Latviya Prezidenti Valdis Zatlers Azərbaycana rəsmi səfəri çərçivəsində avqustun 11-də respublikamızın şimal-qərb bölgəsində olub. Latviya dövlətinin başçısının respublikamızın şimal-qərb bölgəsinə səfəri Zaqatala rayonundan başlayıblar.
Zaqatala hava limanında Prezident Valdis Zatlersi və xanımı Lilita Zatlereni böyük səmimiyyətlə qarşıladılar. Məlumat verildi ki, Zaqatala hava limanı 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Şəhərdən 5 kilometr məsafədə yerləşən hava limanının müasir üslubda inşa edilmiş dördmərtəbəli binası birinci dərəcəlidir və saatda 120 sərnişinə xidmət göstərir. Hava limanının uçuş-enmə zolaqlarının uzunluğu 2200 metrdir.
Daha sonra Latviya Prezidenti və onu müşayiət edən nümayəndə heyəti avtobusla Zaqatala şəhərinin görməli yerləri ilə tanış oldular. Bildirildi ki, Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının cənub yamacında, Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Şimaldan Rusiya Federasiyası, cənubdan Gürcüstan ilə həmsərhəddir. Əhalisi 118 min nəfərdir. Rayonda azərbaycanlılarla yanaşı, ruslar, avarlar, ləzgilər, tatarlar, saxurlar, ingiloylar, ümumilikdə 20-dən çox millətin nümayəndəsi əmin-amanlıq şəraitində yaşayır. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar nəticəsində Zaqatala rayonu da sürətlə inkişaf edir. Rayonda yeni istehsal və infrastruktur obyektləri inşa olunur. 2004-2008-ci illərdə rayonda 11.100 yeni iş yeri açılıb ki, onun da 7.100-ü daimidir. Sonra Latviya Prezidenti və xanımı Zaqatalanın ən iri və qədim Tala məscidi ilə tanış oldular. Bildirildi ki, inşasına 1903-cü ildə başlanan və 1908-ci ildə istifadəyə verilən bu ibadət ocağı Tala kənd sakini hacı Əhməd əfəndinin təşəbbüsü ilə tikilib. Hacı Əhməd əfəndi məscidin layihəsini İstanbuldan gətirtib. Məscidin dam örtüyünün materialını Bakı milyonçusu, xeyriyyəçi hacı Zeynalabdin Tağıyev verib. Sahəsi 2500 kvadratmetr olan məsciddə eyni vaxtda 1000-1500 dindar ibadət edə bilir. Tala məscidi tarixi mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur.
Qonaqlar Zaqatala Olimpiya İdman Kompleksi ilə də tanış oldular. Məlumat verildi ki, bu kompleksin tikintisinə 2003-cü ildə başlanmışdır. 2006-cı ildə idman kompleksinin açılışında Prezident İlham Əliyev iştirak edib. Ərazisi 4,5 hektar olan kompleksə əsas korpus, futbol stadionu, mehmanxana daxildir. Mehmanxana kompleksi 16 kottecdən ibarətdir. Əsas korpusda 1200 tutumu olan oyun zalı, üzgüçülük hovuzu, məşq zalı yerləşir. Hazırda idman kompleksinin xidmətindən 1000-dən çox gənc istifadə edir. Burada respublika miqyaslı yarışlar da keçirilir. Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere daha sonra Zaqatala müalicə-diaqnostika mərkəzinə gəldilər. Qonaqlar burada xəstələrlə görüşdü, həkimlərlə söhbət etdilər. Mərkəzin baş həkimi Nəriman Əfəndiyev qonaqlara məlumat verdi ki, müalicə ocağının tikintisinə 2006-cı ildə başlanmış və 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Mərkəzin ərazisi 1,8 hektar, binanın ümumi sahəsi isə 10 min kvadratmetrdir. Müəssisədə 200 nəfərə yaxın tibbi heyət çalışır. Diaqnostika mərkəzinin 6 şöbəsi vardır və bu şöbələr Almaniyanın Siemens firmasından alınmış ən müasir avadanlıqla təchiz olunub. Burada Zaqatala ilə yanaşı, qonşu rayonların əhalisinə də yüksək tibbi xidmət göstərilir. Cari ilin may ayında burada Heydər Əliyev Fondu və Neft Şirkətinin təşəbbüsü ilə Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı həkimlərindən ibarət briqada 5 xəstə üzərində ilk dəfə açıq ürək əməliyyatı keçirib.
Ali qonaq mərkəzin işindən razılığını bildirdi. Elə həmin gün nümayəndə heyəti Şəkiyə yola düşdü.
Qədim və müasir Şəki Latviya Prezidentini heyran edib
Avqustun 11-də Zaqatala şəhəri ilə tanışlıqdan sonra Latviya Prezidenti Valdis Zatlers və onu müşayiət edən şəxslər Şəki şəhərinə gəliblər. Şəki ilə tanışlıq Azərbaycan memarlığının şah əsərlərindən olan Xan sarayından başladı. Qonaqlara məlumat verildi ki, Şəki xan sarayı 18-ci əsrə aid olan dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Şərq memarlığının nadir incisi hesab olunan saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın dövründə, təqribən 1761-1762-ci illərdə tikilib. Saray 1300 metr uzunluğunda qala divarları ilə əhatə olunmuşdur. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır. Xan sarayının divar rəsmləri əsasən həndəsi və nəbati naxışlardan ibarətdir. Latviya dövlətinin başçısı və xanımı sarayın eyvanından Şəkinin qədim məhəllələrinin mənzərəsini seyr etdilər. Sonra qonaqlar Kiş kəndində yerləşən alban məbədini ziyarət etdilər. Latviya Prezidentinə və xanımına məlumat verildi ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Qeyd olundu ki, əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk gümbəzli, zal tipli məbəddir. 2001-ci ilin may ayında burada Azərbaycan-Norveç birgə "Kiş" layihəsi üzrə bərpa işlərinə başlanmış, 2003-cü ilin sentyabr ayında məbədin açılışı olub. Layihə Norveç hökuməti tərəfindən maliyyələşdirilmiş və məşhur alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsinin əbədiləşdirilməsi üçün məbədin qarşısında onun büstü ucaldılıb. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Qonaqlar buradan bölgənin ən iri sənaye müəssisəsi olan "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyətinə gəldilər və müəssisədə istehsal olunan müxtəlif ipək, xalça, kəlağayı və digər məhsullardan ibarət sərgi ilə tanış oldular. Müəssisənin baramaaçan istehsalatı və toxuculuq sexi ilə tanış olan qonaqlara məlumat verildi ki, "Şəki-İpək" ASC 1931-ci ildə təbii ipək sap istehsalı ilə fəaliyyətə başlayıb. Keçmiş SSRİ-nin ən qabaqcıl istehsalatlarından biri olan bu müəssisə ittifaq dağılandan sonra fəaliyyətini dayandırıb. 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Şəkiyə səfərindən sonra ulu öndərin köməyi sayəsində müəssisə fəaliyyətini yenidən bərpa edib. Müəssisədə istehsal sexləri əsaslı şəkildə yenidən qurulmuş, müasir texnologiyalar tətbiq edilmiş, məhsuldar dəzgah və avadanlıq işə salınmış, işçilərin sosial müdafiəsini gücləndirmək üçün əlavə tədbirlər görülüb. 2008-ci ildə müəssisənin baramaaçan istehsalatında Çin istehsalı olan 493,7 min avro dəyərində dörd baramaaçan, 4 baramasarıyan, barama buğaverən dəzgahlar, habelə vakuum aparatı və laboratoriya avadanlığı quraşdırılıb. Yeni dəzgahların quraşdırılması nəticəsində sexdə əmək məhsuldarlığı 6-7 dəfə, istehsal gücü isə 2,5 dəfə artıb. Bundan əlavə, işçilərin əl əməyi xeyli yüngülləşmiş, buraxılan məhsulun keyfiyyəti daha da yaxşılaşmış, dünya standartları səviyyəsinə çatdırılıb.
Şəkiyə səfərini başa çatdıran Latviya Prezidenti həmin gün Qəbələyə yola düşmüşdür.
Gözəlliklər diyarı Qəbələ ilə tanışlıq
Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere avqustun 12-də Qəbələ rayon tarix diyarşünaslıq muzeyi ilə tanış olublar.
Qonaqlara məlumat verilib ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox eksponat mühafizə olunur. On üç ekspozisiya zalı, Heydər Əliyev xatirə otaqları, zəngin kitabxanası, şəkil qalereyası, açıq səma altında qədim daş abidələrin sərgiləndiyi meydança və 2 filialı vardır. Ali qonaq Qafqaz Albaniyasının 900 il paytaxtı olmuş qədim Qəbələ şəhərinin və onun bu günə gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketinə maraqla baxdı, aparılmış arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri ilə tanış oldu. Eksponatlar içərisində qədim Latviya əskinasları Prezident Valdis Zatlersin diqqətini cəlb etdi və o, muzeyə ölkənin yeni milli pul vahidini hədiyyə etdi. Latviya Prezidenti muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Muzeydən xoş təəssüratla ayrılan Prezident Valdis Zatlers Qəbələ şəhərini gəzdi, ictimaiyyətin nümayəndələri ilə görüşərək səmimi söhbət etdi. Azərbaycana və bölgələrə səfərindən məmnun qaldığını deyən ali qonaq, ölkəmizin gözəlliklər diyarı olduğunu vurğuladı. Sonra Prezident Valdis Zatlers və xanımı Lilita Zatlere "Gilan Holdinq"in Qəbələ konserv zavoduna gəldilər. Qonaqlar zavodun ayrı-ayrı sexlərini, laboratoriyalarını gəzdilər, məhsulların emalı, qablaşdırılması və saxlanması prosesi ilə maraqla tanış oldular. Məlumat verildi ki, istehsal gücünə və texnoloji avadanlığına görə Cənubi Qafqazda analoqu olmayan bu müəssisə 12 hektar ərazidə yerləşir. Zavod fasiləsiz rejimdə fəaliyyət göstərir və burada 350 nəfər daimi işçi çalışır. Müəssisədə məhsulların qablaşdırılması üçün avtomatlaşdırılmış 8 axın xətti işləyir. Bütün istehsal prosesi kameralar vasitəsilə izlənilən bu müəssisədə 30 çeşiddə məhsul buraxılır. Zavodun illik istehsal gücü 250 min tondur. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 14 xarici ölkəyə də ixrac edilir. Xarici ölkələrə hazır məhsullarla yanaşı, 15 çeşiddə yarımfabrikat da göndərilir.
Müəssisənin laboratoriyası, anbarı və məhsulların sərgisi ilə tanış olan Latviya Prezidenti dequstasiya mərkəzində müxtəlif meyvə şirələrinin dadına baxdı. Ali qonaq zavodun fəaliyyətini, məhsulların keyfiyyətini yüksək qiymətləndirdi. Daha sonra Prezident Valdis Zatlers və onu müşayiət edən nümayəndə heyəti Qəbələ Müalicə-Diaqnostika Mərkəzinə gəldilər. Müalicə-Diaqnostika Mərkəzinin hemodializ, anesteziologiya və reanimasiya şöbələrinə, əməliyyat blokuna, laborotoriyalarına baş çəkən Latviya Prezidentinə məlumat verildi ki, Qəbələ ilə yanaşı ətraf rayonların əhalisinə də xidmət göstərən bu tibb ocağı kompyuter şüa diaqnostikası, rəqəmsal rentgen və ultrasəs müayinə aparatları, kompyuter endeskopiya, strestest, kolonoskopiya, spirometriya, elektrokardioqrafiya və digər müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Yüksək ixtisaslı həkimlərin çalışdığı bu səhiyyə ocağında xəstələrin müayinə və müalicəsi üçün son illər tibb sahəsində əldə olunan yeniliklər uğurla tətbiq edilir. Prezident Valdis Zatlers diaqnostika mərkəzində müalicə olunan xəstələrlə görüşərək səmimi söhbət etdi. Səhiyyə ocağı ilə tanışlıqdan məmnun qaldığını bildirən Latviya Prezidenti Valdis Zatlers kollektivlə xatirə şəkli çəkdirdi.
Həmin gün Latviya Prezidenti Bakı şəhərinə qayıtdı.
X X X
Latviya Prezidenti Valdis Zatlersi respublikamızın şimal-qərb bölgəsinə səfərdə Azərbaycan Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, xarici işlər nazirinin müavini Vafiq Sadıqov və digər rəsmi şəxslər müşayiət etmişlər.
Latviya Prezidenti Valdis Zatlers Azərbaycandakı Latviya diasporunun nümayəndələri ilə görüşüb
Azərbaycana səfəri çərçivəsində Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere avqustun 12-də Latviyanın ölkəmizdəki səfirliyinə gəlib. Qonaqlar burada Azərbaycandakı Latviya diasporunun nümayəndələri ilə görüşüblər. Latviyanın dövlət başçısı səfirliyin fəaliyyəti ilə maraqlanaraq, burada yaradılan şəraitlə tanış olub.
Prezident Valdis Zatlers və xanımı Lilita Zatlere xatirə şəkli çəkdiriblər.
Çay süfrəsi arxasında davam edən görüşdə Latviyanın dövlət başçısı Azərbaycanda Prezident İlham Əliyevlə apardığı səmərəli danışıqlardan məmnunluğunu bildirmiş, imzalanan sənədlərin gələcək əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb.
Valdis Zatlers iş adamları ilə görüşüb
Azərbaycanda rəsmi səfərini başa vuran Latviya Prezidenti Valdis Zatlers avqustun 12-də "Qafqaz Point" mehmanxanasında ölkəmizdə fəaliyyət göstərən, eləcə də onunla birlikdə respublikamıza gəlmiş latviyalı iş adamları ilə görüşüb. Tədbirdə Latviya Prezidenti Valdis Zatlers Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərindən, ümumiyyətlə səfərinin nəticələrindən böyük məmnunluğunu bildirmiş, hökumətlərimiz arasında sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiyanın mübadiləsi haqqında Anlaşma Memorandumunun, gənclər və idman, eləcə də turizm sahələrində əməkdaşlıq haqqında sazişlərin imzalandığını diqqətə çatdırıb.
Azərbaycan xalçaları ali qonaqları valeh edib
Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere avqustun 12-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətdə olub.
Ali qonağa məlumat verilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim el sənətlərindən biridir, xalı və xalçalarımız dünyanın bir çox muzeylərinin nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlayan bu müəssisənin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. Naxışların incəliyi və ilmələrinin yüksək sıxlığı, tərtibatın orijinallığı ilə seçilən xalçaların istehsal prosesi beynəlxalq standartlara tam cavab verir. İplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür.
Müəssisədə toxunmuş "Şeyx Səfi" xalısı qonaqların diqqətini daha çox cəlb etmişdir. Vurğulanmışdır ki, əsli Londonda saxlanılan və Təbriz xalçaçılıq məktəbinə aid olan 37 kvadratmetrlik "Şeyx Səfi" xalısına 9,25 milyon ilmə vurulub. Qonaqlar toxuma prosesini maraqla izləmiş, qalereyanın açıq səma altında nümayiş etdirilən zəngin eksponatlarına baxıblar. Latviya Prezidenti Valdis Zatlers "Azərilmə"nin xatirə kitabına ürək sözlərini yazıb. Sonra çay süfrəsi arxasında Azərbaycan xalçaçılıq sənətinə dair söhbət davam etdirilib
Latviya Prezidenti Təzəpir məscid komleksində olub
Avqstun 12-də Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Təzəpir məscid kompleksində olublar. Prezident Valdis Zatlers Təzəpir məscidi ilə tanış oldu. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ali qonağa məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanmışdı. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədi ilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi öz əksini tapmışdı. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub. Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Yuxarı hissədə "La İlahə-İlləllah" kəlməsi 6 dəfə təkrar olunmuş günbəzin tən ortasında Qurani-Kərimdən "Nas", dairələrdə "Ayətül-kürsü", kiçik gümbəzlərdə isə "Həmd" surələri həkk edilib. Bildirilib ki, kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla, 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılıb.
Təzəpir məscid kompleksi ilə tanışlıqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin və Latviya Prezidenti Valdis Zatlers görüşü olub.
Görüşdə ikitərəfli münasibətlər, dini məsələlər barədə fikir mübadiləsi aparılıb. Ali qonağa xatirə hədiyyələri təqdim olunub.
İçərişəhərlə tanışlıq qonaqlarda xoş təəssürat doğurub
Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere avqustun 12-də İçərişəhərlə tanış olublar. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış idarənin fəaliyyətindən, ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısından danışıb. Karvansarada çay süfrəsinə dəvət edilən qonaqlar burada Azərbaycan muğamlarını dinləmiş və onlara xatirə hədiyyələri təqdim edilib. Sonra ali qonaq İçərişəhərin baş planı, Bazar meydanı və Qız qalası ilə tanış olub. Ona Qız qalasının tarixi barədə ətraflı məlumat verilib.
İçərişəhərlə tanışlıq Latviya Prezidentində və xanımında xoş təəssürat doğurub.
Latviya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Avqustun 12-də Latviya Respublikasının Prezidenti Valdis Zatlersin Azərbaycana səfəri başa çatıb. Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli uşaqlar ali qonağa və xanımına gül dəstəsi verdilər. Latviya dövlətinin başçısını və xanımını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.