PDF Oxu

Siyasət

  • 4

Azərbaycanda aparılan iqtisadi inkişaf dinamikası genişlənir

Azərbaycanda aparılan iqtisadi inkişaf dinamikası genişlənir
Qlobal maliyyə böhranı dünyanın əksər ölkələri kimi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr edilən müşavirədə, böhranın xarici amil kimi iqtisadiyyatımıza təsir göstərdiyini bəyan etdi. Ölkə başçısı bildirdi ki, 2009-cu ilin ikinci yarısında bizim başlıca vəzifəmiz ondan ibarət olacaqdır ki, dünya maliyyə və iqtisadi böhranının Azərbaycana mümkün mənfi təsirinin nəticələrini minimuma endirək.
Qlobal maliyyə-iqtisadi böhran səngimək bilmir. Hələlik, böhranın nə zaman başa çatacağı ilə bağlı konkret proqnozlar yoxdur və güman edilir ki, böhran 2010-ci ilin ortalarınadək davam edəcək. Məhz böhranın qısa müddətli olmaması antiböhran tədbirlərinin həyata keçirilməsini zəruri edir.
Artıq əksər ölkələrdə antiböhran proqramının hazırlanmasında başlanılıb. Antiböhran tədbirləri böhranın təsirlərini azaltmaqla yanaşı, eyni zamanda, iqtisadiyyatda canlanmanın formalaşmasına xidmət edir. Bir sözlə, Azərbaycanda qlobal böhrandan yan keçmək üçün təkcə hökumətin yox, cəmiyyətin də rolunun olması təqdirəlayiqdir.
Rəsmi məlumatlara görə, Azərbaycanın makroiqtisadi göstəricilərində son illər müşahidə edilən sürətli artımlar nisbətən aşağı düşüb. Belə ki, iqtisadi artım 2006-cı ildə 34,5 faiz, 2007-ci ildə 25 faiz artmışdısa, 2008-ci ildə bu göstərici 10,8 faiz olub.
Baş verən azalma bilavasitə qlobal maliyyə böhranının və eləcə də neftin dünya bazar qiymətinin azalması nəticəsindəki neqativ təsirlər ilə bağlıdır. Bununla belə, 2008-ci ildə 2003-cü illə müqayisədə ÜDM-in real həcmi 2,6 dəfə artıb və 38 mlrd. manat təşkil edib, o cümlədən, qeyri-neft sektorunda artım 1,8 dəfə, neft sahəsində artım isə 4,1 dəfə təşkil edib. Qeyri-neft sektorunda artım ötən il 15,7% olub ki, bu da həmin sektorda inkişafın nəzərə çarpdığını göstərir.
ÜDM-in faiz artımında azalmaların baş verməsinə baxmayaraq, ötən il əhalinin adambaşına düşən nominal ÜDM həcmi artaraq 4440 manat təşkil edib. Son 5 il ərzində ölkəmizdə ÜDM-in artımını, neft və qeyri-neft sektorundakı artımı nəzərə alsaq, onda ÜDM artımının neft sektorundakı artımdan asılı olduğunu görərik. Bundan başqa, neft və qaz sektorunun, xüsusən də, 2005-ci ildən sonra ÜDM-dəki payı artmaqdadır ki, 2008 ci ildə bu göstərici 60 faizə yaxınlaşıb.
2003-cü ildən 2008-ci ilədək dövlət büdcəsi 10 dəfəyə qədər artaraq büdcə gəlirləri 10 763 mln manat, büdcə xərcləri isə müvafiq olaraq 10 680 mln manat təşkil edib. Büdcənin gəlirləri əvvəlki illə müqayisədə 79.2%, proqnozlardan isə 2.7% çox olub.
Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin gəlirləri 12 mlrd 177 mln man, xərcləri 12 mlrd 355 mln man məbləğində nəzərdə tutulub. Beləliklə də, 2009-cu ildə dövlət büdcəsinin gəlirləri 2008-ci il üçün nəzərdə tutulan gəlirlərlə müqayisədə 16,1 faiz, xərcləri isə müvafiq olaraq 11,7 faiz çox proqnozlaşdırılıb.
Dövlət büdcəsi gəlirlərinin təxminən 2/3-i neft sektorunun payına düşür. 2009-cu ildə Dövlət Büdcəsində neft sektorundan birbaşa daxilolmalar 7595 mln man təşkil edəcək ki, bunun da 2680 mln man-ı neft sektoru üzrə birbaşa vergi ödənişlərinin, 4915 mln man-ı isə ARDNF-nin transfertlərinin (büdcə gəlirlərinin 40,4 faizi) payına düşəcək ki, bu da büdcənin 60 faizdən çoxunun neft sektoru hesabına formalaşması deməkdir.
Qlobal böhran nəticəsində maliyyə resurslarının qıtlığı problemini nəzərə alaraq ekspertlər dolayı yardım metodlarına üstünlük verməyi təklif edirlər. Çünki bu zaman, artıq, nağd maliyyə yardımlarına ciddi ehtiyac qalmır. Lakin qeyd olunur ki, bir sıra hallarda birbaşa yardımlara da ehtiyac var və bu da iqtisadi canlanmaya ünvanlanan tədbirlərin əsasını təşkil edir.
Azərbaycan iqtisadiyyatının strukturunu və xüsusiyyətlərini əsas götürən və eləcə də, xarici ölkələrin təcrübəsini nəzərə alan hökumət qurumları, ölkədə davamlı və perspektivli layihələrin və dövlət proqramlarının həyata keçirilməsini təmin edir ki, bu da, öz növbəsində, ölkə iqtisadiyyatının böhrana məruz qalmamasını şərtləndirir.

Digər xəbərlər