama şəraiti yaxşılaşdırılıb.
Ötən il həm də sənayeləşmə ili kimi respublika həyatında öz izini qoydu. Köhnə müəssisələr bərpa edildi, yenilərinin təməlqoyma mərasimləri keçirildi. Dövlət başçısının sənayeni dirçəltmək proqramı tam qüvvəsi ilə işə düşdü.
Hazırda müxtəlif təyinatlı müəssisələrdə təsərrüfat ehtiyaclarını, eləcə də digər sənaye sahələrinin tələbatlarını ödəyən məhsullar istehsal olunur. Bu da həm yerli istehsalın dirçəlməsinə, həm də əhalinin işlə təminatına yeni təkan verib.
Sağlam həyat devizi altında keçirilən tədbirlər də sürətlə davam etdirilir. Ekoloji proqramların icrası da dövlət başçısının şəxsi nəzarətindədir. Təbii resurslardan istifadənin ciddi əsasları müəyyənləşdirilib, yeraltı ehtiyatların səmərəli istifadəsi prosedurları işlənib.
Dövlət səhiyyə obyektlərində tibbi xidmətin pulsuz olması haqda prezidentin sərəncamı insanların sağlamlığı üçün atılan ən mühüm addımlardandır.
Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasının mühüm həlqəsi olan sosial siyasətin əsas prinsipi yoxsulluğun tamamilə ləğv edilməsi, yaşayış standartlarının yüksəldilməsidir. Bunun üçün kifayət qədər maddi və intellektual resurslar var.
Dövlət başçısının yürütdüyü sosial-iqtisadi tərəqqi kursunun ümummilli inkişafını təmin edən dinamikası imkan verəcək ki, qarşıdakı illərdə əhalinin yaşayış resursları artsın, mədəni-mənəvi ehtiyacları daha da yüksək səviyyədə ödənilsin. Bir sözlə, Azərbaycanın sürətli inkişafı ölkənin yeniləşməsində və xalqın rifahının təmin edilməsində öz böyük rolunu oynayır.
2009-cu ilin bu kontekstdə daha uğurlu və daha perspektivli il olacağını təkcə yerli ekspertlər deyil, həm də nüfuzlu beynəlxaql ekspertlər və maliyyə institutları da qeyd edirlər. Cari ilin dövlət büdcəsinin 15 milyard dollar nəzərdə tutulmasına baxmayaraq, ekspertlər belə sürətli inkişaf şəraitini və ümumi daxili məhsulun artım tempini nəzərə alaraq gələn il büdcənin daha çox artacağını vurğulayırlar.
İşsizlik, yoxsulluq problemlərinin həlli istiqamətində atılan addımlar, onların uğurlu nəticələri göz qabağındadır. 2003-cü ildən bu günə 770 min yeni iş yeri yaradılıb ki, bunun da 550 mini daimidir. Eyni zamanda, yeni iş yerlərinin böyük əksəriyyəti regionlardadır.
Prezident İlham Əliyev ölkənin inkişafının bölgələrin tərəqqisindən bilavasitə asılı olduğunu hər zaman bəyan edir. Qeyri-neft sektorunun inkişafı dövlətin həyata keçirdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu gün ÜDM-də özəl bölmənin payının 85 faizdən artıq olması da bunu deməyə əsas verir.
İşsizliyin aradan qaldırılması, öz növbəsində, yoxsulluq probleminin həllinə də öz müsbət təsirini göstərir. Beynəlxalq Valyuta Fondunun qənaətinə görə hazırkı iqtisadi inkişaf tempi saxlanılarsa, yaxın illərdə ölkəmizdə yoxsul olmayacaq. Dövlətin maliyyə imkanları genişləndikcə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Əmək haqları, pensiyalar artırılır, müxtəlif kateqoriyadan olan vətəndaşlara kompensasiyalar verilir.
Qeyd olunanlar iqtisadi siyasətin əsasında əhalinin sosial durumunun yaxşılaşdırılmasının dayandığını bir daha təsdiqləyir. Bütün bunlar onu göstərir ki, hökumətin qarşısında duran əsas vəzifələrdən biri olan əhalinin sosial təminatının güclənməsi işi əzmlə yerinə yetirilir.
Ən əsası odur ki, 2009-cu ildə Azərbaycan dövlətinin daha da möhkəmlənməsi, xalqın sosial vəziyyətinin daha da yaxşılaşması tendensiyası daha böyük sürət alıb- bütün bu qeyd olunanlar bunu deməyə tam əsas verir.

Digər xəbərlər