İlham Əliyev: “Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olacaq”
Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 5 il yarım vaxt ötür. Ötən bu müddət ərzində ölkəmiz böyük bir inkişaf yolu keçdi. İctimai-siyasi sabitliklə yanaşı, iqtisadiyyat və mədəniyyət sahəsində xeyli uğurlara imza atıldı. Azərbaycan Avropa və dünyanın enerji təhlükəsizliyində əsas söz sahiblərindən birinə çevrildi. Bir sıra böyük iqtisadi layihələr gerçəkləşdirildi. Bu müddətdə ölkə əhalisi bir daha inandı ki, düzgün seçim edib. Çünki Azərbaycan tarixində heç vaxt indiki qədər quruculuq-abadlıq və tikinti işləri görülməyib. Azərbaycan heç vaxt indiki qədər böyük beynəlxalq nüfuza malik olmayıb.
Təxminən 5 il yarım əvvəl- 2003-cü ildə Azərbaycanda prezident seçkiləri keçirildi və İlham Əliyev xalqın etimadını qazanaraq bu məsul posta seçildi. Bu müddətdə xalqımızın həyatında mühüm hadisələrin, böyük irəliləyişlərin şahidi olduq. İndi həmin müddətə təkcə Azərbaycan xalqı deyil, dünyanın aparıcı dövlətlərinin rəhbərləri, siyasətçilər və politoloqlar da böyük qiymət verirlər. Keçən illər ərzində Prezidentin fəaliyyəti əldə edilən uğurlu nəticələrdə öz əksini tapıb.
Prezident İlham Əliyev dünya səviyyəsində Azərbaycanın söz sahibi olduğunu, həmçinin, XXI əsrdə dövlətlərin böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini, dövlətin müstəqil siyasət yeridə bilməsinin əsas olduğunu ortaya qoydu. Yeri gəlmişkən, bir qədər əvvəl keçirilmiş beynəlxalq sorğuda İlham Əliyevin Şərqin lider dövlət başçısı seçilməsi də təsadüfi deyildi. Bu gün dünya ölkələri bu siyasətə böyük qiymət verirlər.
Prezidentimiz dünya səviyyəsində balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan xalqının mənafeyini, inkişafını və perspektivini müəyyənləşdirir. Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. İnkişaf etmiş və yeni inkişaf yoluna qədəm qoymuş ölkələrlə qarşılıqlı əməkdaşlıq şəraitində müqavilələr bağlanılır.
Azərbaycanın xarici siyasətində balanslaşdırma ana xətdir. Ona görə də, əksər ölkələr tərəfindən Azərbaycanın bu uğurları dəstəklənir. Xarici siyasət sahəsində başlıca problemlərimizdən biri Qarabağdır. İndi hər bir Azərbaycan vətəndaşı yaxşı anlayır ki, Prezident İlham Əliyev bütün görüşlərində, beynəlxalq aləmdə öz çıxışlarında bu məsələni ön plana çəkir. Azərbaycanın sərhədlərinin toxunulmazlığı məsələsi bu çıxışların əsasını təşkil edir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn prinsipləri əsasında həll olunması Azərbaycan Prezidentinin başlıca qayğısıdır və fəaliyyətinin əsasını təşkil edir. Düzdür, Qarabağ probleminə beynəlxalq səviyyədə ikili yanaşma halları bu gün də var. İlham Əliyev bu standartların aradan qaldırılmasını və problemin BMT çərçivəsində, beynəlxalq hüququn normaları, ərazi bütövlüyümüzün toxunulmazlığı əsasında çözülməsini tələb edir.
Dövlət başçısı Qarabağ probleminin təkcə sülh variantı həllinə çalışmaqla kifayətlənmir, Azərbaycanın qüdrətli, müasir və peşəkar Silahlı Qüvvələrinin formalaşdırılması işi ilə ciddi məşğul olur.
Prezidentimizin ayrı-ayrı ölkələrə rəsmi səfərləri zamanı Azərbaycanın inkişafı, tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması, möhkəmlənməsi sahəsində mühüm işlər görülür. Prezidentimiz nəinki dünyanın inkişaf etmiş ölkələrinə səfərlər edir, eləcə də Azərbaycanın gələcəyi, xalqımızın mənafeyi üçün hardasa faydalı olacaq tədbirləri həyata keçirə bilən ölkələrlə də əməkdaşlığı zəruri hesab edir. Bu əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlir.
Azərbaycanda tam ictimai-siyasi sabitlik hökm sürür. Bu sabitliyin təməlini ümummilli liderimiz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qoyub. İlham Əliyev prezident seçildikdən sonra bu sabitliyin möhkəmlənməsinə öz töhfəsini verdi. Azərbaycanda insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir.
Demokratik təsisatlar möhkəmləndirilir. Söz və mətbuat azadlığı, din azadlığı var. Bütün bunlar ölkədə ictimai-siyasi sabitliyə rəvac verir. Vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi sahəsində ciddi addımlar atılır.
Ötən 5 il yarımda Prezident İlham Əliyev bir çox humanist addımlar atıb, əfv fərmanları imzalayıb. Qeyd edilməlidir ki, bu məsələlərdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çox böyük xidmətləri var. Millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə Amnistiya Aktı qəbul edilib. Bu sıranı xeyli genişləndirmək olar. Bütün bunlar isə, ölkədə vətəndaş həmrəyliyinə nail olunması deməkdir.
Ötən müddətdə ən böyük uğurlardan biri də iqtisadi inkişaf tempinə görə dünyada liderliyi ələ keçirmək və bu mövqeni bir neçə ildir ki qoruyub saxlamaqdır. Son illərdə Azərbaycanda iqtisadi artım orta hesabla 20 faiz təşkil edir. Cari ilin dövlət büdcəsi 15 milyarda çatıb, ilin sonuna strateji valyuta ehtiyatları 24 milyarda çatacaq. Son 5 ildə dövlət bödcəsi 10 dəfə, ümumi daxili məhsul isə 5 dəfə artıb. Bu göstəricilər ölkəmizin nə dərəcədə sürətlə inkişaf etdiyinin əyani sübutudur.
Azərbaycanda insanların həyat şəraitinin yaxşılaşdırılması, onların sosial güzəranının yüksəldilməsi istiqamətində də ciddi işlər görülür. Demək olar ki, bütün sahələrdə çalışanların əməkhaqları bir neçə dəfə artırılıb. İnsanların sosial müdafiəsi gücləndirilib. Müəyyən kateqoriyadan olanlara kompensasiya verilir, aztəminatlı ailələrə güzəştlər edilir.
Ölkədə azad sahibkarlığa geniş imkanlar yaradılıb. Başlıcası isə odur ki, regionların inkişafı daim Prezidentin diqqət mərkəzində olub. Həmçinin, regionların sosial-iqtisadi inkişafı ilə bağlı ciddi dövlət proqramları ardıcıl olaraq həyata keçirilir. Bölgələrdə infrastruktura xüsusi diqqət verilir. "Vahid pəncərə" sisteminin sahibkarlığın inkişafına əlavə stimul yaratmasını da bu sahədə ciddi uğurlardan biri kimi qeyd etmək olar.
Bir neçə il bundan əvvəl ən geridə qalmış, sosial-iqtisadi cəhətdən axsayan rayonlarda bu gün böyük dəyişikliklər göz önündədir. Bütün bunlar həm də Azərbaycana böyük perspektivlər vəd edir. Regionların inkişafı həm də rayonlarda yeni iş yerlərinin açılması, adamların rahat yaşaması, bölgələrə qayıdış, həyatın canlanması deməkdir.
İlham Əliyevin prezidentliyi dövründə 770 minə yaxın yeni iş yeri açılıb. Bunların çoxu daimi iş yerləridir. Bunun nəticəsində, Azərbaycanda işsizlik problemi artıq aradan qalxır. Yoxsulluğun səviyyəsi həddən artıq aşağı düşüb. İndi bu, 13 faizdən də aşağıdır. Son 5 ildə xeyli sayda yeni istehsal müəssisələri açılıb. Yeni yollar çəkilir, məktəblər açılır, səhiyyə obyektləri istifadəyə verilir.
Ümumilli liderimiz Heydər Əliyev enerji sektorunun inkişafına, neft müqavilələrinə böyük önəm verirdi. İlham Əliyev bu strategiyanı uğurla davam etdirir. Neftdən gələn gəlirlər xalqımızın mənafeyinə yönəldilir. Bununla yanaşı, ölkədə qeyri-neft sahələri də inkişaf etməkdədir. Özəl sektorun inkişafına ciddi diqqət verilir.
Bu gün Azərbaycanda aparılan siyasət Heydər Əliyev siyasi kursunun davamıdır və yeganə düzgün siyasətdir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanı xoş gələcəyə aparır.