Ən islahatçı ölkənin gerçəklikləri
2009-cu ilin ilk yarımilinin dünyada tüğyan edən iqtisadi böhranla mübarizə şəraitində keçməsinə baxmayaraq, ölkəmizdə dinamik inkişaf davam edir. Qlobal böhranın ölkəmizə təsirini neytrallaşdırmaq üçün Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası, buna müvafiq olaraq görülən tədbirlər hökumətin iqtisadi fəaliyyətinin əsasını təşkil edib. Bunun nəticəsidir ki, ötən müddətdə iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsul 3,6 faiz artıb. Bununla da, ölkəmiz iqtisadi artım sürətinə görə lider dövlətlər sırasında yüksək mövqeyini qoruyub saxlayıb.
2009-cu ilin birinci yarısının yekunları da göstərdi ki, qlobal böhran ölkəmizin iqtisadiyyatı, əhalinin sosial müdafiəsi üçün problem yaratmayıb. Ölkəmizin hərtərəfli inkişafını təmin edən iqtisadi siyasət uğurla həyata keçirilir.
Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin ilk yarımilin nəticələri ilə bağlı keçirilən müşavirədə də qeyd olundu ki, bu ilin birinci yarısında ümumi daxili məhsul (ÜDM) 3,6 faiz artıb, qeyri-neft sektorunda artım 4,1 faiz olub və bu da, onu göstərir ki, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır.
İlin birinci yarısında sosial məsələlərin həllinin uğurla davam etdirildiyini deyən dövlət başçısı bu sahədə mövcud proqramların icra olunduğunu, inflyasiyanın səviyyəsinin aşağı düşdüyünü və son 6 ayda 3,7 faiz olduğunu qeyd edib. Belə ki, bu dövrdə əhalinin pul gəlirləri 19 faiz, orta aylıq əmək haqqı isə 15 faiz artıb.
"İlk 6 ayda Azərbaycanda 35 min yeni iş yeri yaradılıb. Onlardan 25 mini daimidir. Bu dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin icrasına başlanıb. Sahibkarlığın inkişafı üçün dövlət tərəfindən ayrılan kreditlərin məbləği artırılıb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da özünü göstərir. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramında kənd təsərrüfatının əksər sahələri kimi, meyvəçiliyin də inkişaf etdirilməsi, məhsul istehsalının artırılması, keyfiyyətinin yaxşılaşdırılması, az məhsuldar, bioloji yaş dövrünü başa vurmuş, seyrəkliyi yüksək olan bağların bərpası, yeni meyvə bağlarının salınması nəzərdə tutulub. Bu, fermerlərdə və fiziki şəxslərdə bağçılığa olan münasibəti daha da yaxşılaşdırıb.
Son 6 ildə minimum əmək haqqı 10 dəfə, minimum pensiya təxminən 5 dəfə artıb. Prezident İlham Əliyev minimum əmək haqlarının ildə ən azı 2 dəfə artırılmasını qarşıya ən ümdə məqsədlərdən biri kimi qoyub. Bu, onunla əsaslandırılır ki, ölkəmiz böyük iqtisadi potensiala malikdir. Zəngin təbii resurslardan səmərəli istifadə ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artmasına mühüm zəmin yaradır ki, bu da, ilk növbədə, maliyyə imkanlarının genişlənməsinə və uğurlu sosial siyasətin həyata keçirilməsinə öz müsbət təsirini göstərir.
Reallıq odur ki, Azərbaycan hazırda ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Böyük neft-qaz layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsü olan ölkəmiz hazırda dünyada iqtisadiyyatı sürətlə inkişaf edən dövlət kimi tanınır.
Beynəlxalq maliyyə qurumları mütəmadi olaraq açıqladıqları hesabatlarında Azərbaycanın ÜDM istehsalının həcminə görə dünyada öncül yerdə dayanmasını düzgün qurulan iqtisadi siyasət, neft və qaz istehsalının ildən-ilə artması ilə əlaqələndirirlər.
Dövlət başçısı çıxışlarında bu fikri hər zaman bildirir ki, neft-qaz amili bu gün və gələcəkdə ölkəmizin inkişafı üçün öz müsbət rolunu oynayacaq. Amma əsas vəzifə iqtisadiyyatın inkişafının neft amilindən asılılığını azaltmaq, qeyri-neft sektorunun inkişafını sürətləndirməkdir.
Bunun üçün neft gəlirlərindən səmərəli istifadənin vacibliyi önə çəkilir. Məhz bu səbəbdən Dövlət Neft Fondunda toplanan vəsaitlərin böyük əksəriyyəti qeyri-neft sektorunun inkişafına yönəldilir.
Düzdür, ümumi daxili məhsulda neftin xüsusi çəkisi gözəçarpacaq qədərdir. Amma regionların göstəricilərinə nəzər yetirsək, görərik ki, əksər rayonlarda iqtisadi artım 2 dəfədən çox olub. Bundan başqa, qeyri-neft sektorunda artım tempi ümumi iqtisadi artım tempindən çoxdur.
"Azərbaycan xalqı daha yaxşı yaşamalıdır" deyən dövlət başçısı bunun üçün iqtisadi imkanların mövcudluğunu diqqətə çatdırır. Minimum əmək haqqının və pensiyaların artırılmasının artıq ənənəyə çevrildiyini xüsusi vurğulayan Prezident İlham Əliyev insanların daha yaxşı yaşaması və öz tələbatlarını yüksək səviyyədə ödəmələri üçün bu addımların davamlı olacağını qeyd edir.
Azərbaycanın bugünkü iqtisadi qüdrətini və maliyyə imkanlarını önə çəkən beynəlxalq maliyyə qurumları bildirirlər ki, ölkəmiz heç bir yardıma ehtiyacı olmadan mövcud problemlərini həll etməyə qadirdir.
Cari ilin ilk rübünün yekunları ilə bağlı hökumətin iclasında Prezident İlham Əliyev diqqəti hazırda bölgədə, ümumilikdə, dünyada işsizlik və yoxsulluğun ən böyük problemə çevrilməsinə yönəldərək, bildirdi ki, ölkəmizdə qeyd olunan istiqamətlərdə mühüm uğurlar əldə olunub. Dövlət başçısı qeyd etdi ki, bütün bunlar həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir.
Ekspertlərin fikrincə, Azərbaycanın uğurlu gələcək inkişafını təmin etmək üçün böyük investisiyalar qoyulmalı, infrastruktur layihələri davam etdirilməlidir. Azərbaycanda sabitliyin, normal biznes mühitinin mövcudluğu investisiya axınına öz müsbət təsirini göstərir.
Qeyd edək ki, son 10 ildə ölkə iqtitsadiyyatına 42 milyard dollar investisiya qoyulub ki, bunun da 30 milyarddan çoxu son 5 ilin payına düşür. Xüsusi vurğulanmalıdır ki, daxili investisiyaların həcmi getdikcə artır.
Bu isə, o deməkdir ki, ölkədə sahibkarlıq inkişaf edir, yerli biznes üçün hər cür şərait var. Bütün bunlar göstərir ki, Azərbaycanın ötən il olduğu kimi, bu il də ən islahatçı ölkə elan edilməsi heç də təsadüfi deyil.
Ölkənin tarzlı inkişafını, iqtisadiyyatın qeyri-neft sektorunun tərəqqisini təmin etmək üçün həyata keçirilən dövlət proqramları bu məqsədə nail olmağa imkan verir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı növbəti Dövlət Proqramı isə, ölkənin bütün bölgələrinin sürətli inkişafına nail olmağa xidmət edəcək.
Bu gün hər bir ölkə vətəndaşı bu Dövlət Proqramının real nəticələrini öz gündəlik həyatında hiss edir. Ümumiyyətlə, bu və digər dövlət proqramlarında əksini tapan vəzifələrin uğurla icrası Azərbaycanın daha da qüdrətlənməsinə, zənginləşməsinə imkan yaradacaq.