PDF Oxu

Siyasət

  • 4

Azərbaycan ÜDM-in artım tempinə görə MDB-də liderdir

Azərbaycan ÜDM-in artım tempinə görə MDB-də liderdir

Xəbər verdiyimiz kimi, MDB-nin Statistika Komitəsi birinci yarımilliyin nəticələrini dərc edib. Məlumata görə, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan və Özbəkistanda sənaye istehsalının artımı müşahidə edilir. Rusiya isə ümumi daxili məhsulun azalması baxımından 3-cü yerdədir. Bu ölkədə iqtisadi göstəricilər 13,4%, Ukraynada- 20,3% azalıb. ÜDM-in artımı isə, Azərbaycanda- 3,6%, Özbəkistanda- 8,2%, Qırğızıstanda və Belorusda isə 0,3% artıb. Azərbaycanda və Özbəkistanda istehsal səviyyəsi yüksəlib.
Ümumilikdə, MDB-nin Statistika Komitəsinin hesabatlarında iştirak edən 11 ölkədən yalnız 5-də ÜDM-in artımı müşahidə olunub, qalan ölkələr isə iqtisadi geriləməyə məruz qalıb. Ən böyük ÜDM azalması Ukrayna və Ermənistanda baş verib.
MDB üzrə ÜDM-in dinamikası belə olub: Özbəkistan 108,2%, Azərbaycan 103,6%, Tacikistan 102,8%, Belorus 100,3%, Qırğızıstan 100,3%, Qazaxıstan 95,9%, Gürcüstan 94,1%, Moldova 93,1%, Rusiya 86,6%, Ermənistan 83,7%, Ukrayna 79,7%.

İqtisadi inkişafın nəticəsi- məşğulluq probleminin həlli

Azərbaycanda iqtisadi artım prosesi, eyni zamanda, kütləvi iş yerlərinin açılması ilə müşayiət olunur. Bu il avqust ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 327,4 min nəfər olub, onlardan 4 066,7 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2009-cu ilin yanvar-iyun aylarında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 377,8 min nəfər, orta siyahı sayı isə 1 360,8 min nəfər təşkil edib. Onların 871,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 489,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 20%-i istehsal sahələrində - 12,3%-i sənayedə, 4,9%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,6%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 10,1%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,2%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 4,2%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,6%-i isə digər sahələrdə cəmlənib.
Bundan başqa, 2009-cu ilin yanvar-iyun aylarında müəssisə və təşkilatlarda 5,1 min nəfər əcnəbi iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,4 min nəfəri sənayedə, 1,6 min nəfəri tikintidə, 0,7 min nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 0,6 min nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 0,4 min nəfəri təhsil sahəsində və 0,4 min nəfəri digər sahələrdə işləyib.
Məşğulluq mərkəzlərinin məlumatına görə, 2009-cu il avqust ayının 1-i vəziyyətinə ölkə üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 43 747 nəfər olub, onların da 45,3%-ni qadınlar təşkil edib.

Ölkənin maliyyə-kredit sistemi sürətli inkişafdadır

Azərbaycan Mərkəzi Bankı (AMB) təkrar maliyyələşdirmə üzrə əməliyyatlarının xeyli artdığı barədə məlumat yayıb. Nəticədə AMB-nin kredit portfeli yanvar-iyulda 3,5 dəfə artıb.
"Bankların təkrar maliyyələşməsi antiböhran tədbirləri çərçivəsində onların likvidliyini qorumaq məqsədi ilə genişləndirilir",- deyə bankdan bildiriblər.
AMB-nin statistik məlumatına əsasən, bank sisteminə təqdim edilən mərkəzləşdirilmiş kreditlərin qalığı il ərzində 4 dəfəyə yaxın artaraq 1 iyul üçün 405,4 mln manat olub. Bu, müştərilərin bank kreditləşməsinin ümumi həcminin 6,7%-ə uyğun gəlib. Amma iqtisadiyyatın kreditləşməsi üçün resurs bazası kimi AMB-nin rolu, görünür, təzəlikcə artmağa başlayır.
İyulun 9-da qüvvəyə minən "Mərkəzi Bank haqda" qanuna əlavə və dəyişikliklər nəticəsində son instansiya kreditor kimi AMB-nin səlahiyyətləri xeyli genişlənib. Əgər əvvəllər o, manatla kreditləri 6 aydan çox olmayan müddətə uzadılma hüququ ilə verirdisə, indi o, müddət və kredit valyutası seçməkdə daha müstəqildir.
Bundan başqa, AMB-yə subordinasiyalı kreditlər (bankların kapitallaşmasının artırılması məqsədilə), eləcə də dövlət zəmanəti ilə real sektoru maliyyələşdirmək üçün banklara kredit vermək hüququ da verilib. AMB-nin banklara kredit verməsi barədə müvafiq qaydalar cari ilin 28 iyulunda təsdiq edilib.

Əmək pensiyası alanların sayı 1 292 602 nəfərə çatıb

İyulun 1-nə olan statistik məlumata əsasən ölkədə əmək pensiyası alan şəxslərin sayı cari ilin əvvəli ilə müqayisədə 17 464 nəfər artaraq 1 milyon 292 min 602 nəfərə çatıb. Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən məlumata görə, onlardan 512167 nəfəri kişi, 780435-i isə qadınlardır.
Qadınlardan 380540 nəfəri çoxuşaqlı analardır. Əmək pensiyası alanlar sırasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9652 nəfər təşkil edir. Əmək pensiyaçılarının 129513-ü işləyən pensiyaçılardır.
Respublika üzrə əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 308670 nəfər təşkil edir. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, onlardan 22276 nəfəri 1-ci qrup, o cümlədən, 7580 nəfəri 1-ci qrup gözdən əlildir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4582 nəfərdən ibarətdir.
Bundan başqa, 37031 nəfər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 138146 nəfər təşkil edir. Onlardan 22-si Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvləridir.

Milli gəlirin artması özünü əhalinin həyat səviyyəsində göstərir

Azərbaycanda ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 5 min dollara çatıb və bu da özünü əhalinin yaşayış səviyyəsinin yüksəlməsində göstərir. Qeyd edək ki, 2004-cü ildə bu rəqəm 1000 dollara yaxın, 2005-ci ildə 1200 dollar olub. Yəni 5 il öncəyə görə, bu göstərici 5 dəfə artıb. Bu dünyada analoqu olmayan artım tempidir.
Sənaye, nəqliyyat, rabitə və tikinti sahələrində artım müşahidə olunur. Amma bunu kənd təsərrüfatı haqqında demək olmaz. ÜDM-in sürətli artımının əsasən neft və qaz sektorunun hesabına baş verməsini qeyd etməklə yanaşı vurğulamalıyıq ki, artıq ölkə iqtisadiyyatında özəl bölmənin payı 85 faizə çatıb.
Azərbaycanda son illər milli gəlir ildə orta hesabla 20-25% artır. Bu artım templəri isə Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizlə bağlı verdiyi proqnozlara uyğundur. Bununla belə, Azərbaycan bu nəticələrə yalnız neft-qaz hasilatının sürətli artımı hesabına nail olmur, qeyri-neft sektorunda inkişaf tempi ümumi inkişaf templərindən xeyli çoxdur.
Neft gəlirlərindən səmərəli istifadə olunduğundan əhalinin yaşayış səviyyəsi də ÜDM-in artım tempinə uyğun yaxşılaşır. Əgər əhali öz yaşayışında yaxşılaşma hiss edirsə, gəlirlər artırsa, bu, artıq sosial problemlərin həll edilməsi deməkdir. ÜDM-in səviyyəsi artdıqca, paralel olaraq, ölkədə qiymətlər ucuzlaşır, əhalinin alıcılıq səviyyəsi yüksəlir, yoxsulluq səviyyəsi azalır.
"Əsrin müqaviləsi" və digər neft müqavilələri çərçivəsində görülən işlər nəticəsində Azərbaycanda neft hasilatı bu ilin sonunadək 50 milyon tona çatacaq.

Qeyri-neft sektorunun inkişafı strateji iqtisadi siyasətdir

Ölkənin qeyri-neft sektorunda mövcud iqtisadi potensialdan düzgün istifadə olunması müsbət nəticələrə gətirib çıxarır. Artıq faktdır ki, Azərbaycanda yoxsulluq problemi həll edilmək üzrədir. Hələ 2003-cü ilin əvvəlindən "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf" proqramının həyata keçirilməsinə başlanıb və bu sahədə nəzərə çarpacaq irəliləyiş əldə olunub.
İndiki halda iqtisadiyyatın hərtərəfli inkişafı, yəni onun ancaq neft sektoru üzərində qurulmaması, digər sahələrin də sürətli inkişafı regionlarda iş yerlərinin açılmasına imkan yaradır. Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə etməklə, cəmi bir neçə il ərzində ölkədə yoxsulluğun tamamilə ləğvinə nail olmaq mümkündür.
Ölkədə iqtisadi sabitliyin təmin olunması nəticəsində Azərbaycanın valyuta ehtiyatları ildən-ilə artır və hazırda bu göstərici 20 mlrd. dollara çatmaq üzrədir. Bu valyuta ehtiyatlarımız effektli idarə olunur. Qeyri-neft sektoruna investisiya yatırımı artır, dövlətin aqrar sahəyə maliyyə yardımları çoxalır.
Artıq ölkədə nəinki inflyasiyanın artımı müşahidə olunmur, hətta deflyasiya baş verir. Son aylarda dollar manat qarşısında öz dəyərini əhəmiyyətli şəkildə itirib. Əksər ölkələrdə milli valyutanın dəyərdən düşməsi fonunda Azərbaycanda manat sabitdir.
Beləliklə, bütün bunlar hökumətin ölkənin maliyyə ehtiyatlarını effektiv idarə etməsindən xəbər verir. Ölkənin gəlirlərinin istehsal sahələrinə, qeyri-neft sektorunun inkişafına yatırılması daha yüksək nəticələr verə bilər.

Digər xəbərlər